Səmərqənddəki “İpək Yolu” turizm kompleksinin Ekspo Mərkəzində Nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin qeyri-qanuni ticarətinin ləğvi haqqında Konvensiya Tərəflərinin (CITES) 20-ci Konfransının rəsmi açılış mərasimi olub.
Forumda 184 ölkədən o cümlədən Azərbaycandan və Avropa İttifaqından 3000-dən çox iştirakçı, o cümlədən dövlət orqanlarının, beynəlxalq təşkilatların, elmi ictimaiyyətin və qeyri-hökumət sektorunun nümayəndələri iştirak edir.
Bu mühüm tədbirin keçirilməsində əsas diqqət biomüxtəlifliyin qorunması üzrə qlobal tədbirlərin gücləndirilməsinə, nəsli kəsilməkdə olan növlərin beynəlxalq ticarətinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsinə və beynəlxalq əməkdaşlığın inkişafına yönəlib.
Açılış mərasimində BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen videomüraciət formatında, Özbəkistan Prezidentinin ətraf mühit məsələləri üzrə müşaviri - Ekologiya və İqlim Dəyişiklikləri üzrə Milli Komitənin sədri Əziz Abduhakimov və CITES-in katibi-G.Hivonne çıxış ediblər.
Əziz Abduhakimov çıxışında qeyd edib ki, Özbəkistan son illərdə bu istiqamətdə hərtərəfli islahatlar həyata keçirib.
Sədr gələcək əməkdaşlıqdan danışaraq, bu istiqamətdə rəqəmsal texnologiyaların və süni intellektin inkişafı ilə bağlı məsləhət platformasının yaradılması, habelə vəhşi təbiətin qanunsuz dövriyyəsinə qarşı sanksiyaların əlaqələndirilməsi mexanizminin hazırlanması və məsuliyyət tədbirlərinin gücləndirilməsi də daxil olmaqla bir sıra təkliflər irəli sürüb.
Tədbir dekabrın 5-dək davam edəcək.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Səmərqənd



