Dövlət müstəqilliyimizin bərpasının 34-cü ildönümü qeyd edildi
Oktyabrın 17-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası aparan MM Sədri Sahibə Qafarova 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyimizin bərpasının elan olunduğunu xatırlatdı. Sədr ümummilli lider Heydər Əliyevin Azərbaycan naminə misilsiz xidmətlərindən danışaraq bildirdi ki, müstəqilliyi əldə etmək az idi, əsas onu qoruyub saxlamaq idi: “Təəssüf ki, yeni yaranmış dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verildi”.
Daha sonra Sahibə Qafarova müasir Azərbaycanın xarici siyasət kursundan bəhs edərək qeyd etdi ki, Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə, MDB Dövlət Başçıları Şurasının Düşənbə Sammitində, eləcə də Yaxın Şərq Sülh Sammitində iştirakı, həmin tədbirlər çərçivəsində keçirdiyi görüşlər və apardığı danışıqlar Azərbaycanı beynəlxalq proseslərin nüfuzlu iştirakçısına çevirib.
Sahibə Qafarova, həmçinin Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlamaq barədə təklif irəli sürdü. Deputatlar bu təklifi bəyənərək alqışladılar.
***
Plenar iclasın gündəliyində olan məsələlərin müzakirəsindən əvvəl deputatlar cari məsələlərlə bağlı çıxışlar etdilər. Deputat Ceyhun Məmmədov ölkəmizlə İslam dünyası arasında mövcud münasibətlərin keyfiyyətindən söz açdı: “Azərbaycan İslam dünyasının ayrılmaz parçası kimi regionda və dünyada sülhün bərqərar olmasına mühüm töhfələr verib, Fələstin məsələsində prinsipial mövqe tutub. Bu gün Azərbaycanın İsraillə də yaxşı əlaqələri var. Balanslı siyasət nəticiəsində Azərbaycan regionda və dünyada etibarlı tərəfdaşa çevrilib. Qarşıda isə daha böyük hədəflər və məqsədlər var”.
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı çıxışında bildirdi ki, başda Heydər Əliyev olmaqla, Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini dərin ehtiramla yad edirəm: “Bu, müstəqilliyimizin təməlini qoyan siyasi addım idi. Onların xalq və dövlət qarşısında xidmətləri ölçüyəgəlməzdir”.
***
Daha bir neçə deputatın cari məsələlər ətrafında çıxışından sonra gündəlikdə olan 7 məsələnin müzakirəsinə başlandı. İlk olaraq Milli Məclis Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətləri arasında imzalanmış “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”ni ratifikasiya etdi. Bildirildi ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında 2025-ci il iyulun 9-da Əbu-Dabi şəhərində imzalanan saziş iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün müasir beynəlxalq standartlara əsaslanan geniş və hərtərəfli hüquqi baza formalaşdırır. Sazişin ratifikasiyası ticarət və investisiya əlaqələrinin möhkəmlənməsi, iqtisadi münasibətlərin genişlənməsi və uzunmüddətli strateji tərəfdaşlığın dərinləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sənəd layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edildi.
Növbəti məsələ “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya qoşulmaq barədə Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarıldı. Səsverməyə qoyulan layihə yekdilliklə qəbul edildi və ölkəmizin “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya qoşulması üçün müraciət edilməsinə dair qərar verildi.
MM-in plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişiklik barədə məsələ müzakirəyə çıxarıldı. Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edildi. Dəyişikliyə əsasən, hakimlərin xidməti vəsiqəsinin nümunəsinin Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq və təqdim edilməsi barədə qərar qəbul verildi.
Daha sonra “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarılaraq yekdilliklə qəbul edildi. Təklif olunan dəyişikliklə bağlı müəyyən edildi ki, 1–3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci–üçüncü təsnifatlarına uyğun vəzifələrə qəbul daxili müsahibə yolu ilə aparılacaq. Bununla belə, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici ölkələrdəki ticarət nümayəndələri bu qaydadan istisna edilir. Gündəlikdəki daha bir məsələ – moped idarə etmək üçün sürücülük vəsiqəsi tələbi ilk oxunuşda qəbul edildi. “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi barədə gedən müzakirələr zamanı bildirildi ki, qanun layihəsinin əsas məqsədi moped tipli nəqliyyat vasitələrinin istismarı üzrə mövcud tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsidir. Sənəd layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edildi.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edildi. Daha sonra “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Milli Məclisin deputatı Arzu Nağıyev qeyd etdi ki, qanunlarda dəyişiklik edilməsinin əsas məqsədi müasir çağırışlara uyğun olaraq bu sahədə aparılan islahatlarla və buna uyğun olaraq təkmilləşdirmələrlə bağlıdır. Qanun layihəsi gizir və miçmanların həqiqi hərbi xidmət qaydalarının təkmilləşdirilməsini nəzərdə tutur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən, hazırda onların dinc dövrdə xidmət müddəti 5 ildir. Layihədə isə hərbi ixtisas təhsili almış gizir və miçmanların bilik və bacarıqlarından daha səmərəli istifadə məqsədilə bu müddətin 10 ilə artırılması təklif olundu. Bundan başqa, “40 yaşınadək hərbi vəzifəlilər” ifadəsinin daha dəqiq redaksiyada – “hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar” kimi dəyişdirilməsi müzakirə olundu. Ehtiyatda olma yaş hədlərinin dəqiqləşdirilməsi də təklif olundu və birinci dərəcə ehtiyat üçün 35 yaş, ikinci dərəcə üçün 45 yaş, üçüncü dərəcə üçün 55 yaş həddi təklif edildi. Həmçinin birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hər dəfə bir ayadək müddətə 10 dəfə, digər kateqoriyaların isə 2 ayadək müddətə 5 dəfə hərbi təlim toplanışlarına çağırılması təklif edildi. Qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edildi.
Tacir SADIQOV
XQ