İqlim və Şəhərsalma Fəaliyyətlərinin D-8 Onillik Yol Xəritəsi ilə Uyğunlaşdırılması məqsədilə ilk dəfə “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu” müzakirəsi keçirilib.
Məclisin moderatoru, D-8 Direktoru II Punjul Setya Nugrahanın sözlərinə görə, İqtisadi Əməkdaşlıq üzrə İnkişafda olan Səkkizlər Təşkilatı (D-8) üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın, inklüziv artımın və dayanıqlı inkişafın təşviqi üçün mühüm platforma kimi formalaşıb. D-8 Onillik Yol Xəritəsi (2020–2030) və BMT-nin Dayanıqlı İnkişaf Gündəliyi-2030 tərəfindən istiqamətləndirilən bu proses hazırda ikinci icra mərhələsindədir (2023–2027). Bu çərçivədə, ilk dəfə keçiriləcək D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqu bu il Bakıda D-8 Həftəsi zamanı təşkil olunacaq və təşkilat üçün tarixi bir mərhələ olacaq.
Müzakirələrdə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, D-8-in Baş katibi, səfir İsiaka Abdulqadir İmam, BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Dayanıqlı Şəhərsalma Bölməsinin rəhbəri Kurt Qarriqan, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Assosiasiya direktoru Tea Melikadze çıxış ediblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov deyib ki, Azərbaycanın COP29-a sədrlik dövrü iqlim və şəhərsalma məsələlərinin qlobal gündəlikdə birləşdirilməsi baxımından mühüm mərhələ olub. COP29 çərçivəsində iqlim fəaliyyəti üzrə çoxsektorlu fəaliyyət və təşəbbüsləri əhatə edən Bakı Davamlılıq Koalisiyasını yaratdığını vurğulayan idarə rəisi COP29-un əsas nəticələrindən biri COP29 çərçivəsində keçirilən Şəhərsalma Günündə imzalanan Davamlı və Sağlam Şəhərlər üçün Çoxtərəfli Fəaliyyət Yolları (MAP) Bəyannaməsinin qəbul edilməsi olduğunu bildirib.
BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Davamlı Şəhər İnkişafı şöbəsinin rəhbəri Kurt Qarriqan bildirib ki, 2023-cü ildə Koreya Respublikasının Suvon şəhərində keçirilən Asiya-Sakit Okean Şəhər Forumunda 20 üzv dövlət davamlı şəhər inkişafına dair yüksəksəviyyəli kommünike qəbul edib.
Xatırladaq ki, cari il martın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin D-8 İnkişaf etməkdə olan Ölkələr Təşkilatının Baş katibi ilə Bakıda keçirdiyi görüşdə aparılmış müzakirələrə uyğun olaraq Azərbaycan bu təşkilatda fəal işlər görməkdədir.
Azərbaycan ötən ilin dekabr ayında Qahirədə keçirilmiş D-8 Zirvə Görüşündə D-8 Təşkilatının 27 il əvvəl yaradıldığından sonra bu təşkilatın üzvlüyünə qəbul edilmiş ilk ölkə olub. D-8 üzv dövlətləri siyahısına Azərbaycan, Türkiyə, Misir, Nigeriya, Pakistan, İran, İndoneziya, Banqladeş və Malayziya daxildir. Hazırda Misir D-8-ə sədrlik edir və 2026-cı il yanvarın 1-dən iki il ərzində İndoneziya D-8-ə sədrlik edəcək.
İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri Azərbaycanın COP29 Sədrliyi çərçivəsində təşkil edilir və tədbirdə D-8 üzv ölkələrinin İqlim və Şəhərsalma Nazirləri, D-8 Komissarları və D-8 regionundan olan şəhərlərin rəhbərləri iştirak edir. Bu rəsmilər, həmçinin Azərbaycanın Üçüncü Milli Şəhərsalma Forumunda da iştirak ediblər.
XQ