Roma dövrünün məşhur britaniyalısı afrikalı deyilmiş

post-img

Alimlər Roma imperiyası dövründə Britaniyada yaşamış bir qadının DNT-sini araşdıraraq onun yerli əhaliyə mənsub olduğunu müəyyən ediblər. Bu nəticə qadının afrikalı köklərə malik olması barədə uzun illər yayılmış nəzəriyyəni təkzib edib.

Söhbət “Bichi-Hed qadını” kimi tanınan skeletdən gedir. Qalıqlar 2012-ci ildə İngiltərənin İstborn şəhərində aşkar edilib. Radiokarbon analizi göstərib ki, qadın eramızın 129–311-ci illəri arasında, Roma işğalı dövründə yaşayıb.

İlk tədqiqatlarda kəllə quruluşuna əsasən qadının Saharaaltı Afrikadan olduğu iddia edilmişdi. Bu fikir geniş yayılmış, qadın Britaniyanın ilk qaradərili sakinlərindən biri kimi təqdim olunmuşdu.

Lakin sonrakı araşdırmalar ziddiyyət yaratdı. Dişlərin analizi onun İngiltərənin cənub sahillərində böyüdüyünü göstərdi. 2020-ci illərdə aparılan tam genetik analiz isə qəti nəticə verdi.

London Təbiət Tarixi Muzeyinin alimləri müəyyən etdilər ki, qadının genetik kökləri qədim Britaniya əhalisinə bağlıdır. Afrikalı mənşəyə dair heç bir sübut tapılmadı. Qadının DNT-si Şimali Avropaya xas xüsusiyyətlər daşıyır.

Genetik məlumatlara görə, qadının gözləri mavi, saçları açıq rəngli olub. Dəri rəngi orta tonlu idi. Bu nəticələr əsasında onun yeni üz rekonstruksiyası hazırlandı.

Araşdırma zamanı qadının həyatı ilə bağlı başqa məlumatlar da üzə çıxdı. Ölüm zamanı yaşı 18–25 arasında olub, boyu 152 sm idi. Ayağından ağır zədə alsa da, sağalıb. Qidasında əsasən dəniz məhsulları üstünlük təşkil edib.

Bu tədqiqat göstərir ki, yalnız kəllə formasına əsaslanan köhnə üsullar səhv nəticələrə gətirib çıxara bilər. Müasir DNT texnologiyaları isə tarixi həqiqətləri daha dəqiq üzə çıxarmağa imkan verir.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı