MEK-in direktoru “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbirdə çıxış edib

post-img

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA tərəfindən “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” mövzusunda tədbir təşkil olunub.

XQ xəbər verir ki, tədbirdə AMEA tərəfindən Qarabağ, Qərbi Azərbaycan və Zəngəzurla bağlı tarixi, folklor və mədəni irsi əks etdirən, bölgənin həqiqi tarixini elmi əsaslarla üzə çıxaran mühüm tədqiqat əsərlərindən ibarət 56 kitab təqdim olunub.

Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq sərginin elm, ədəbiyyat və mədəniyyət nümayəndələrini bir araya gətirən mühüm platforma olduğunu qeyd edib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov çıxışında layihənin elmi və mədəni dəyərindən, Mərkəzi Elmi Kitabxananın bu istiqamətdə apardığı elmi-informasiya fəaliyyətindən danışıb. O, layihənin milli yaddaşın qorunması və elmi irsin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıb. 

Burada, həmçinin AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru dosent Hikmət Quliyev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri, “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov, Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev və digər alimlərin də çıxışları dinlənilib.









Elm