Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqton görüşləri zamanı əldə edilən nəticələrə verilən reaksiyalar onu göstərir ki, “ABŞ platforması”nı həzm edə bilməyən güc mərkəzləri mövcuddur.
Bu mərkəzlər iki ölkə arasında sülh sazişinin paraflamasına, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamənin imzalanmasına, məxsusi olaraq “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu!” adı altında “Zəngəzur dəhlizi”nin açılmasına qarşıdırlar. Onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsini, kommunikasiyaların bərpasını, nəqliyyat dəhlizlərinin açılmasını özlərinin Cənubi Qafqazda təsir rıçaqlarının itirilməsi kimi dəyərləndirir, həm dolayısı ilə, həm də birbaşa mesajlar verərək kommunikasiya xətləri üzrə razılaşmanın əleyhinə çıxırlar. Bu azmış kimi, Azərbaycanı və Ermənistanı təhdid edərək geri addım atmalarına nail olmaq istəyirlər.
Təhdid ruhlu mesajlar İranın və Rusiyanın fərqli strukturları tərəfindən son üç gün ərzində daha intensiv şəkildə verilir. Məsələn, Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Azərbaycan mallarının Rusiyaya idxalına qadağa qoyulması üçün çağırış edib. Yaxud, görüş ərəfəsində Rusiya hərbi qüvvələri tərəfindən Ukraynada SOCAR-a məxsus neft anbarı vurulub. Buna bənzər çoxlu sayda nümunələr göstərir ki, Rusiya Vaşinqton görüşünün tam əleyhinədir, onu həzm edə bilmir.
İran İslam Respublikası da eyni tərzdə davranır. Ölkənin ali liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti bəyanatla çıxış edərək bildirib ki, Tehran bütün gücünü və imkanlarını səfərbər edərək, Zəngəzur dəhlizinin (Tramp yolu – TRİPP) açılmasına mane olacaq. Yəni, Vaşinqton görüşünün nəticələrinin ləğv edilməsinə çalışacaq. Vilayəti bu təxribatçı əməli Rusiya ilə razılaşdırılmış halda, birgə icra edəcəklərini vurğulayıb.
Vaşinqton görüşü Cənubi Qafqazdakı yüz illik streotipləri dağıdır
Qlobal təhlil mərkəzləri qeyd edirlər ki, İran və Rusiyanın Vaşinqton görüşünün nəticələrindən narahatlıq keçirmələrinin ciddi səbəbləri var. Bu baxımdan onlar Vaşinqton görüşünü əlavə fenomen kimi deyil, ümumilikdə, Cənubi Qafqazda cərəyan edən son proseslər fonunda dəyərləndirirlər. Qeyd edirlər ki, 2020-ci il Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Azərbaycan müharibədə qalib gələrək ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra region üzərindən gerçəkləşdirilməsi nəzərdə tutulan hiper layihələr irəli sürüb. Azərbaycanın təşəbbüsü ilə aktuallaşan bu layihələr ölkə sərhədlərini aşır, regional və qlobal xarakter daşıyır. Bu kontekstdə xüsusilə nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi ilə bağlı layihələr qabardılır. Ermənistanla sülh müqaviləsinin yubanması isə diqqəti hiper layihələrdən yayındırır. Regional və qlobal layihələr deyil, “sülh müqaviləsinin imzalanması” regionun əsas hədəfi kimi saxlanılır. “ABŞ platforması” çərçivəsində sülh prosesinin sürətlənməsi bu bölgə üzərində qurulan regional və qlobal layihələr üçün əlavə dinamika gətirdi.
ABŞ tərəfinin bu məsələyə xüsusi diqqət ayırması Cənubi Qafqazda sabitlik mövzusunun qlobal təhlükəsizlik üçün də mühüm əhəmiyyət daşıdığını göstərdi. Məsələni bu müstəvidə təqdim edə bilməsi Azərbaycan diplomatiyasının ciddi uğuru kimi şərh olundu. Belə yanaşma həm Ermənistan–Azərbaycan problemini aradan qaldırır, həm də ölkəmizin regional və qlobal proseslərdə iştirakını şərtləndirir.
Vaşinqton görüşünün nəticələri Cənubi Qafqazı “ənənəvi oyunçuların” – “şimal” və “cənub”un nəzarətindən çıxarır, regionu yüz illər ərzində təsir dairəsində saxlayan, inkişafdan geri salan mərkəzlərin təzyiqindən xilas edir. Onların əvəzinə Azərbaycan regionun lideri, söz sahibi kimi mövqeyini gücləndirir. 7-8 avqust görüşlərinin nəticələri bir daha sübut etdi ki, Azərbaycan özünün balanslı və praqmatik xarici siyasət kursu ilə həm qonşu dövlətlərlə, həm də dünya gücləri ilə bərabərhüquqlu əməkdaşlıq qura bilir. Belə davranışı ilə bütün regionun taleyinə sahib çıxır. Bu yeni situasiya Rusiya və İranı qıcıqlandırır.
İran və Rusiyanın təxribatları hansı nəticələr doğura bilər?
2020-ci ildə və ondan sonra baş verən hadisələr sübut etdi ki, Azərbaycanı heç bir təhdidlə yolundan döndərmək, geri çəkilməyə məcbur etmək mümkün deyil. Azərbaycan özünün bacarıqlı diplomatiyası, praqmatik xarici siyasət kursu və güclü ordusu ilə istənilən təhdidləri dəf etmək iqtidarındadır, milli maraqlarını qorumaq üçün yetərli potensiala malikdir. Amma biz eyni ifadələri Ermənistan barədə işlədə bilmirik. Müşahidə olunan hal budur ki, Ermənistanın hər hansı bir təhdiddən qorunmaq taktikası “bir güc mərkəzindən ayrılıb digər güc mərkəzinə sığınmaq” metoduna əsaslanır. Ölkənin xarici siyasət kursu “himayəçi dövlətin” siyasi konyukturasına görə dəyişir. Bu baxımdan, Ermənistanın indiki təhdidlər qarşısında nə qədər dözə biləcəyi, razılaşmalara nə dərəcədə sadiq qalacağı həssaslıqla izlənilir.
Ermənistanın mövcud hakimiyyəti üçün digər bir təhdid diaspor qurumlarından və daxili müxalifətdən qaynaqlanır. Onlar Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbinin sülh sazişinin şərti kimi gündəmə gətirilməsindən narazıdırlar. Vaşinqton Bəyannaməsi yekun sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb etməyə zəmin yaradır. Bəyannamədə qeyd edilir ki, “biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğunu qəbul edirik”. Bu bənd konstitusiyanı dəyişmək üçün Ermənistanın üzərinə öhdəliklər qoyur. Daxili müxalifət və diaspor qurumları isə bu fakta istinad edərək hərəkətlənir, Nikol Paşinyan hakimiyyətini təhdid edirlər.
Ermənistan hakimiyyəti mövcud təhdidlər qarşısında boyun əyib yekun sülh sazişini imzalamaqdan yayınacaqmı? Yoxsa, özündə güc tapıb prosesi davam etdirəcək? Təhlillər göstərir ki, prosesi yubatmaq, yekun sülh sazişinin imzalanmasını gecikdirmək, yaxud Vaşinqtonda üzərinə götürdüyü öhdəliklərdən yayınmaq Ermənistan hakimiyyəti üçün ağır nəticələr vəd edir. Azərbaycanla uzun müddətli münaqişə vəziyyətində olması Ermənistanı bütün beynəlxalq layihələrdən təcrid edib, iqtisadiyyatını tükədib, hərbi potensialını məhv edib. Əhali sayı son 30 il müddətində 20 faizə qədər azalmış Ermənistanın bundan sonra da münaqişə vəziyyətində qalması onun insan resurslarının tamamilə tükənməsinə yol aça bilər. Əlavə olaraq, bu ölkənin sülh sazişindən yayınması ABŞ-a, şəxsən Prezident Trampa qarşı hörmətsizlik olar ki, bu da ağır nəticələr doğura bilər. Bütün bunlar onu deməyə əsas yaradır ki, Ermənistan yekun sülh sazişini imzalamaq üçün nə qədər tez addımlar atsa, bir o qədər xeyrinə olacaq.