Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, deputatların Ali Məclisin plenar iclaslarında iştirakı ilə bağlı məsuliyyətinin və intizamın artırılması məqsədilə “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi hazırlanıb və Hüquq siyasəti komitəsinin iclasında müzakirə olunub.
Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verib və komitənin rəyini diqqətə çatdırıb. Sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar bildirilib ki, Ali Məclisin Daxili Nizamnaməsinə əsasən, uyğunlaşdırma məqsədilə hazırlanmış, texniki xarakter daşıyan dəyişiklikləri nəzərdə tutan layihələrə bir oxunuşda baxılır. Qanun layihəsi Hüquq siyasəti komitəsinin iclasında müzakirə edilib.
Komitənin məlumatından sonra layihə səsə qoyularaq qəbul edilib.
İclasda cari məsələlər də müzakirə edilib.
Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri