Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti qardaş Türkiyədə səfərdədir. Səfər çərçivəsində AHİK-in nümayəndə heyəti Türkiyənin Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu ilə görüşüb.
Görüşdə birliyin sədri rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib, ölkənin sosial-iqtisadi həyatında rolundan bəhs edib.
AHİK nümayəndələri Azərbaycanda həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraiti, dövlət başçısının bu sahəyə diqqət və qayğısını vurğulayıb, həmkarlar ittifaqı üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, üzvlərin sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlərdən danışıblar.
Tərəflər iki qurum arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.
***
Səfər zamanı AHİK nümayəndələri Türkiyə İşçi Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ərgün Atalay və Türk-Metal Konfederasiyasının rəhbəri Uysal Altundağ ilə də görüşlər keçiriblər.
Görüşlərdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən danışılıb, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səyləri, siyasi iradəsi nəticəsində bütün sahələr üzrə əməkdaşlığın ən yüksək səviyyədə olduğu vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında inkişaf edən əlaqələr üzvlərin maraqlarına xidmət edir, aparılan təcrübə mübadiləsi əmək hüquqlarının müdafiəsində önəmli rol oynayır.
Tərəflər ölkələrimizin həmkarlar ittifaqları arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Q.YUSİFOĞLU
XQ


