COP29 Sədrliyi olaraq qarşımızda duran əsas məsələ inklüziv bir COP-un keçirilməsi idi və biz buna nail ola bildik. Ən böyük COP-a Azərbaycan ev sahibliyi etdi. Ən böyük uğurlarımızdan biri isə özəl sektorla sıx əməkdaşlıq idi. Yaşıl iqtisadiyyata keçiddən danışırıqsa, burada özəl sektorun rolu danılmazdır. COP29-da aparılan işlər nəticəsində COP30-un iqlim fəaliyyəti üzrə 5 illik planına KOB-lar ayrıca bir mövzu kimi daxil edilib.
Bu barədə AZƏRTAC-a açıqlamasında Braziliyanın Belem şəhərində keçirilən COP30-da ölkəmizi təmsil edən COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai deyib.
Azərbaycanda ötən il uğurla keçirilən COP29-un kiçik və orta sahibkarların (KOB) iqlim dayanıqlılığı sahəsində qlobal təşəbbüsünə başladığını xüsusi vurğulayan Nigar Arpadarai bildirib ki, bu təşəbbüs COP30-da geniş rəğbətlə qarşılanıb.
N.Arpadarai vurğulayıb ki, COP29-da “İqlimə Dayanıqlı KOB-lar” təşəbbüsünə start verilib. Bu təşəbbüsün məqsədi kiçik və orta sahibkarların iqlim siyasətlərinə adaptasiyasını dəstəkləmək, onlara maliyyə çıxışını asanlaşdırmaq və yeni qaydalar çərçivəsində fəaliyyətlərini optimallaşdırmaqdır:
“KOB-lar yeni qaydalardan və iqlim dəyişikliyinin fəsadlarından ən çox əziyyət çəkən qruplardır. Onların nə maliyyə mənbələrinə çıxışı var, nə də proseslərin necə işlədiyini kifayət qədər bilirlər. Bu səbəbdən biz tərəfdaşlarımızla birgə tədbirlər həyata keçirdik”.
Nigar Arpadarai bildirib ki, artıq 49 tərəfdaş bu təşəbbüsə qoşulub, o cümlədən beynəlxalq təşkilatlar, QHT-lər və şirkətlər. Təşəbbüs çərçivəsində 100-dən çox ölkədə 90 milyon KOB-a çıxış əldə olunub: “Bizim əsas məqsədlərimizdən biri böyük şirkətlərin təchizat zəncirlərində kiçik şirkətlərə dəstək göstərməsidir. Eyni zamanda, KOB-lar üçün maliyyə mexanizmlərini izah etmək və onlara təlim resursları təqdim etməkdir”.
Nigar Arpadarai bildirib ki, bu təşəbbüs nəticəsində 250-dən çox şirkət öhdəlik götürüb və 55 mindən çox KOB-a resurslar təqdim olunub. Bu proses artıq qlobal bir kampaniyaya çevrilib və COP30-da ilk dəfə KOB-lara həsr edilmiş tematik gün keçirilərək təşəbbüs rəsmən dəstəklənib.
“Bizi sevindirən məqam da odur ki, bu kampaniya artıq bir təşəbbüs kimi qalmadı, qlobal bir təşəbbüsə çevrildi. Artıq COP30-da ilk dəfə idi ki, kiçik və orta sahibkarlarla bağlı tematik gün elan olundu, bu bir ilk idi. Həmçinin COP30 hazırda iqlim fəaliyyəti ilə bağlı 5 illik plan hazırlayır və bu 5 illik planda sahibkarlıq subyektləri, yəni KOB-lar ayrıca bir mövzu kimi daxil edilib. Təbii ki, bu, COP29-un qoyduğu bir mirasdır. COP29-un başladığı bir təşəbbüsdür və COP30-da biz gördük ki, hamı tərəfindən - həm dövlətlər, həm qeyri-dövlət strukturları tərəfindən çox dəstəkləndi. Ona görə COP30-da bizim bu tədbirimiz yüksək səviyyədə dəstək tapdı və həmin o tərəfdaşlar artıq bu işi davam etdirəcəklər. Bu, COP29-un qlobal iqlim siyasətinə verdiyi ən böyük töhfələrdən biridir,” – deyə Nigar Arpadarai əlavə edib.

