Avropa İttifaqı (Aİ) özünün yüngül çoxməqsədli döyüş təyyarəsini inkişaf etdirməyi planlaşdırır. Layihənin ilkin mərhələsi üçün artıq 15 milyon avro maliyyə vəsaiti ayrılıb.
Defense Express hərbi-analitik portalının məlumatına görə, ayrılan vəsait təyyarənin konsepsiyasının hazırlanması və bu istiqamətdə keçiriləcək müsabiqənin maliyyələşdirilməsinə yönəldiləcək. Layihə Avropa Komissiyasının qərarı ilə Avropa Müdafiə Fondu (EDF) proqramı çərçivəsində dəstəklənir.
EDF-nin 2026-cı il İş Proqramında yer alan ayrıca bənddə vurğulanır ki, hazırlanacaq təyyarə mövcud modellərin sadə təkrarı olmamalı, eyni zamanda, əlverişli və çoxfunksiyalı olmalıdır.
Planlaşdırılan yüngül döyüş təyyarəsi yaxın atəş dəstəyi missiyalarını yerinə yetirməli, pilotsuz uçuş aparatlarını ələ keçirməli, kəşfiyyat aparmalı, zərbələrin koordinasiyasını həyata keçirməli və hədəfləmə məlumatlarının ötürülməsini təmin etməlidir.
Eyni zamanda, gələcək çoxməqsədli yüngül təyyarənin (FMLA) aşağı istismar xərcləri, çevik tətbiq imkanları və uyğunlaşma qabiliyyəti ilə seçiləcəyi, eləcə də axtarış-xilasetmə kimi mülki təhlükəsizlik missiyalarına asanlıqla uyğunlaşdırılacağı bildirilir.
Bundan başqa, təyyarənin radar və digər aşkarlama sistemlərinə görünməsini minimuma endirən müasir texnologiya və materiallardan istifadə olunması, eləcə də elektron müharibə vasitələrinə qarşı dayanıqlılıq əsas şərtlər sırasında yer alır.
Layihə çərçivəsində. həmçinin yerli radar sistemləri, adaptiv kamuflyaj texnologiyaları, sərt iqlim şəraitində fəaliyyət və ekoloji uyğunluq tələbləri də irəli sürülüb.
FMLA-nın əsas döyüş rolu aşağı intensivlikli münaqişələr və “açıq münaqişə həddinin altında” aparılan əməliyyatlarla əlaqələndirilir. Təyyarənin müasir döyüş təyyarələrini almaq imkanına malik olmayan ölkələr üçün də səmərəli alternativ olacağı vurğulanır.
Defense Express analitikləri qeyd edirlər ki, təqdim edilən xüsusiyyətlər bir çox cəhətdən Braziliyanın Embraer Super Tucano təyyarəsinin imkanlarını xatırladır.
Analitiklərin fikrincə, Aİ-nin öz müdafiə sənayesi üçün belə bir təyyarə yaratmaq niyyəti müsbət və strateji əhəmiyyətli addım kimi qiymətləndirilir. Lakin layihənin icra müddəti optimizmi qismən azaldır. Belə ki, yeni təyyarənin istismara verilməsi və ilk çatdırılmalarının 2035–2040-cı illər arasında baş tutacağı proqnozlaşdırılır.
Avropa İttifaqının yüngül çoxməqsədli döyüş təyyarə hazırlamaq qərarı ilk baxışdan texniki layihə kimi görünə bilər. Lakin bu təşəbbüsün arxasında daha dərin geosiyasi narahatlıqlar, müdafiə asılılığı problemi və dəyişən müharibə konsepsiyaları dayanır.
Aİ-nin Avropa Müdafiə Fondu çərçivəsində bu layihənin ilkin mərhələsi üçün cəmi 15 milyon avro ayırması, əslində, böyük ambisiyaların hələ ki, kiçik addımlarla müşayiət olunduğunu göstərir. Sual yaranır: Avropa niyə indi və niyə məhz belə bir təyyarəyə ehtiyac duyur?
Hərbi analitiklərin fikrincə, Ukrayna müharibəsi göstərdi ki, bahalı beşinci nəsil qırıcılar bütün ssenarilər üçün optimal deyil. Aşağı intensivlikli münaqişələr, sərhəd insidentləri, dron hücumları və qeyri-dövlət aktorlarına qarşı əməliyyatlar daha çevik, ucuz və operativ hava platformaları tələb edir.
Aİ-nin planlaşdırdığı FMLA məhz bu boşluğu doldurmalıdır: yaxın atəş dəstəyi, kəşfiyyat, pilotsuz uçuş aparatlarının ələ keçirilməsi və hədəfləmə məlumatlarının ötürülməsi. Bu, bahalı “hava üstünlüyü” doktrinasından daha pragmatik təhlükəsizlik yanaşmasına keçidin göstəricisidir.
Mütəxəssislər əmindirlər ki, bu layihənin arxa planında bir başqa mühüm faktor da dayanır - Aİ ABŞ silahlarından asılılığı azaltmaq istəyir. Son illərdə Avropa ölkələri müdafiə sahəsində əsasən Amerika istehsalı olan platformalara üz tutur. Bu isə həm siyasi, həm də sənaye baxımından Brüsseli narahat edir.
Yüngül döyüş təyyarəsi layihəsi, mahiyyət etibarilə, Avropanın “özünü təmin etmə” cəhdidir. Hədəf təkcə yeni bir təyyarə istehsal etmək deyil, müdafiə sənayesində texnoloji suverenliyi qorumaqdır.
Analitiklərin tez-tez vurğuladığı məqam təsadüfi deyil: təsvir olunan imkanlar Braziliyanın Embraer Super Tucano təyyarəsinin artıq uzun illərdir icra etdiyi funksiyaları xatırladır. Bu isə Avropanın bu seqmentdə gec oyuna daxil olduğunu açıq şəkildə göstərir.
Üstəlik, turboprop mühərrikli təyyarədən həm gizlilik, həm də radar imkanları gözləmək texniki baxımdan ciddi suallar doğurur. Avropa bu layihə ilə bazarda mövcud olan məhsulu sadəcə təkrarlayacaq, yoxsa həqiqətən fərqli və üstün platforma yarada biləcək?
Ən ciddi problem isə vaxt amilidir. Layihənin real istismar mərhələsinin 2035–2040-cı illər üçün nəzərdə tutulması Avropanın təhlükəsizlik çağırışları fonunda olduqca gec tarixdir. Müasir münaqişələr isə indi və burada baş verir.
Bu, Avropa İttifaqının klassik problemlərindən birini bir daha üzə çıxarır: siyasi konsensus var, lakin operativlik zəifdir. Müdafiə sahəsində gecikən qərarlar isə strateji boşluqlar yaradır.
Siyasi müşahidəçilərin sözlərinə görə, Aİ-nin yüngül döyüş təyyarəsi təşəbbüsü texniki baxımdan kiçik, siyasi baxımdan isə simvolik addımdır. Bu layihə Avropanın dəyişən müharibə reallığını nəhayət qəbul etdiyini göstərir. Lakin real dönüş üçün təkcə konsepsiyalar deyil, sürət, maliyyə və siyasi iradə də tələb olunur. Əks halda, Avropa bir daha sübut edəcək ki, təhlükəsizlik məsələlərində düzgün sualları vaxtında verir, amma cavabları həmişə gec tapır.
Səbuhi MƏMMƏDOV
XQ

