Sığorta sektorunun potensialı artır. 2024-cü ildə toplanmış sığorta haqları ötən ilin sonuna nisbətən 10,6 faiz – 130 milyon manat artaraq 1milyard 353 milyon manata çatıb. Sığorta haqlarının 54 faizi həyat, 46 faizi isə qeyri-həyat sığorta siniflərindən formalaşıb. Bunu Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri Vüqar Əliyev dünən maliyyə sabitliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Qeyd olunub ki, həyat sığortası üzrə yığım 16,7 faiz artaraq 734 milyon manat, qeyri-həyat sığortası üzrə isə 4,4 faiz artaraq 619 milyon manat təşkil edib. Həm həyat sığortası, həm də qeyri-həyat sığortası üzrə artımın əsas qüvvəsinin könüllü sığorta sinifləri olduğunu diqqətə çatdıran müşavirin sözlərinə görə, könüllü sığorta sinifləri 13,9 faiz – 123 milyom manat artaraq 1 milyard 11 milyon manat, icbari sığorta sinifləri isə 2,4 faiz – 8 milyon manat artaraq 342 milyon manat təşkil edib.
Müşavir bildirib: “Könüllü sığorta siniflərində artımı şərtləndirən əsas amil həyatın yaşam sığortası sinfi olub. Belə ki, könüllü sığorta üzrə artımın 76 faizi – 94 milyon manat məhz bu sinif hesabına formalaşıb. Sektorda yığılan haqlar artsa da, artım məhdud sayda şirkət hesabına baş verib”.