Keniya Senatının üzvləri Azərbaycan səfirliyində

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun cari ilin iyununda Keniyaya rəsmi səfərinin nəticələrindən biri kimi iki ölkənin parlamentləri arasında əməkdaşlığın daha da gücləndirilməsi ilkin olaraq razılaşdırılıb. Bu məsələ Keniyanın ikipalatalı qanunvericilik orqanları Milli Assambleyanın sədri Moses Vetanq'ula və Senatın sədri Amason Ceffa Kinqi ilə görüşlərdə müzakirə edilib.

Azərbaycan Milli Məclisi ilə Keniya Senatı arasında dostluq qrupunda iştirak edəcəyi ehtimal olunan Keniya Senatının üzvləri Stevart Madzayo, Tabitha Mutinda və Hamida Kibvana Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət ediblər.

Səfir Sultan Hacıyev senatorları ulu öndər Heydər Əliyevin siyasi kursuna əsaslanan inkişaf yolu və azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri haqqında məlumatlandırıb. Görüşdə ötən həftə Vaşinqtonda imzalanan Birgə Bəyannamənin həm Azərbaycan ilə Ermənistan arasında, həm də ümumilikdə regionda sülh və inkişaf üçün tarixi əhəmiyyəti barədə danışılıb.

Sonda tərəflər Azərbaycanın Milli Məclisi ilə Keniyanın Senatı arasında yaradılacaq əməkdaşlığın ölkələr arasında sürətlə inkişaf edən əlaqələrin dinamikasına müsbət töhfə verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

XQ

Son xəbərlər