Altsheymerin müalicəsi mümkündür?

post-img

P7C3-A20 preparatının siçanlar üzərində aparılan sınaqları göstərib ki, Altsheymer xəstəliyinin gec mərhələlərində belə yaddaşı, idrak funksiyalarını və neyron əlaqələrinin strukturunu bərpa etmək mümkündür. Bu kəşf demensiyanın müalicəsiz olması ilə bağlı formalaşmış təsəvvürlərə meydan oxuyur və yeni dərmanların hazırlanmasına yol aça bilər.

Demensiyanın ən geniş yayılmış forması olan Altsheymer xəstəliyi beyin hüceyrələrinin tədricən məhv olması ilə xarakterizə olunur. Xəstəlik ilk dəfə 1907-ci ildə təsvir edildikdən sonra uzun müddət geri dönməz hesab edilib: yaddaşın, nitqin və özünəqulluq bacarıqlarının ardıcıl itirilməsi şəxsiyyətin dağılmasına, əlilliyə və ölümə gətirib çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2021-ci ildə dünyada təxminən 55 milyon insan demensiyadan əziyyət çəkirdi. Bu rəqəmin 2030-cu ildə 78 milyona, 2050-ci ildə isə 150 milyonu ötəcəyi proqnozlaşdırılır.

Mövcud müalicə üsulları əsasən simptomların yüngülləşdirilməsinə yönəlib. Hazırda istifadə olunan bir neçə preparat yalnız xəstəliyin erkən mərhələlərində müvəqqəti rahatlıq yaradır, lakin neyronlar arasında dağılmış əlaqələri bərpa etmir. 2025-ci ildə Böyük Britaniyada aparılan bir araşdırmada xərçəng müalicəsində istifadə olunan iki dərmanın laboratoriya siçanlarında itirilmiş beyin funksiyalarını qismən bərpa etdiyi aşkar edilsə də, xəstəliyi tam geriyə çevirmək mümkün olmamışdı.

ABŞ-ın Keys-Vester-Rizerv Universitetindən Endryu Payperin (Andrew A. Pieper) rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən təqdim edilən yeni nəticələr vəziyyəti dəyişə bilər. Cell Reports Medicine jurnalında dərc olunan məqalədə alimlər göstəriblər ki, P7C3-A20 birləşməsi patoloji prosesləri tamamilə geriyə çevirə, yaddaşı və idrak funksiyalarını bərpa edə, hətta neyron əlaqələrinin strukturunu yenidən formalaşdıra bilir. Nəticədə heyvanlarda yaddaş və öyrənmə qabiliyyəti geri qayıdır.

P7C3-A20 beynin enerji mübadiləsində və hüceyrələrin qorunmasında mühüm rol oynayan nikotinamidadenindinukleotid (NAD⁺) balansını bərpa etmək qabiliyyəti ilə tanınır. NAD⁺ səviyyəsinin azalmasının Altsheymer xəstəliyinin ağırlığı və beynin neyrodegenerasiyaya qarşı müqavimətinin itməsi ilə birbaşa əlaqəli olduğu müəyyən edilib.

Bu nəticəyə alimlər siçanlarda xəstəliyin iki modeli üzərində aparılan təcrübələr nəticəsində gəliblər: amiloid modeli (5xFAD) və tau-asılı modeli (PS19). Birinci model beyində zəhərli beta-amiloid zülalının toplanmasını, ikinci isə patoloji tau-zülalından ibarət hüceyrədaxili düyünlərin yaranmasını əks etdirir.

P7C3-A20 ilə müalicə kursundan sonra heyvanlarda iltihab, oksidləşdirici stress və DNT zədələnməsi əlamətləri aradan qalxıb, həmçinin yaddaş və öyrənməyə cavabdeh olan hipokampda sinaptik aktivlik bərpa olunub. Bundan əlavə, xəstəliyin əsas biomarkerlərindən biri sayılan p-tau217 səviyyəsi normaya düşüb, davranış testləri isə idrak funksiyalarının tam bərpa olunduğunu təsdiqləyib.

Alimlər nəticələri insan beyin toxumalarının analizi ilə müqayisə edərkən müəyyən ediblər ki, insanlarda da xəstəliyin ağırlığı NAD⁺ balansının pozulması ilə əlaqəlidir. Maraqlıdır ki, NDAN fərdlərində - yəni Altsheymerin tipik əlamətləri olduğu halda intellekti qorunan insanlarda - NAD⁺ tarazlığı stabil qalır. Bu fakt beynin təbii “müqavimət” mexanizmlərinin mövcudluğu hipotezini gücləndirir və onların dərmanlarla gücləndirilə biləcəyini göstərir.

Molekulyar analiz həm insanlarda, həm də siçanlarda eyni şəkildə dəyişən və P7C3-A20 ilə müalicədən sonra normallaşan 46 zülalı üzə çıxarıb. Bu zülallar mitoxondrial funksiya, lipid mübadiləsi və iltihabi siqnallarla əlaqəlidir və alimlərin fikrincə, insanlarda müalicə üçün perspektivli hədəflər ola bilər.

Beləliklə, tədqiqatın müəllifləri göstəriblər ki, Altsheymer xəstəliyi təkcə zəhərli zülalların yığılması deyil, həm də beynin özünü bərpa etmək qabiliyyətinin itirilməsidir. Əldə olunan nəticələr demensiyanın gec mərhələlərində belə beyni bərpa edə bilən yeni dərmanların hazırlanmasına yol açır. Bununla belə, hazırda sınaqlar yalnız laboratoriya modelləri ilə məhdudlaşır və preparatın insanlar üçün təhlükəsizliyinə dair ilkin tədqiqatların yaxın illərdə başlaması gözlənilir.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı