Bu gün III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) öz işini başa çatdırdı. Forum Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə təşkil olunub və “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunu əhatə edib.
Bu il forum iki şəhərdə – Xankəndi və Bakıda keçirilib. Onlayn və oflayn 1500-ə yaxın iştirakçı, o cümlədən 65 ölkədən 200-dən artıq nümayəndəni bir araya gətirən tədbirdə hökumət nümayəndələri, qardaşlaşmış şəhərlər, səfirlik və diplomatik nümayəndəliklər, akademik institutlar və beynəlxalq təşkilatlar, özəl sektorlar, vətəndaş cəmiyyətlərinin nümayəndələri və ekspertlər iştirak ediblər. Forumun ümumi onlayn izlənmə sayı 1400-ə yaxın olub.
Tədbir çərçivəsində 10 panel sessiya təşkil edilib. Sessiyalar zamanı dayanıqlı şəhərsalma, iqlim dəyişmələrinə uyğunlaşma, inklüziv inkişaf və şəhərlərin bərpası kimi aktual məsələlər müzakirə olunub. İştirakçılar mənzil təminatı, maliyyə və innovasiya mexanizmləri, ərazi planlaşdırılması, rəqəmsallaşma, mədəni irsin qorunması və sağlam şəhər icmaları sahələrində qabaqcıl təcrübələri bölüşüblər.
Həmçinin Azərbaycanda postmünaqişə bərpası modelinə xüsusi diqqət yetirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri “Building Back Better” (“Daha yaxşı bərpa”) prinsiplərinə əsaslanaraq təhlükəsiz, dayanıqlı və yaşayış üçün əlverişli şəhər mühitinin formalaşdırılmasına yönəlib.
Bağlanış tədbirində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev çıxış edərək bildirib ki, NUFA3 şəhərlərin gələcəyi ilə bağlı milli, regional və qlobal dialoqun gücləndirilməsində mühüm mərhələ oldu və Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna hazırlıq istiqamətində əməkdaşlıqda yeni səhifə açıb.