Xocalı qatillərinin adları və hərbi cinayətlər açıqlanıb

post-img

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 4-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs Qarik Martirosyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid digər sənədlər səsləndirilib. O, ibtidai istintaqa verdiyi ifadələrə əsasən 1993-cü ilin əvvəllərindən 1994-cü ilin sonlarınadək, habelə 2020-ci ildə 44 günlük müharibə zamanı və 2023-cü ilin yanvar ayından sentyabrın 20-dək olan müddətdə döyüş mövqelərində olub, silahla Azərbaycan əsgərlərinə atəşlər açıb.

Xocalı rayonu ərazisində yaranmış “Əsgəran özünümüdafiə birləşmələri” adlı hərbi birləşməyə Vitali Balasanyan rəhbərlik edib. Qarik Martirosyan da 1993-cü ilin əvvəllərindən etibarən həmin hərbi birləşmələrin tərkibinə daxil olub. 44 günlük müharibə başa çatdıqdan sonra Əsgəran rayon icra hakimiyyətindən “rayona tabe olan kəndləri qoruyan” şəxslərə pul verildiyini eşidib oraya gedib, ona 200 min Ermənistan dramı (500 ABŞ dolları) pul verilib.

Daha sonra təqsirləndirilən şəxs Madat Babayan bildirib ki, 1988-ci ildə Xankəndi şəhərində ermənilər silahlı dəstələr yaradaraq müxtəlif ərazilərdə azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar təşkil etməyə başlayıblar. 1990-1992-ci illərdə Ağdərə rayonunun ərazisində yaşayan azərbaycanlı əhalinin məskunlaşdığı Sırxavənd, Umudlu, Baş Güneypəyə, Bəşirlər, Canyataq, Çərəktar, Damğalı, Gülyataq, Hayad, Xatınbəyli, İmarət Qərvənd,  Qaraşlar, Qazançı, Məlikli, Maralyansarov, Orta Güneypəyə,  Şahmansurlu, Yarımca, Yeni Qaralar və digər kəndlərin ərazisində Azərbaycana qarşı aparılan döyüş əməliyyatlarında iştirak edib. 1990-1994-cü illərdə Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə də iştirak edib. Orada çoxsaylı Azərbaycan Respublikasının hərbi qulluqçularını öldürüblər.

Müharibə zamanı 1992-ci il fevralın 23-də o, döyüşçü yoldaşları Vamik Petrosyan, Valerik Petrosyan, David Qriqoryan, Albert Qriqoryan (“Abo” ləqəbli), Şirin Şirinyan, Spartak Akopyan və adlarını xatırlamadığı digər 20 nəfər silahlı döyüşçü ilə birlikdə Xankəndi şəhərinə gəliblər. O, həmin ərəfələrdə Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinin rəhbərlərinin Samvel Babayan, Seyran Ohanyan, Arkadi Ter-Tadevosyan, Vitali Balasanyan  adlı şəxslər olduğunu bildirib. Fevralın 24-də Arkadi Şirinyan həmin vaxt 3 bölüyün qarşısında çıxış edərək növbəti gün, yəni 1992-ci il fevralın 25-də gecə radələrində hücuma keçərək Xocalıda yaşayan azərbaycanlı dinc əhaliyə qarşı qətliam törədəcəklərini bildirib. Onlar komandir Arkadi Şirinyanın əmrinə uyğun olaraq hazırlıq görməyə başlayıblar.

Onlar fevralın 25-dən 26-na keçən gecə saat 24 radələrində Xocalı şəhərinə daxil olublar. Şəhərə daxil olduqdan sonra hər iki tərəfdən avtomat, pulemyot, qumbaraatanlardan istifadə edilməklə Xocalıda qarşılarına çıxan dinc əhaliyə atəş açmağa, evləri yandırmağa başlayıblar. Dinc sakinlər qaçarkən əvvəlcədən şəhərin ətrafında postlar qurmuş Ermənistan silahlı qüvvələrinin digər hərbçiləri tərəfindən güllələnib.

M.Babayan da həmin vaxt əmrə əsasən qadın, kişi, qoca, yaşlı demədən avtomatla hamıya aramsız atəş açıb. Arkadi Şirinyan və digər komandirlər əmr ediblər ki, orada xüsusi vəhşiliklər törədilsin. Ümumiyyətlə, Xocalı şəhəri uzun müddət mühasirədə olduğundan sakinlər şəhərdən çıxa bilməyib, hücum zamanı çox az sayda insan xilas ola bilib. Atəş dayandırıldıqdan sonra onlar 150-200 meyit yığıblar. Onların arasında azyaşlı uşaqlar, cavan-yaşlı qadınlar, kişilər, qocalar olub. 1992-ci il fevralın 26-dan martın 8-dək Xocalıda talanlar davam edib. 

M.Babayan bildirib ki, 1993-cü il noyabrın 16-dək Suqovuşan, Heyvalı, Canyataq, Gülyataq kəndləri, Ağdərə şəhəri, Talış, Seysulan kəndləri ərazisində gedən döyüşlərdə iştirak edib. 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük müharibədə övladları Armen Babayan və Masis Babayan bir sıra döyüşlərə qatılıblar. 

Sonra təqsirləndirilən D.Allahverdiyan qeyd edib ki,  2023-cü ilin sentyabrında antiterror əməliyyatı zamanı Azərbaycan hərbçiləri tərəfindən tutularkən üzərində avtomat silah, onun darağı və patronları olub. Vasili Beqlaryan bildirib ki, 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı zamanı tutulub. Erik Qazaryan 2023-cü ilin sentyabr ayınadək Azərbaycanın o vaxt işğal altında olan ərazilərində hərbi xidmətdə olub, həmin ilin sentyabr ayında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən tərk-silah edilib.

Məhkəmə prosesi sentyabrın 5-də davam etdiriləcək.

XQ

 

Son xəbərlər