Dünən Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Azərbaycanın media resurslarına 20 fevral hücumları: kibermüdaxilədən dezinformasiyaya” mövzusunda ictimai müzakirə keçirilib.
Müzakirədə Milli Məclisin deputatları, ölkənin beyin mərkəzlərinin nümayəndələri, media və vətəndaş cəmiyyətinin təmsilçiləri, kibertəhlükəsizlik sahəsində mütəxəssislər, ekspertlər və digər şəxslər iştirak ediblər.
Müvəqqəti komissiyanın sədri Ramid Namazov bildirib ki, cari il fevralın 20-də ölkə ərazisində fəaliyyət göstərən bir sıra aparıcı media resurslarına qarşı kiberhücumlar həyata keçirilib. Aparılan araşdırmalar nəticəsində bu hücumların ölkəmizdə indiyə qədər qeydə alınmış ən ciddi kibermüdaxilələrdən biri olduğu müəyyənləşib.
Kiberhücumlar barədə ətraflı məlumat verən “GlobalMedia Group”un İdarə Heyətinin üzvü Orxan Məmmədov baş vermiş insident və müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildirib. Müzakirəyə qoşulan deputatlar və media təmsilçiləri qeyd və təkliflərini səsləndiriblər.
Müzakirəyə yekun vuran Ramid Namazov səslənən fikirləri ümumiləşdirərək bildirilən tövsiyələri səsləndirib.
XQ