Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Qazaxıstan Xalqları Assambleyasının 30 illik yubileyi və Aktau şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar “Ana. Cəmiyyət. Gələcək” adlı beynəlxalq forum keçirilib.
Forumda Manqistau vilayət akiminin müavini Teleqen Abişev, ölkənin müxtəlif bölgələrindən gələn Analar Şurasının nümayəndələri, eləcə də Türkiyə, Qırğızıstan və Özbəkistandan gələn təmsilçilər iştirak edib.
Tədbirdə ölkəmizi Azərbaycan Milli Məclisinin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və ölkəmizin Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı təmsil edib.
Tədbirdə çıxış edən akim müavini Teleqen Abişev ailə dəyərlərinin qorunub saxlanılması, uşaqların tərbiyəsində Analar Şurasının əhəmiyyətini vurğulayıb, qurumun cəmiyyətin ən aktual məsələləri ilə bağlı konkret layihələri həyata keçirdiyini qeyd edib.
Hicran Hüseynova öz çıxışında tarixən türk dünyasında qadının yalnız ana kimi deyil, həm də xalqın tərbiyəçisi, əxlaqi və mənəvi dəyərlərin qoruyucusu, ictimai və siyasi həyatın fəal iştirakçısı kimi açar rol oynadığını bildirib və azərbaycanlı qadınların şərqdə ilk dəfə 1918-ci ildə səsvermə hüququ əldə etdiyini, 124 il əvvəl Bakıda müsəlman dünyasında ilk dünyəvi qız məktəbi açıldığını vurğulayıb. Bu gün Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini, müstəqil Azərbaycanın inkişafına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdiyini vurğulayıb.
Xalqımızın təxminən 30 il davam edən erməni işğalı nəticəsində ağır itkilərə, çoxu zorakılıq və işgəncələrə məruz qaldığı, o cümlədən hadisələr zamanı məcburi köçkün olan, itkin düşən, əsir götürülən qadın və uşaqlar barədə ətraflı məlumat verən H.Hüseynova qeyd edib ki, bütün bu əzablara baxmayaraq qadınlarımız böyük mənəvi güc nümayiş etdirərək müstəqil Azərbaycanın inkişafı prosesinə fəal şəkildə qoşulublar.
H.Hüseynova ailə, qadın və uşaqların Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən olduğu, bu sahə üzrə ölkəmizin Qoşulmama Hərəkatı, BMT, TÜRKPA və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini bildirib.
Forum çərçivəsində iştirakçılar gender bərabərliyi, analar şuralarının fəaliyyəti, qadın təhsili, ana və uşaq hüquqlarının müdafiəsi, ailə tərbiyəsinin əhəmiyyəti, qadınların sosial dəstəyə ehtiyacı olan qruplarla işi, gənclərin mənəvi-əxlaqi dəyərlər əsasında tərbiyə olunması kimi məsələləri müzakirə ediblər.
Tədbirin sonunda Analar Şurasının fəal üzvləri və nümunəvi analar təltif olunub, sonra isə akim müavini T. Abişev xarici ölkələrdən gələn nümayəndə heyətlərini qəbul edib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Aktau