Pakistan ilk dəfə olaraq öz istehsalı olan “Taimoor” qanadlı raketini uğurla sınaqdan keçirib. Yeni raketin texniki və döyüş imkanlarının Hindistan Hərbi Hava Qüvvələrinin arsenalında yer alan Avropa istehsalı Storm Shadow/SCALP qanadlı raketinə bənzəməsi gözlənilir.
Defense Express hərbi-analitik portalının məlumatına görə, “Taimoor” taktiki aviasiya üçün nəzərdə tutulub. Yayılmış videoda raketin Mirage III qırıcı təyyarəsindən buraxıldığı, daşıyıcıdan problemsiz ayrıldığı, mühərrikini işə salaraq uçuşa başladığı və naməlum məsafədə hədəfi dəqiqliklə vurduğu əks olunur.
Qeyd edilir ki, “Taimoor” (bəzi mənbələrdə Taimur kimi də göstərilir) raketi Pakistanda Global Industrial & Defence Solutions (GIDS) şirkəti tərəfindən hazırlanır. Raketin maketi ilk dəfə 2022-ci ildə ictimaiyyətə təqdim olunmuşdu.
Məlumatlara əsasən, təxminən 1200 kiloqram uçuş çəkisinə malik “Taimoor” raketinin uçuş məsafəsi 600 kilometrədək qiymətləndirilir. Analitiklərin vurğuladığına görə, bu göstərici raketin adi – qeyri-nüvə versiyasına aiddir.
Raket çoxkanallı naviqasiya sistemi ilə təchiz olunub. Bu sistemə inertial naviqasiya, peyk idarəetməsi, DSMAC və TERCOM texnologiyaları daxildir. Bundan əlavə, uçuşun son mərhələsində raket termal görüntüləmə başlığından istifadə edir ki, bu da hədəfin daha dəqiq məhv edilməsinə imkan yaradır.
Analitiklər bildirirlər ki, “Taimoor” Pakistanın ilk yerli qanadlı raketi deyil. Ölkə 2012-ci ildən etibarən Ra’ad (Hatf-8) raketini istismara verib. Onun uçuş məsafəsi müxtəlif mənbələrdə 350–550 kilometr arasında göstərilir. 2020-ci ildən isə Ra’ad II versiyası (550–600 km) xidmətdədir.
Defense Express qeyd edir ki, “Taimoor” konstruktiv baxımdan Ra’ad xəttinin məntiqi davamı təsiri bağışlayır. Xüsusilə quyruq hissəsində aparılan dəyişikliklər və X formalı dizaynın tətbiqi raketin radar görünürlüğünü azaltmalı və gizlilik səviyyəsini yüksəltməlidir. Bununla belə, əvvəlki raketlərin termal görüntüləmə axtarıcısına malik olmadığı bildirilir.
Pakistan hələlik “Taimoor” raketinin tam istismara verilmə tarixini açıqlamayıb. Bununla belə, analitiklər bu silahın İslamabad üçün strateji əhəmiyyət daşıdığını vurğulayırlar. Çünki onun imkanları Hindistanın əldə etdiyi Storm Shadow/SCALP raketlərinə cavab kimi qiymətləndirilir.
Eyni zamanda, mütəxəssislər bildirirlər ki, yeni raketin yaradılması ilə yanaşı, onun müasir döyüş təyyarələrinə inteqrasiyası da ciddi texniki və siyasi çətinliklər yarada bilər.
Belə ki, “Taimoor” raketinin Çin–Pakistan birgə istehsalı olan JF-17 qırıcılarına (150-dən çoxu xidmətdədir) inteqrasiyası üçün Pekinin texniki dəstəyinə ehtiyac yaranacağı ehtimal olunur. Raketin F-16 qırıcılarına (müxtəlif modifikasiyalarda 75-ə qədər) inteqrasiyası isə ABŞ-ın icazəsini tələb edir ki, bu da son dərəcə mürəkkəb proses sayılır.
Bu səbəbdən hazırda sınaqlar əsasən Pakistanın arsenalında olan Mirage III və Mirage 5 qırıcıları ilə aparılır. Bu təyyarələrdən ümumilikdə 120–160 ədədin müxtəlif döyüş və təlim vəziyyətlərində istifadə edildiyi bildirilir.
Səbuhi MƏMMƏDOV
XQ

