“İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar”

post-img

Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransın birinci günü yekunlaşıb.

Tədbir BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransıdır.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov dünyada dekolonizasiya prosesinə dəstək verən qlobal platformaya və kolonializmdən əziyyət çəkən xalqlar üçün ümid mənbəyinə çevrilmiş BTQ-nin təşkilatçılığı ilə keçirilən konfransda müstəmləkəçilik probleminin elmi cəhətdən müzakirə ediləcəyini və onun beynəlxalq təşkilatların prizmasından nəzərdən keçiriləcəyini diqqətə çatdırıb.

A.Abbasov dünyanın bəzi bölgələrində müstəmləkəçiliyin müxtəlif təzahürlərinin şahidi olduğunu qeyd edərək, onların müxtəlif vasitələrlə gizli şəkildə – siyasi, iqtisadi, maliyyə, mədəni və qanunvericilik strukturları vasitəsilə əbədiləşdirilməsinə çalışıldığını bildirib.

Məhz bu kontekstdə BTQ tərəfindən dekolonizasiya səylərinə dəstək göstərmək məqsədilə son iki ildə Qvadelup, Mayot, Kanaki (Yeni Kaledoniya), Fransız Qvianası, Reyunyon, Korsika, Martinik, Mao hi Nui (Fransız Polineziyası) və müstəmləkəçilikdən əziyyət çəkən digər ərazilərə həsr edilmiş konfranslar təşkil olunub.

Kolonializmin bütün müasir təzahürlərinin beynəlxalq hüquqi mexanizmlər, ictimaiyyətin məlumatlılığının artırılması və çoxtərəfli əməkdaşlıq vasitəsilə həll edilməli olduğunu vurğulayan A.Abbasov kolonializmin davam etməsinin BMT Nizamnaməsinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və BMT Baş Assambleyasının digər çoxsaylı qətnamələrinə zidd olduğunu vurğulayıb.

Konfrans çərçivəsində “Müstəmləkəçiliyin ideoloji əsasları”, “Müqavimət və dekolonizasiya” mövzusunda panel iclaslarında BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun (PFPAD) üzvü (Sent-Lüsiya) xanım June Christine Marie Soomer, ABŞ-ı təmsil edən İdarəçilik üzrə beynəlxalq məsləhətçi Carlyle Corbin, PFPAD üzvü, kolumbiyalı pastor Elias Murillo Martinez, Əlcəzair Universitetinin elmi-tədqiqat işləri üzrə rəhbəri professor Çakib Benhafri, Cənub Sakit Okeanı Universitetində baş müəllim Lorenz Rudolf Gonschor, Əlcəzairdən olan elmi tədqiqatçı Hichem Daoud və ADA Universitetinin dosenti Murat Özkale çıxış ediblər.

Natiqlər qeyd ediblər ki, müstəmləkəçilik təkcə siyasi və iqtisadi təzyiq vasitəsi deyil, eyni zamanda, ideoloji əsaslarla bəraət qazandırılmış və uzun müddət davam etdirilmiş idarəetmə sistemidir. Tarix boyu imperiyalar tərəfindən tətbiq edilən müstəmləkəçilik siyasəti, əsasən, üstün irq, sivilizasiyanın yayılması və modernləşmə kimi anlayışlarla əsaslandırılıb.

Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də deputatlar iştirak edirlər.

Konfrans sual-cavab sessiyası ilə davam edib.

XQ

Son xəbərlər