Paytaxtın avtobus parkı yenilənir

post-img

Hazırda Azərbaycanda yerli şirkətlərə məxsus 14 minə yaxın “TIR” adlanan nəqliyyat vasitəsi fəaliyyət göstərir. Bu da 2022-ci illə müqayisədə 10 min ədəd çoxdur. Yük avtomobillərinin sayının kəskin artması isə çoxsaylı iş yerləri deməkdir.

Bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən forumun “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin kommunikasiya departamentinin direktoru Vəli Məmmədov deyib.

Agentlik rəsmisinin sözlərinə görə, son illər paytaxtda sərnişindaşıma sahəsində çoxsaylı tədbirlər həyata keçirilib. Elə hazırda Bakıda sərnişin avtobuslarının sayının 2200-ü ötməsi də bunun bariz nümunəsidir. Bu, həm də gündə bir milyondan çox sərnişin daşınması deməkdir.

V.Məmmədov deyib ki, son zamanlar sərnişindaşıma xidməti göstərən şirkətlər tərəfindən müasir standartlara cavab verən avtobusların paytaxta gətirilərək istismara buraxılması kimi müsbət məqamlar ona hesablanıb ki, Bakı 2030-cu ilə qədər dünyanın 30 ən yaxşı şəhərinin sırasına qoşulsun. “Bunun üçün də nəqliyyat sistemi gözəlləşdirilməlidir. Yaxın gələcəkdə avtobusların sayını bir az da artırmağı düşünürük”, – deyə o əlavə edib.

 

İqtisadiyyat