Zelenski Trampla yenidən görüşəcək

post-img

Ukrayna Prezidenti Vladimir Zelenski yanvar ayının sonunda ABŞ Prezidenti Donald Trampla sülh planının müzakirəsi məqsədilə yeni görüşün keçiriləcəyini açıqlayıb. Bu barədə RBC-Ukrayna Zelenskinin tərəfdaş ölkələrin milli təhlükəsizlik müşavirləri ilə danışıqlardan sonra keçirdiyi brifinqdəki bəyanatına istinadən məlumat yayıb.

Prezidentin sözlərinə görə, tərəfdaş ölkələrin baş qərargah nümayəndələri, baş qərargah rəisləri və hərbi sektorun digər təmsilçiləri yanvarın 4-də Avropaya yola düşəcəklər.

Zelenski bildirib ki, bundan sonra təhlükəsizlik sənədlərinin yekunlaşdırılması məqsədilə liderlər səviyyəsində görüş keçiriləcək. “Liderlər bir sıra mühüm məsələləri müzakirə edəcəklər, lakin əsas diqqət təhlükəsizlik zəmanətləri və Ukraynanın yenidənqurulması məsələlərinə yönələcək”, – deyə o vurğulayıb.

Ukrayna Prezidenti qeyd edib ki, bu proses çərçivəsində Prezident Donald Trampın komandası ilə də danışıqlar aparılacaq. Sözügedən görüşlərin Parisdə keçirilməsi planlaşdırılır.

“Bu danışıqlar 24 saat, bəlkə də iki gün davam edə bilər. Prosesin gedişinə baxacağıq. Bundan sonra ABŞ-da geniş rəhbərlik səviyyəsində görüşə hazırlaşacağımızı düşünürəm. Bütün bu mərhələlərin yanvar ayının sonunadək başa çatmasını istərdik”, – deyə Zelenski əlavə edib.

Xatırladaq ki, dekabrın 28-də Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Floridada görüşüblər. Danışıqlardan sonra tərəflər nəticələrlə bağlı açıqlamalar veriblər. Donald Tramp Donbas məsələsində müəyyən irəliləyişlərin olduğunu bildirib və yekun qərarın hələ qəbul edilmədiyini, lakin tərəflərin razılaşmaya yaxınlaşdığını qeyd edib.

ABŞ Prezidenti, həmçinin Vaşinqtonun yüksək vəzifəli rəsmilərinin iştirakı ilə Rusiya tərəfi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək sülh üzrə xüsusi işçi qrupunun yaradıldığını elan edib.

Zelenski isə sülh planının 90 faizinin razılaşdırıldığını, ABŞ tərəfindən təqdim olunacaq təhlükəsizlik zəmanətlərinin isə tam şəkildə təmin edildiyini bildirib.

Səbuhi MƏMMƏDOV

XQ

Dünya