“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Bu mühüm dövlət sənədinin icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi olub. Belə ki, qurum informasiya sistemləri və ehtiyatlarını AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə tam şəkildə yerləşdirib. “AzInTelecom” MMC tərəfindən Əqli Mülkiyyət Agentliyinə Virtual server – IaaS və Rezervlənmə – BaaS “bulud” xidmətlərinin göstərilməsi təmin olunub. Bununla da, agentlik kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.
Xatırladaq ki, “Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının IT sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari IT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə, dayanıqlı IT infrastrukturuna, keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
Yeri gəlmişkən, “AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.