Asiya ölkələrində aeroportlarda Nipah virusu ilə bağlı nəzarət yenidən sərtləşdirilir və bu tədbirlər bir çoxlarına COVID-19 dövrünü xatırladır. Səbəb Hindistanın Qərbi Benqal ştatında bu təhlükəli virusla yoluxmanın bir neçə halının təsdiqlənməsidir. Mütəxəssislər hesab edirlər ki, erkən nəzarət mümkün yayılmanın qarşısını almaq üçün əsas şərtdir.
Tailandda böyük hava limanlarında sərnişinlər temperatur ölçümü və simptom yoxlamasından keçirilir. Qızdırma və ya Nipah virusuna uyğun əlamətlər aşkar edilərsə, həmin şəxslər müvəqqəti karantinə göndərilir. Bu yanaşma pandemiya dövründə sınaqdan çıxmış metodlara əsaslanır. Rəsmilər bildirir ki, ölkədə hələ yoluxma qeydə alınmayıb, lakin risk nəzərə alınaraq müşahidə yüksək səviyyədə saxlanılır.
Nepalda da oxşar tədbirlər görülür. Katmandudakı beynəlxalq hava limanında və Hindistanla sərhəd keçidlərində tibbi məntəqələr qurulub. Burada səyahətçilər yoxlanılır, şübhəli hallarda dərhal tibbi yardım göstərilir. Məqsəd virusun ölkə daxilinə keçməsinin qarşısını almaqdır.
Tayvanda isə məsələ daha ciddi səviyyədə qiymətləndirilir. Səhiyyə qurumları Nipah virusunu ən yüksək risk qrupuna daxil etməyi planlaşdırır. Bu status adətən yeni, sürətlə yayıla bilən və ağır nəticələrə səbəb olan infeksiyalara verilir.
Nipah virusu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də xüsusi diqqət altında saxlanılır. Bu virusun əsas təhlükəsi ondan ibarətdir ki, həm ağır xəstəlik törədə bilir, həm də ölüm faizi çox yüksəkdir. İlkin mərhələdə simptomlar adi qripi xatırladır: qızdırma, baş və əzələ ağrıları, halsızlıq. Lakin bəzi hallarda infeksiya sürətlə ağırlaşaraq ağciyər problemlərinə, tənəffüs çatışmazlığına və hətta beyin iltihabına səbəb ola bilər. Maraqlıdır ki, yoluxanların bir hissəsində ümumiyyətlə heç bir simptom müşahidə olunmur.
Keçmişdə Nipah virusu ilə bağlı baş verən epidemiyalar zamanı ölüm göstəriciləri çox yüksək olub – bəzi bölgələrdə yoluxanların yarıdan çoxu həyatını itirib. Virus indiyədək əsasən Cənubi və Cənub-Şərqi Asiya ölkələrində qeydə alınıb.
Alimlər vurğulayırlar ki, Nipah virusu hələlik geniş yayılmasa da, onun potensialı kifayət qədər təhlükəlidir. Məhz buna görə aeroportlarda erkən nəzarət, sürətli reaksiya və ictimai məlumatlandırma gələcəkdə daha böyük epidemiyaların qarşısını ala biləcək əsas amillər hesab olunur.
S.ELAY
XQ

