Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda sərbəst təbii qaz ehtiyatlarının işlənilməsi layihəsi çərçivəsində ilk qazın bu ilin sonunadək hasil olunacağı gözlənilir. Bunu “BP-Azərbaycan”ın şirkətxarici kommunikasiyalar üzrə rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu məqsədlə qazılan quyunun layihədə nəzərdə tutulmuş dərinliyə çatdırıması başa çatdırılıb. “Hazırda quyunun tamamlanma işləri həyata keçirilir. Bu proses müəyyən vaxt tələb edir. Tamamlanma mərhələsi ilə yanaşı, həmin quyunun mövcud qaz infrastrukturuna inteqrasiyası da aparılmalıdır. Bunun üçün əlavə avadanlıqlar, dirsəklər və digər texniki qurğular quraşdırılır. Planlaşdırıldığı kimi, bu işlər yekunlaşdıqdan sonra ilin sonunadək ilk qazın hasilatı nəzərdə tutulur”, – deyə o əlavə edib.
Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” yatağındakı sərbəst təbii qaz ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20 sentyabr 2024-cü il tarixində sözügedən yataqlar üzrə mövcud hasilatın pay bölgüsü sazişinə yeni bir əlavə imzalanıb. Yataqlar blokunun çıxarıla bilən sərbəst təbii qaz ehtiyatlarının isə 4 trilyon kubfutadək olduğu düşünülür.
Həmin sənədə uyğun olaraq, Azərbaycan Dövlət Şirkəti AÇG-dəki tərəfdaşları ilə birlikdə hazırda sərbəst təbii qaz laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi iki prioritet layı hədəfləyən ilkin quyu qazılıb. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.