Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans keçirilib.
Məclisdə çıxış edənlər “Konstitusiya və Suverenlik İli”nin elan olunmasının əhəmiyyətindən bəhs edərək bildiriblər ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanılmış Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi respublikamızın bütün ərazilərində bərqərar olub. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü elan edilib. 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir.