Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətini əhatə edən hesabat kitabı nəşr olunub. Nəşr AMEA Naxçıvan Bölməsinin il ərzində həyata keçirdiyi elmi, elmi-təşkilati və idarəetmə fəaliyyətini sistemli şəkildə təqdim edir. Bu haqda “Xalq” qəzetinə Bölmənin mətbuat xidmətindən məlumat verilib.
Nəşrdə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyasının verdiyi sərəncam, qərar, tapşırıq və tövsiyələrin AMEA Naxçıvan Bölməsində icrası, bu sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən tədbirlər geniş şəkildə öz əksini tapıb. Eyni zamanda, il ərzində əldə edilmiş mühüm elmi nəticələr, aparılmış fundamental və tətbiqi tədqiqatlar, prioritet elmi istiqamətlər üzrə nailiyyətlər barədə ətraflı məlumat verilib.
Hesabatda kadr potensialının inkişafı məsələləri xüsusi yer tutur. Burada elmi dərəcə və elmi ad alan əməkdaşlar, gənc tədqiqatçıların hazırlanması, doktorantura və dissertasiya işləri, elmi rəhbərlik fəaliyyəti, kadrların ixtisasartırma prosesləri statistik göstəricilərlə təqdim olunub.
Kitabda AMEA Naxçıvan Bölməsinin elmi nəşr fəaliyyəti, o cümlədən monoqrafiya, kitab, konfrans materialları, yerli və beynəlxalq elmi jurnallarda dərc olunmuş məqalələr, indekslənən nəşrlərdə çap edilən elmi işlər haqqında məlumatlar yer alıb. Bununla yanaşı, respublika və beynəlxalq səviyyəli konfranslar, simpoziumlar, seminarlar və digər elmi tədbirlərdə Bölmə əməkdaşlarının iştirakı da hesabatda öz əksini tapıb. Həmçinin nəşrdə beynəlxalq əlaqələrin inkişafı, ABŞ, Rusiya Federasiyası, Türkiyə Cumhuriyyəti, Özbəkistan, Qırğızıstan, Polşa Respublikalarının elm və təhsil müəssisələri və bir çox ölkələrin alimləri ilə səmərəli əməkdaşlıq məsələləri də ayrıca təqdim edilib. Elm və təhsilin inteqrasiyası sahəsində görülən işlər, ali təhsil müəssisələri ilə birgə həyata keçirilən layihələr, tələbələrin elmi-tədqiqat prosesinə cəlb olunması məsələləri hesabatda qeyd olunub.
Bundan əlavə, AMEA Naxçıvan Bölməsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, rəqəmsal resurslardan istifadə imkanlarının genişləndirilməsi barədə məlumatlar da nəşrdə əhatəli şəkildə yer alıb. İl ərzində əldə olunan mükafatlar, fəxri adlar və elmi nailiyyətlərə görə verilmiş təltiflər hesabatı tamamlayan mühüm məqamlardandır.
Ümumilikdə, 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətə dair bu hesabat kitabı AMEA Naxçıvan Bölməsinin elmi potensialını, fəaliyyət istiqamətlərini və inkişaf dinamikasını əks etdirən əhəmiyyətli nəşr kimi qiymətləndirilir və regionda elmin inkişafına dair obyektiv mənzərə yaradır.
Səbuhi HƏSƏNOV
XQ

