Enerjinin yeni ünvanı- hidrogen

post-img

Çin Elmlər Akademiyasının alimləri Yeni Qvineyanın şimal-şərq sahillərində iri həcmli sualtı hidrogen yatağının mövcudluğunu aşkarlayıblar. Bu kəşf həm elmi, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır və gələcəkdə enerji təhlükəsizliyi mövzusunda yeni imkanlar aça bilər. 

Hidrogen uzun illərdir “gələcəyin yanacağı” kimi təqdim olunur. Onun əsas üstünlüyü atmosferə zərərli karbon qazı buraxmamasıdır. Karbon neytrallığına nail olmağı hədəfləyən dövlətlər üçün hidrogenin əhəmiyyəti getdikcə artır. Lakin indiyədək bu yanacaq əsasən süni yollarla, yüksək maya dəyəri tələb edən texnologiyalar vasitəsilə istehsal edilirdi. Təbii hidrogen yataqlarının aşkarlanması isə bu sahədə inqilabi dönüş yarada və alternativ enerji bazarında böyük dəyişikliklərə səbəb ola bilər.

Yeni yataq Musssau xəndəyinin qərbində yerləşən “Kunlun” hidrotermal kompleksi ərazisində aşkar edilib. Kompleksin tərkibinə 20 boru formalı oyuq daxildir və onların dördündə yüksək hidrogen konsentrasiyası qeydə alınıb. Batiskaf vasitəsilə aparılan tədqiqatlar bölgədə nadir geokimyəvi şəraitin mövcudluğunu da göstərib. Alimlərin fikrincə, bu cür formasiya nümunələri Yerin digər okean mantiyalarında da mövcud ola bilər. Əgər bu hipoteza təsdiqlənərsə, dünya okeanları hidrogenin nəhəng təbii anbarı kimi nəzərdən keçirilə bilər.

Hidrogen yataqlarının sənaye üsulu ilə hasilatının qlobal enerji bazarında ciddi dəyişikliklərə gətirib çıxaracağı ehtimal edilir. Hazırda enerji resurslarında liderlik edən neft və qaz istehsalçıları rəqabətdə yeni çağırışlarla üzləşəcəklər. Bu kəşf xüsusilə Asiya ölkələri üçün həm enerji idxalından asılılığı azaltmaq, həm də alternativ texnologiyaların inkişafını sürətləndirmək baxımından strateji əhəmiyyət kəsb edir. Avropa İttifaqı və ABŞ da hidrogen iqtisadiyyatına milyardlarla dollar sərmayə yatırır. Çin alimlərinin kəşfi bu prosesləri daha da gücləndirə və yeni texnoloji əməkdaşlıqlara zəmin yarada bilər.

Bununla yanaşı, mütəxəssislər bir sıra risklərə də diqqət çəkirlər. Sualtı hasilatın ekosistemlərə təsiri, dərin dəniz geoloji proseslərinin pozulması ehtimalı və texniki çətinliklər əsas narahatlıqlar sırasında göstərilir. Yüksək dərinliklərdə hasilat həm mürəkkəb texnologiyalar, həm də böyük maliyyə resursları tələb edir.

Yeni Qvineya sahillərində aşkar edilən hidrogen yatağı həm elmi, həm də siyasi baxımdan tarixi əhəmiyyət daşıyır. Bu kəşf bəşəriyyətin enerji gələcəyi üçün yeni imkanlar açmaqla yanaşı, böyük dövlətlər arasında rəqabəti də kəskinləşdirə bilər. Əgər texnoloji və ekoloji problemlər həllini tapsa, hidrogenin XXI əsrin əsas enerji mənbələrindən birinə çevriləcəyi qaçılmaz olacaq.

Bu kəşf Azərbaycan üçün də əhəmiyyətlidir. Ölkəmiz enerji ixracatçısı kimi yeni alternativ yanacaq bazarını inkişaf etdirir və strateji addımlar atır. Yaxın gələcəkdə hidrogen texnologiyalarının da gündəlik fəaliyyətə daxil ediləcəyi gün uzaqda deyil. Xəzər hövzəsinin geoloji xüsusiyyətləri də gələcəkdə belə ehtiyatların öyrənilməsi baxımından perspektivli istiqamət vəd edir. Xatırladaq ki, Niderlandın “Advision” şirkətinin Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyilə Azərbaycanın hidrogen potensialının qiymətləndirilməsi ilə bağlı hazırladığı hesabatda ölkəmizin bu sahədəki potensial imkanları ilə müsbət qiymətləndirilir. 

Səbuhi MƏMMƏDOV

XQ

İqtisadiyyat