Türk Ağsaqqalları ŞKTR-də

post-img

Mayın 2-də Şimali Kipr Türk Respublikasının Girne şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 17-ci iclası keçirilib.

Tədbirdə TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Azərbaycanı təmsil edən ağsaqqal Həsən Həsənov, eləcə də ŞKTR, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələrin nümayəndələri iştirak ediblər.

Açılışda çıxış edən Binəli Yıldırım Türk dünyasının həmrəyliyini gücləndirən bu cür görüşlərin ŞKTR-də keçirilməsini xüsusi önəmli hadisə kimi dəyərləndirib. O, Lefkoşanın müşahidəçi statusu qazanmasını “tarixi qərar” adlandırıb.

Binəli Yıldırım qeyd edib ki, ŞKTR-nin müxtəlif sahələrdəki dinamik inkişafı onun regiondakı mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan o, hazırda Lefkoşada davam edən “TEKNOFEST-2025” texnologiya festivalını bunun bariz nümunəsi kimi göstərib.

İclas çərçivəsində ağsaqqallar ŞKTR-nin xarici işlər naziri Tahsin Ertuğrul ilə də görüş keçiriblər. Görüşdə qarşıdakı dövr üçün nəzərdə tutulan plan və layihələr ətrafında fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər