“Qeyrət” mətbəəsi – 120
“Qeyrət” mətbəəsi Cəlil Məmmədquluzadənin Tbilisidəki evinin alt qatında fəaliyyət göstərib
Qarşıdan milli mətbuatımızın ilki olan “Əkinçi” qəzetinin şanlı yubileyi gəlir. Görkəmli maarifpərvər ziyalı Həsən bəy Məlikov-Zərdabinin yaratdığı bu qəzetin ardınca bir çox Azərbaycandilli mətbu nəşrlər və çapxanalar pərvəriş tapıb. Yaradılmasından 120 il ötən “Qeyrət” mətbəəsi də bu sıradandır.
Qafqazda ilk maarifçilik şirkəti sayılan “Qeyrət” 1905-ci ilin yanvarında Tbilisidə “Şərqi-rus” qəzeti borca düşüb bağlanandan sonra Azərbaycanın görkəmli yazıçı-dramaturq, jurnalist və ictimai xadimləri Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin onun bazasında yaratdıqları ilk milli çapxanamız olub. Bəri başdan bu da xüsusi qeyd edilməlidir ki, onlara mətbəəni almaqda naxçıvanlı tacir Məşədi Ələsgər Bağırzadə təmənnasız maddi kömək göstərib.
Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı “Azərbaycan mətbuat tarixi” kitabında yazır ki, “Şərqi-rus” bağlandıqdan sonra onun naşiri M.Şahtaxtinski redaksiyanın mətbəəsini satışa çıxardı. Bu barədə Ömər Faiq Nemanzadənin xatirələrində oxuyuruq: “Mətbəəni almaq məsləhəti ilə Cəlil Məmmədquluzadəyə müraciət etdim. Mirzə Cəlil “Məhəmməd ağa pul istəyəcək, ancaq pul nə səndə, nə də ki məndə var” cavabını verdi”. Mətbəəni almaq üçün maddi vəsait axtarışına çıxan dostlar, nəhayət, belə xeyirxah insanı Məşədi Ələsgəri tapırlar. O, ilkin olaraq 7 min manat pul verir, sonra isə “Molla Nəsrəddin” jurnalının çapına da vəsait xərcləyir. Yeni mətbəə “Qeyrət” adı ilə fəaliyyətə başlayır və 1907-ci ilə qədər bu iş davam edir. Fəaliyyətinin ilk aylarından “Qeyrət”in gəlirlə işlədiyini görən bu üç dost mətbəəni daha da genişləndirmək, istehsal gücünü daha da artırmaq istəyirlər. Ö.F.Nemanzadənin xatirələrindən bəlli olur ki, 1907-ci ildə dostlar “Qeyrət kampaniyası” adı altında bir şirkət vücuda gətirirlər. Onlar mətbəənin 7 min manatlıq qiymətini 28 paya bölmüş, hər paya 250 manat hesabı ilə hər biri iki pay götürüb 22 payı satışa buraxmışlar”.
Beləcə, bir müddət mətbəə 28 payçının ixtiyarına keçir. Mətbəənin ilk elanında deyilirdi: “Tiflisdə “Qeyrət” mətbəəsi türkcə, farsca, ərəbcə, rusca və firəngcə hər növ kitab, məcmuə və hər cür tüccar və divanxana dəftər və kağızları ən gözəl hərf ilə çap edir”. Mətbəədə böyük çap maşını, bir amerikanka maşını, 10 mürəttib işləyəcək qədər hərf və hərf kassaları vardı. Maşınlar Moskvadakı “Modern” alman firmasından alınmışdır. Təkcə “Molla Nəsrəddin”i çap etməklə kifayətlənməyən “Qeyrət”çilər Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük töhfə olan kitabçalar, siyasi mahiyyətli intibahnamələr, dini əsərlər, vərəqələr, təqvimlər, müraciətlər çap edirdi. Mətbəənin buraxdığı ilk kitablardan biri Firdovsinin “Şahnamə”sindən bir hissə – Rəşid bəy Əfəndiyevin tərcümə etdiyi “Rüstəm və Söhrab” olur. Çap olunan kitabların bəziləri pulsuz paylanır, bəziləri isə ucuz qiymətə satılırdı. Bir çox hallarda isə “Molla Nəsrəddin”in oxucularına hədiyyə kimi göndərilirdi.
Əlbəttə, milli oyanış, milli dirçəliş, mədəni tərəqqi üçün bir vasitə oan mətbəəni saxlamaq çətin idi. Maddi imkanlı olanların çoxu yalnız özünü düşünür, xalq işindən uzaq qaçır, milli təşəbbüsə qoşulmurdular. Bu haqda Ömər Faiq yazırdı: “Ağızlarından arabir çıxardıqları “vamillətə” sözləri dillərinin ucundadır. Əksər sözləri puldur, quru hay-küydür. Millətə lazım olduqları vaxt yüz verst uzaq qaçırlar. “İntelligent”liyi qıraxmallı köynəkdən, başa şapka keçirməkdən, millətin ağır işlərindən qaçmaqdan ibarət bilirlər. Avam camaatın qabağında nümunə olub millətə faydalı bir iş görmürlər. Duaları, təfəkkürləri, asıb-kəsmələri ancaq dillərindədir, xəyallarındadır... Xülasə, bizə dua və söz bəsdir. İş görməliyik. İş, iş, iş”...
Yalnız “Qeyrət”in ətrafına cəlb olunmuş əməkdaşların gücü ilə burada xeyli iş görülüb. Mirzə Cəlil, Ə.Hüseynzadə, Ö.F.Nemanzadə və Əbuturab Axund oğlunun məqalələrindən ibarət “Bizə hansı elmlər lazımdır” kitabında dini və dünyəvi elmlərin müasir həyatda rolu məsələsi müzakirəyə qoyulub. Mirzə Cəlilin “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” əsərlərini, Ömər Faiqin “Nəşri asarə dəvət”ini, Əhməd bəy Cavanşirin, Məmməd Səid Ordubadinin, Namiq Kamalın, Əbdürrəhim bəy Haqverdiyevin, Əlimirzə Nərimanovun kitablarını da qısa vaxtda nəşr edən “Qeyrət” mətbəəsi Azərbaycanda maarifçilik hərəkatına böyük təkan verib, kitab mədəniyyətinin formalaşmasında şərəfli tarix yazıb.
Cəlil Məmmədquluzadənin Tbilisidə yerləşən ev muzeyi, eyni zamanda “Qeyrət”in ünvanı olub. Çünki mətbəə evin zirzəmisində yerləşib. Deməli, bura həm də məşhur “Molla Nəsrəddin” jurnalının ilk saylarının, “Poçt qutusu” və “Usta Zeynal”ın çap edilərək işıq üzü gördüyü məkandır. Ümid edirik ki, muzey – o cümlədən “Qeyrət” mətbəəsi – tam şəkildə bərpa olunacaq, yenidən gürcü və azərbaycanlı ziyarətçilərin sevimli məkanına çevriləcək.
Ə.DOSTƏLİ
XQ