Avropa İttifaqının komissarı Ağdamda

post-img

Avropa İttifaqının genişlənmə siyasəti üzrə komissarı Marta Kos Ağdam şəhərinə səfər edib.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qonağa Ağdam, Füzuli və Xocavənd rayonlarında həyata keçirilən tikinti-quruculuq işləri, reallaşdırılan layihələr haqqında məlumat verib.

Aİ-nin komissarı sonra Ağdamın Sarıcalı kəndi ərazisində aparılan minatəmizləmə fəaliyyəti ilə tanış olub. O, Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumatlandırılıb.

“Ağdama, ümumilikdə, Qarabağa səfər etmək məndə dərin təəssürat yaradıb. Sizin dövlətinizin bu ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri, uzun illər müharibədən zərər çəkmiş və dağıdılmış torpaqlarda yeni həyat qurmaq səyləri doğrudan da təqdirəlayiqdir. Hökumətinizin cəsarətlə yeni şəhərlərin, müasir infrastruktur və sosial obyektlərin inşasını həyata keçirməsini, insanların doğma yurdlarına qayıdışını təmin etməyə yönəlmiş addımlarını yüksək qiymətləndirirəm”, – deyə Marta Kos jurnalistlərə açıqlamasında bildirib.

O sonra deyib: “Bu səfər mənim üçün önəmli məqamlarla yadda qaldı. Bir neçə məsələni vurğulamaq istərdim. Birincisi, heç bir müharibə yaxşı nəticə vermir. Müharibə insanların həyatını alt-üst edir, dərin yaralar açır və onun ağır nəticələri uzun illər qalır. İkincisi, sülh mümkündür. Sülh naminə müharibəni dayandırmaq, barışığa xidmət edən addımlar atmaq və gələcəyə bu baxış əsasında yönəlmək vacibdir. Azərbaycan və Ermənistanın atdığı addımlar bunun nümunəsidir. Üçüncüsü, Avropa İttifaqı bu prosesə dəstək göstərməyə hazırdır”.

“Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə yüksələcəyinə inanır və bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminəm”, - deyə Marta Kos bildirib.

XQ

Son xəbərlər