Köhnə avtomobilini gətir, yenisini apar!

post-img

İndiyədək 2 min 700 “qoca” maşın yollardan yığışdırılıb

Ölkəmizdə köhnə, istismara yararsız nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi prosesi getdikcə sürətlənir. Bugünlərdə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti indiyədək utilizasiyaya verilən nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, “Təmiz Şəhər”in operatorluğu ilə ötən ilin oktyabr ayında həyata keçirilməyə başlanmış utilizasiya proqramı çərçivəsində indiyə qədər 2 min 700-ə yaxın nəqliyyat vasitəsi utilizasiyaya verilib və bu rəqəm hər gün artmaqdadır. Proqram iştirakçılarına nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq, ümumilikdə, 2 min 614 təsdiqedici sənəd verilib. Onların da 1528-i güzəşt və birdəfəlik ödənişlərin edilməsi ilə bağlı olub.

Qurumun məlumatına görə, artıq 118 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib, 278 min manatdan çox birdəfəlik ödəniş isə ərizəçilərin bank hesabına ödənilib. Qeyd olunub ki, mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar istifadəyə verilmiş www.nvu.gov.az elektron portalına daxil edilərək ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsi qəbul məntəqəsinə təhvil verilməlidir.

Xatırladaq ki, ölkəmizdə nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır.

İqtisadiyyat