“Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru, professor Qafar Cəbiyevin anadan olmasının 75 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilib.
Tədbir AMEA-nın Rəyasət Heyəti, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Ağsu Rayon İcra Hakimiyyəti və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə konfrans iştirakçıları rayonun mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Konfransın açılış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Tarix-Mədəniyyət Qoruğunda ilk dəfədir ki, alimin yubileyi keçirilir. Tədbirin ölkə Prezidenti tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına elmin töhfəsi olduğunu vurğulayan AMEA rəhbəri son illərdə Akademiyada aparılan yeniləşmə prosesləri və islahatlardan, o cümlədən arxeologiya sahəsi üzrə əldə olunmuş nailiyyətlərdən danışıb.
Akademik İsa Həbibbəyli bildirib ki, 75 illik yubileyi qeyd edilən professor Qafar Cəbiyev ömrünün böyük bir hissəsini Azərbaycan tarixinin, xüsusilə də orta əsrlər arxeologiyasının araşdırılmasına həsr edib. Qeyd edib ki, Qafar Cəbiyevin araşdırmaları nəticəsində orta əsr yaşayış məskənləri haqqında bir çox yeni elmi faktlar aşkarlanıb, arxeologiya elmimiz zənginləşdirilib.
AMEA rəhbəri vurğulayıb ki, alimin ən böyük xidmətlərindən biri Girdiman vilayətinin tarixi ilə bağlı apardığı tədqiqatlardır. Bu mövzu üzərində illərlə araşdırmalar aparan Qafar Cəbiyev qədim Girdiman dövlətinin siyasi, iqtisadi və mədəni həyatını geniş şəkildə işıqlandırıb, monoqrafiyalar və elmi məqalələrlə mövzunu tarixşünaslığa qazandırıb. Bu tədqiqatlar sayəsində Azərbaycanın erkən orta əsrlər tarixi haqqında daha dolğun təsəvvür formalaşıb.
Ağsu rayonu ərazisində, eləcə də Qəbələ, Şamaxı, İsmayıllı rayonlarında apardığı mühüm tədqiqatları xüsusi qeyd edən akademik İsa Həbibbəyli söyləyib ki, Qafar Cəbiyev həm də Basqal arxeoloji ekspedisiyasının rəhbəri kimi ölkəmizin maddi-mədəni irsinin qorunmasına mühüm töhfələr verib. Basqalda aparılan qazıntılar nəticəsində əldə edilən tapıntılar Azərbaycan arxeologiyasına yeni elmi materiallar qazandırıb, həmçinin milli irsimizin dünya ictimaiyyətinə təqdimatına imkan yaradıb.
AMEA prezidenti əlavə edib ki, Qafar Cəbiyevin əsərləri və elmi fəaliyyəti təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də tanınır. Onun məqalələri müxtəlif ölkələrin elmi nəşrlərində dərc olunub, konfranslarda təqdim edilib. Alim dəfələrlə beynəlxalq tədbirlərdə çıxış edərək Azərbaycanın qədim tarixini və arxeoloji tapıntılarını dünya elmi müstəvisində təqdim edib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Qafar Cəbiyev elmi fəaliyyətində olduğu kimi, pedaqoji işində də seçilib. Onun yetişdirdiyi tələbələr bu gün Azərbaycanın müxtəlif bölgələrində tarixçi və arxeoloq kimi fəaliyyət göstərirlər. Bu, yubilyarın elmi məktəb formalaşdırmaq istiqamətindəki xidmətlərinin göstəricisidir.
Sonda AMEA rəhbəri Qafar Cəbiyevin Azərbaycan elminə verdiyi xidmətlərin gələcək nəsillər üçün etibarlı örnək olduğunu vurğulayıb və onu 75 illik yubileyi münasibətilə təbrik edib, ona AMEA-nın Fəxri fərmanını təqdim edib.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov respublikada xüsusi hörmət qazanmış tanınmış alim, jurnalist, ictimai xadim Qafar Cəbiyevi 75 illik yubileyi münasibətilə təbrik edib və çıxışında bildirib ki, Qafar Cəbiyev həm məhsuldar tarixçi alim, həm də istedadlı qələm sahibi kimi Azərbaycan elminə və mətbuatına böyük töhfələr vermişdir. Onun xüsusilə arxeologiya sahəsindəki elmi araşdırmaların Azərbaycan elm tarixinin parlaq səhifələrini təşkil edir. RİH başçısı qeyd edib ki, Qafar Cəbiyevin mətbuat, elm və ictimai sahədəki uğurlu, məhsuldar fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib. Dövlət başçısının Sərəncamı ilə o, “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi professor Səbinə Hacıyeva, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova, AMEA Arxeologiya və Antropolgiya İnstitutunun direktoru dosent Fərhad Quliyev, institutun şöbə müdiri professor Abbas Seyidov, professor Şikar Qasımov, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək professor Qafar Cəbiyevin elmi fəaliyyəti haqqında, bir pedaqoq kimi gənc nəslin təlim-tərbiyəsində önəmli rol oynamasını, xüsusilə, dəfələrlə Milli Televiziya və Radio Şurasının tərkibində olmasının, peşəkar və yaradıcı şəxs kimi respublikada fəaliyyət göstərən milli və özəl televiziya və radio efirlərində milli-mənəvi dəyərlərin, milli tariximizin, ədəbi dilimizin aşınlanmasına öz dəyərli tövsiyələrini və təkliflərini verməsi barədə danışıb, yubilyara öz təbriklərini çatdırıblar. Professor Qafar Cəbiyevə Fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.
Yubiley mərasimində çıxış edən professor Qafar Cəbiyev ona ünvanlanmış təbriklərə, xoş sözlərə görə minnətdarlığını bildirib və Azərbaycan tarixindən, keçdiyi həyat yolundan maraq kəsb edən qısa məlumat verib.
Sonda professor Qafar Cəbiyevin həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə AMEA-nın akademik-katibi akademik Arif Həşimov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.