Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi və Birləşmiş Ərəb Əmirlikləri ilə hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi üzrə görülmüş işlər barədə məlumatların Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyasına təqdim edilməsi planlaşdırılır.
Bu barədə məlumat Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyası tərəfindən təsdiq edilən 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb. Sənədə əsasən, bu ilin 1 oktyabr tarixinə qədər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı işçi qrupun növbəti iclasının keçirilməsinə hazırlıq işlərinin görülməsi nəzərdə tutulub.
Xatırladaq ki, qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən Ümumdünya Ticarət Təşkilatı 1995-ci ildə yaradılıb. Hazırda ÜTT-nin 166 üzvü var. Bundan əlavə, 23 ölkə və bir neçə beynəlxalq təşkilat da qurumda müşahidəçi statusuna malikdir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır.
1997-ci ildə Azərbaycan Respublikasının ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciət təşkilatın katibliyinə təqdim edilib. Həmin il ÜTT katibliyində ölkəmizlə bağlı işçi qrup yaradılıb. Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı çoxtərəfli danışıqlar da məhz bu qrup tərəfindən aparılır.