ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclası keçirilib

post-img

Oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin 44-cü və ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasları keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

ICAPP Daimi Komitəsinin 44-cü iclasında DK sədri Çunq Eu-yonq Komitənin 43-cü iclasından ötən dövrdəki fəaliyyətinə nəzər salaraq görülən işləri diqqətə çatdırıb və qarşılıqlı səmərəli əməkdaşlığın davam etdirilməsinin önəmini vurğulayıb. Daha sonra qarşıda duran vəzifələrə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonra ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclası öz işinə başlayıb. Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edərək vurğulayıb ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində ciddi geostrateji dəyişikliklər baş verməkdədir. Onun sözlərinə görə, qlobal kataklizmlər, çoxsaylı təhdid və çağırışlar fonunda yeni dünya nizamına transformasiya məsələsi aktual müzakirə predmetinə çevrilib.

Tahir Budaqov qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edən Azərbaycan ədalətli geosiyasi nizamın tərəfdarı olaraq beynəlxalq hüquq normalarına, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə olunmaması və qarşılıqlı surətdə milli maraqların nəzərə alınması kimi prinsiplərə əsaslanan müstəqil və konstruktiv siyasət həyata keçirir.

YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, eyni zamanda, dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlıq, inteqrasiya, sülh və təhlükəsizliyə xidmət etdiyini əməli fəaliyyəti ilə nümayiş etdirir. “Bu gün zəngin milli-mənəvi dəyərlərin daşıyıcısı və çoxəsrlik dövlətçilik ənənələrinə sahib olan Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar.

Ölkəmizdə multikulturalizmin həm dövlət siyasətinin prioritetlərindən biri, həm də cəmiyyətin həyat tərzi olması Azərbaycanın sabitlik məkanı və inkişaf diyarı kimi davamlı uğurlarını şərtləndirir. Təsadüfi deyil ki, bu gün respublikamızda yaşayan müxtəlif xalqların nümayəndələri, fərqli dini və etnik mənsubiyyətə malik toplumlar Azərbaycanın inkişafına önəmli töhfələr verirlər. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbədə ölkəmizdə yaşayan bütün xalqların mühüm rolu var”, - deyə Tahir Budaqov əlavə edib.

ICAPP Daimi Komitəsinin sədri, Koreya Respublikasının sabiq xarici işlər naziri Çunq Eu-yonq bildirib ki, mədəniyyət, sadəcə, keçmişi əks etdirmir, eyni zamanda, gələcəyimizi formalaşdıran dinamik qüvvədir. O, Bakıda baş tutan bu tədbirin əməkdaşlığı daha da dərinləşdirmək, dəyərli təcrübələri paylaşmaq, ideyaları mübadilə və yeni əməkdaşlıq yollarını müəyyən etmək üçün mühüm fürsət olduğunu bildirib.

Sonra Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin iclas iştirakçılarına müraciətini səsləndirib.

Daha sonra Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxış edib. O bildirib ki, ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasının Bakıda keçirilməsi ölkəmizə göstərilən etimadın və Yeni Azərbaycan Partiyasının beynəlxalq aləmdə etibarlı tərəfdaş olmasının göstəricisidir. Bu qurum regional əməkdaşlığın və mədəni dialoqun inkişafında mühüm rol oynayır.

ICAPP-ın Baş katibi, Koreya Respublikasının Monqolustandakı və Portuqaliyadakı sabiq səfiri Oh Sonq isə ICAPP Asiya Mədəniyyət Şurasının Fəaliyyət qaydalarına dəyişiklikləri və Büro üzvlüyünə namizədləri təqdim edib. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Asiya Mədəniyyət Şurasının sədri seçilib.

İclas ICAPP Daimi Komitəsi sədrinin müavini, Asiya Mədəniyyət Şurasının sabiq sədri, hazırda isə sədr müavini, Kamboca Milli Assambleyasının Xarici əlaqələr, beynəlxalq əməkdaşlıq və informasiya komitəsinin sədri, Kamboca Xalq Partiyasının Xarici əlaqələr komissiyası sədrinin birinci müavini Suos Yara və ICAPP Asiya Mədəniyyət Şurasının sədri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Şahin İsmayılovun moderatorluğu ilə plenar sessiyalarla davam edib.

Sonra ICAPP Asiya Mədəniyyət Şurasının sədri Şahin İsmayılov Şuranın 4-cü iclasının yekun hesabatını təqdim edib.

Daha sonra Bakı Bəyannaməsi qəbul edilib.

Bağlanış nitqi ilə çıxış edən ICAPP Daimi Komitəsinin həmsədri və xüsusi məruzəçisi, Pakistan Müsəlman Liqası Nəvazın üzvü Muşahid Hüseyn Sayed Azərbaycan ilə Pakistan arasında səmimi dostluq, qardaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin olduğunu diqqətə çatdırıb.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

 





Son xəbərlər