Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

post-img

Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

XQ xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkə çempionatının yeni ildə baş tutan ilk daxili yarış olduğunu bildirib: “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına 3 ildən az vaxt qalıb. Artıq bu ildən lisenziya yarışları başlayır. Bütün idmançılara uğurlar arzulayıram”.

Gənclər və idman naziri Fərid Qayıbov güləşin Azərbaycanın ənənəvi idman növü olduğunu söyləyib: “Bunu Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb. Bu çempionatdan böyük idmançılar çıxacaq”.

Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev bu yarışın da uğurlu olacağına inamını ifadə edib. O, güləş həvəskarlarının maraqlı mübarizəyə şahidlik etdiklərini vurğulayıb.

AGF-nin baş katibi Pərvin Piriyev bildirib ki, Azərbaycan çempionatı milli komandaların tərkibinin formalaşması üçün vacibdir: “Turniri beynəlxalq səviyyəli hakimlər idarə edirlər. Nizam-intizama maksimum dərəcədə diqqət yetirilir”.

Açılış mərasimi daha sonra bədii hissə ilə davam edib.

Yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionlarının adlarının bəlli olacağı yarışa yanvarın 11-də yekun vurulacaq. İlk “3-lük”də yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcəklər.



İdman