Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma vədigər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 18-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs Bako Sahakyanın vəkili müdafiə etdiyi şəxslə konfidensial şəkildə görüşmək, təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili isə müdafiə etdiyi şəxslə məhkəmə zalında telefonla danışmaq istədiyini bildirib.
Sədrlik edən hakim müdafiəçilərin vəsatətlərini təmin edərək telefon danışığı və konfidensial görüş keçirilməsi üçün məhkəmədə fasilə elan edib.
Fasilədən sonra məhkəmə iclası zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri ilə davam etdirilib. Eldar Həsənovun oğlu Namiq Həsənov ifadəsində atasının 1992-ci il fevralın 26-da Xocalıda Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində şəhid olduğunu söyləyib. Məzahir Məmmədov Laçın rayonunun Oğuldərə kəndindən məcburi köçkün düşdüyünü bildirib. Onun qardaşı Pənah Məmmədov 1993-cü ildə Ağdamda döyüşlər zamanı itkin düşüb.
Çingiz Alməmmədov söyləyib ki, Laçının işğalı zamanı top atəşləri nəticəsində atası İdris Alməmmədov, qardaşı Ehtiram Alməmmədov, qardaşının həyat yoldaşı Mahirə Alməmmədova və qardaşının körpə övladı həlak olublar. Nuran Qasımov bildirib ki, Vətən müharibəsində və 2021-ci ildə Laçında şərti sərhədin yaxınlığında yaralanıb. Onun qardaşı Teymur Qasımov isə 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olub. Hidayət Cahangirov 2020-ci il oktyabrın 12-də, Sərvin Cavadzadə isə oktyabrın 15-də Cəbrayıl istiqamətində yaralandığını deyib.
Vüqar Fərəcov Xankəndidə yaşadığı evin 1988-ci ildə ermənilər tərəfindən talan olunduğunu, nəticədə doğmaları ilə birlikdə məcburi köçkün düşdüyünü bildirib. Şakir Orucov ifadəsində 1992-ci ilin may ayında Laçın rayonunun Qorçu kəndindən məcburi köçkün düşdüyünü bildirib. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində qardaşı oğlu Bərdədə şəhid olub. Fazil Səmədov qardaşının 1993-cü ilin mart ayında Ermənistan silahlı qüvvələri ilə döyüşlər zamanı itkin düşdüyünü bildirib.
Ramin Xəlilov Xocavənd rayonunda 2005-ci və 2007-ci illərdə yaralandığını söyləyib. Bəhruz Qurbanov deyib ki, 2016-cı il aprelin 3-də Tərtərdə yaşadığı evə və sahibkarlıq təsərrüfatına zərər dəyib, özü isə yaralanıb. Fehruz Bayramov 1993-cü il avqustun 23-də Cəbrayıl rayonundan məcburi köçkün düşdüyünü deyib. Taleh Əliyev 1993-cü ildə Füzuli rayonunun Zərgər kəndindən məcburi köçkün düşdüyünü bildirib. Əmisinin iki oğlu öldürülüb.
Əli Cəfərov Xankəndidən 1991-ci ildə məcburi köçkün düşdüyünü, atası Şərif Cəfərovun Kərkicahanda düşmənin hücumu nəticəsində xəsarət aldığını söyləyib. Mayıl Şirinov ifadəsində bildirib ki, 1993-cü il oktyabrın 24-də atası, iki qardaşı və dayısı Cəbrayıl rayonunda itkin düşüb. Bəsti Hacıyeva Cəbrayıl rayonunun Dağ Tumas kəndindən, Sücahət Həziyeva rayonun Xələfli kəndindən məcburi köçkün düşdüyünü deyiblər. Rüxsarə Piriyeva və Vüqar Hacıyev də 1993-cü ildə Cəbrayıldan məcburi köçkün düşdüklərini söyləyiblər. Sürəyya Niftəliyeva ailə üzvləri ilə birlikdə Zəngilan rayonundan məcburi köçkün düşdüyünü söyləyib.
Xuraman Muradova 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşdüyünü söyləyib. Bundan sonra Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində məskunlaşıb. O bildirib ki, Ermənistan silahlı qüvvələri 1992-ci il avqustun 28-də həmin kəndə hücum edərək qətliam törədib. Bu zaman 24 nəfər azərbaycanlı, o cümlədən 6 aylıq körpə və yaşı 100-dən yuxarı olan şəxs qətlə yetirilib. Kifayət Quliyeva 1990-cı illərdə yaşadığı Ağdərə rayonunun Vəngli kəndindən məcburi köçkün düşüb.
Nailə Hüseynova ifadəsində həyat yoldaşının 1991-ci il mayın 20-də qətlə yetirildiyini, özünün isə Cəbrayıl rayonunun Çullu kəndindən məcburi köçkün düşdüyünü deyib. Oktay Əmirov, Dilafət Rəsulov, Qoşqar Rəsulov, Səlim Mehdiyev, Pərviz Paşayev 1992-ci ildə Laçın rayonundan, Məhəmməd Ağamalıyev 1992-ci ildə Kəlbəcər rayonundan, Niyazi Məmmədov, Mahir Aslanov 1992-ci ildə Ağdərə rayonundan, Təranə Yusifova 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşdüklərini bildiriblər.
Zərərçəkmişlər təqsirləndirilən şəxslərin və onların nümayəndələrinin suallarını da cavablandırıblar.
Məhkəmə prosesi avqustun 21-də davam etdiriləcək.
XQ