Türk dünyasi mədəniyyətlərarasi  dialoqda: İki Qəlbin Dastanı – Azərbaycan-Özbəkistan

post-img

“Sən qılıncsız, yalnız qələmin ilə türk ölkələrini, türk millətinin qəlbini fəth edəcəksən, onları vahid millət yapacaqsan...” 

Nəvai. “Səddi-İskəndər” poemasından 

27 may 1996-ci il tarixində Ümumilli Lider Heydər Əliyev Özbəkistan Prezidenti ilə görüşdə çıxış nitqində vurğulamışdır: “Özbəkistan Azərbaycan üçün yaxın dost ölkədir. …Xalqlarımız arasında dostluğun qədim tarixi vardır. Əcdadlarımız bu dostluğun yaşaması və möhkəmləndirilməsi üçün çox iş görmüşlər”. XX əsrin 90-ci illərinin sonunda Ulu Öndər müstəqilliyini qazanmış hər iki ölkəyə bu münasibətləri, o cümlədən mədəni əlaqələri genişləndirməyi böyük şərəf hesab etmiş və gələcək nəsillərin üzərinə böyük məsuliyyətin düşməsini xüsusi vurğulamışdır.

2024-cü ilin 14 fevral tarixində Prezident İlham Əliyev  andiçmə mərasimindəki çıxış nitqində Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində göstərilən səyləri prioritet kimi qiymətləndirərək vurğulamışdır: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. 

Bu gün ölkə başçımız İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” çağırışına cavab olaraq, ortaq köklərə malik Azərbaycan və Özbəkistan dövlətləri arasındakı münasibətlər səmimi dostluq və strateji əməkdaşlıq siyasətinə arxalanır. Bu münasibətlərin bünövrəsi yalnız siyasi və iqtisadi deyil, həm də mədəni, mənəvi və tarixi amillərə söykənir. İki qardaş xalq arasında mədəni əlaqələr günü-gündən möhkəmlənir.

Böyük İpək Yolu – mədəni əlaqələrin tarixi təməlidir

Azərbaycan ­– Özbəkistanın arasında mədəniyyətlərarası dialoqun tarixi uzaq keçmişlərə təsadüf edir. Orta əsrlərdən Böyük İpək Yolunun üzərində yerləşən şəhərlərimizin elmi-mədəni əlaqələri buna əyani sübutdur. Dünya klassik ədəbiyyatının zirvəsi hesab olunan Azərbaycan şairləri Nizami, Xəqani, Nəsiminin yaradıcılığı XV əsr özbək ədəbi-fəlsəfi fikrinin görkəmli siması Nəvai poeziyasına təsiri olmuşdur. Türkcə yazmağı fəzilət sayan Nəvai əsərlərində ustadı Nizamini böyük ehtiramla yad edir, sənətini yüksək dəyərləndirirdi. Nəvai beş məsnəvidən ibarət  poemalar toplusu – “Xəmsə”də Nizami Gəncəvinin ənənəsini türkcə davam etdirmişdir. Cığatay dilində qələmə aldığı “Səddi-İsgəndər”də Nəvai türk ədəbiyyatını türklərin  milli mədəni identikliyinin  başlıca amili hesab edirdi.  Nəvainin simasına özbək xalqının Azərbaycan xalqı ilə ədəbi dialoqu Füzulinin yaradıcılığında sələf-xələflik münasibətləri kontekstində  davam etdi. Orta əsrlərdən başlanan Azərbaycan-özbək ədəbi əlaqələri  sonrakı  dövrlərdə  mütəfəkkirlərin, alimlərin, şairlərin arasında yaranan münasibətləri  mədəni  dialoqun davamı oldu. Daha sonra, Türk və İslam dünyasında  teatrın təşəkkülünə və yayılmasına ciddi təkan verən Azərbaycan dramaturgiyasının baniləri Mirzə Fətəli Axundzadənin və Nəcəf bəy Vəzirovun  əsərləri, teatr ideyaları və maarifçilik fəaliyyəti özbək teatr sənətinin formalaşmasında və inkişafında mühüm rol oynadı. Özbək xalqı Azərbaycanın görkəmli səhnə xadimləri Hüseyn Ərəblinskinin, Mirzə Məmmədvəli Qəmərlinskinin, Sidqi Ruhullanın, Yeva Olenskayanın qastrol səfərləri özbək xalqını teatr sənəti ilə tanış etdi. 

XX əsrin 80-ci illərində “İki qəlbin dastanı” qələmə alınıb musiqi ilə vəsf edildi

Sovet dönəmində Azərbaycan-özbək ikitərəfli əlaqələr mədəniyyət və incəsənət günləri, rəsm sərgiləri, kitab bayramları, musiqi festivalları, teatr-konsert proqramları, ədəbi mübadilə formasında inkişaf edirdi. 1980-ci ildə Asiya, Afrika və Latın Amerika ölkələrinin “Daşkənd kinofestivalı”nda iki seriyalı  “Babək” filminin nümayişi Azərbaycan filminin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm rolu olmuşdur. Üçüncü dünya ölkələrinin mədəniyyətini, müstəmləkəçiliyə qarşı ideoloji və sənət əsərlərini təşviq edən kinofestivalda “Babək” filminin təqdimatı Azərbaycan xalqının qəhrəmanlıq ruhunu və milli mübarizə ideyasını beynəlxalq  auditoriyaya dolğunluqla çatdırmışdır.

Bəstəkar Arif Məlikovun məşhur özbək yazıçısı Şərəf Rəşidovla birlikdə yazdıqları və 1983-cü ildə Özbəkistanda Əlişir Nəvai adına Böyük Teatrda premyerası olan  “İki ürək dastanı” baletinin adı  ədəbi-bədii metaforaya çevrildi,  iki xalqın ortaq mədəni cəhətlərini, birliyini və taleyinin vəhdətini simvolizə etdi. İllərdir ki, Azərbaycan-Özbəkistan mədəniyyətlərarası dialoqu əks etdirən “iki qəlbin dastanı” ifadəsi  bir çox mədəniyyət və incəsənət xadimlərini bu qarşılıqlı münasibətləri davam etdirməyə ilhamlandırır.

Müstəqillik illərində Azərbaycan-Özbəkistan  arasında mədəni dialoq  

Müstəqilliyin qazanılması hər iki ölkənin tarixində yeni səhifə açdı. Müstəqil Azərbaycan və Özbəkistan Respublikaları arasında mədəniyyətlərarası dialoq dostluq çərçivəsindən çıxıb həm də strateji əhəmiyyət əldə etdi. Böyük İpək Yolunun varisləri mədəni dialoq ənənəsini davam etdirərək 90-ci illərin ictimai-siyasi burulğanları fonunda mədəni və mənəvi həmrəyliyin möhkəmləndirilməsi üçün qarşılıqlı addımlar atdılar. 1996-cı ilin may-iyun aylarında Özbəkistan Prezidentinin Azərbaycana səfəri, həmin ilin oktyabr ayında Azərbaycan Prezidenti Heydər Əliyevin Daşkənddə Əmir Teymurun 660 illik yubileyində iştirak etmək üçün Özbəkistana səfəri mədəni əlaqələr tarixində yeni mərhələyə təkan verdi. Sözügedən dövrün mədəni dialoqunun strateji hədəfi ortaq türk kimliyini möhkəmləndirmək, mədəni irsi qarşılıqlı zənginləşdirmək, gənc nəsli ortaq türk dəyərlərilə tanış etmək idi.

1998-ci ildə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin açılması iki türk dövləti arasında mədəni əməkdaşlıq üçün geniş imkanlar yaratdı. Teatr kollektivlərinin, musiqi sənətçilərinin qarşılıqlı səfərləri, tələbə-müəllim mübadiləsi, elmi simpozium və konfransların keçirilməsi, Azərbaycan və özbək klassik və müasir ədəbiyyatı nümunələrinin qarşılıqlı şəkildə tərcümə edilməsi, şair və yazıçıların yaradıcılığının öyrənilməsinə və tanıdılmasında atılan addımlar incəsənət, elm və təhsil, ədəbiyyat və tərcümə sahəsində əməkdaşlığın bariz nümunəsinə çevrildi.

Müstəqillik illərində ikitərəfli mədəni əməkdaşlıq Türkdilli dövlətlərin konsolidasiya platforması olan Türk Dövlətləri Təşkilatı və TÜRKSOY  çərçivəsində  yeni vüsətlə davam etdi. Musiqi bayramları, incəsənət günləri və həftələri,  ədəbiyyat tədbirləri bu dialoqun təşəbbüsləri kimi dəyərləndirildi.

XXI əsrdə Azərbaycan-Özbəkistan mədəniyyətlərarası dialoqu ehtiram rəmzlərində: “Biz kim, məliki-Turan...”

Hazırda Azərbaycan və Özbəkistan arasında münasibətlər qarşılıqlı hörmət və ehtiram əsasında qurulub. Son illərdə təşkil olunan yüksək səviyyəli səfərlər zamanı strateji tərəfdaşlıq, iqtisadi əməkdaşlıq, mədəni əlaqələr və beynəlxalq təşkilatlarda birgə fəaliyyət barədə sazişlər imzalanıb.   

Hazırda Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir. Qısa müddətdə iki xalqın yaxınlaşması sahəsində intensiv addımar atılıb. 2024-cü ilin avqust ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkisatana səfəri zamanı iki qardaş ölkə arasında   müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması tarixi hadisə olaraq dövlətlərarası qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində yeni fəslin başlanmasına dəlalət etdi. Həmin çərçivədə birgə humanitar layihələrə imza atılmış, mədəni tədbirlər həyata keçirilmişdir.

Bu gün Özbəkistan Azərbaycanın Böyük Tarixi Qələbəsinə, ölkənin ərazi bütövlüyünün bərpa olunması və əzəli doğma torpaqların qaytarılmasına münasibətini sevinc hisslərilə bildirir. Özbəkistan ilk ölkədir ki, mənəvi dəstək olmaqla yanaşı azad olunmuş ərazilərdə bərpa işlərində yaxından kömək edib. 2023-cü ildə Özbəkistan tərəfindən Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan məktəbin tikilməsi iki ölkənin qardaşlıq münasibətlərinin simvoludur.

Bu gün biz Özbəkistanı hansı mədəni simgə və rəmzlərdə tanıyırıq?

 Mədəni simgə – bu və ya digər mədəniyyətin identikliyinin həqiqi rəmzi olan insan və ya artefaktdır. Mədəni simgə mədəni identiklik barədə ümumi təsəvvürlər yaradır. Mədəni rəmzlər konkret bir mədəniyyətin dəyərlərinin, norma və ideallarının məzmununu obrazlı ifadə edir. 

Özbək xalqı  Türk dünyasının ən böyük fatehlərindən biri olmuş Əmir Teymur şəxsiyyətini milli qürur mənbəyi səviyyəsinə qədər ucaltmışdır.  Onun siyasi-ideoloji baxışlarını əks etdirən “Tüzüki-Teymuri” (“Teymurun qanun kitabı”) milli irsin əsas hissəsi hesab olunur. Əmir Teymurun “Biz kim, məliki-Turan, əmiri - Türküstan, millətlərin ən uluğu bolğan türknün baş boğunumuz!”  ifadəsi türklərin tarixi böyüklüyünü, kimliyini və mədəni birliyini parlaq təsdiq edir.

Əlişir Nəvai fenomeninin  “türkçülük” və “türk dilçiliyi” sahəsində böyük xidmətləri olmuşdur. Nizaminin davamçısı olan Nəvai özbək ədəbiyyatının və dilinin simvoludur. 

Özbəkistanın bir çox şəhərləri Səmərqənd, Buxara, Fərqanə, Xivə və digərlər şəhərlər tarixi-mədəni mərkəzlər olmaqla yanaşı İslam sivilizasiyasının beşiyi sayılır. Registan meydanı, Bibixanım məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi,  Əmir Teymur və onun nəslinin uyuduğu Gur-Əmir mavzoleyi, Şahi Zində və Xoca Daniyar məqbərəsi, habelə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan digər memarlıq abidələri  ulu tarixin “imza” atdığı məkanlardır.

Özbəkistanı Azərbaycana tanıdan mədəni və mənəvi simgələri  sırasında Şərq musiqisinin nadir forması – makom xüsusilə vurğulanmalıdır. Makom nəyinki Özbəkistanın həmçinin bütün sivilizasiyanın sərvəti hesab olunaraq     UNESKO-nun Ümumdünya Mədəni İrs siyahıına salınmışdır. Səmərqənddə keşirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı Mərkəzi Asiyada təşkil olunan ən irimiqyaslı festivaldır. Festivalın məqsədi milli musiqi sənəti sahəsində ən yüksək nailiyyətlərinin populyarlaşdırılması, yaradıcılıq əlaqələrinin genişləndirilməsi, xalqlararası sülh, dostluq və qarşılıqlı anlaşmanın təşviqidir.

Ənənəvi əl işi suzani naxışlı məşhur Səmərqənd və Buxara parçaları  Özbəkistanın multikultural irsinin təzahüridir. Suzani motivlərinin tarixi kökləri islamaqədərki dövrlərə təsadüf edir. Həmin naxışlarda Ana təbiətə insan övladının tərənnüm himni səslənir.

Qlobal ideyalar dialoqunda: "Mədəniyyət vasitəsilə sülh"

Yeni  Özbəkistanın  İnkişaf Strategiyası "Mədəniyyət vasitəsilə sülh" kəlməsi ilə də ifadə oluna bilər. Son illərdə millətlərarası və konfessiyalararası  qarşılıqlı anlaşmanın möhkəmləndiriləməsi Özbəkistanın mədəniyyət siyasətinin strateji prioritetlərindən biridir. 2022-ci ildə “Deklarasiyaların dialoqu” Beynəlxalq Forumda qəbul olunan Buxara deklarasiyası dünya ictimaiyyəti tərəfindən qlobal sülhə və tolerantlığa çağırış kimi dəyərləndirildi. Orta Asiyanın sivilizasiyaların beşiyi kimi yenidən tarixi-kulturoloji refleksiyaları üçün geniş meydan açdı. Mühüm beynəlxalq təşəbbüs sənədi – Buxara deklarasiyası bəşəriyyəti mədəniyyət vasitəsilə  sülhə çağırış edir.

Özbəkistanın yaradıcı intellektualları, milli mədəniyyətin daşıyıcıları olmaqla yanaşı, qlobal humanitar dialoqun fəal iştirakçılarıdır. Hazırda Özbəkistanın yumşaq güc siyasəti sülh, tolerantlıq və ortaq bəşəri dəyərlərin sənət vasitəsilə yayılmasına xidmət edir. Özbəkistan mədəniyyəti və incəsənəti qlobal mədəniyyətlərarası dialoqda öz layiqli sözünü deyir. Özbək xalqının sənət adamları zəngin milli irsə söykənərək çağdaş bədii  ifadə üsullarından istifadə edərək qlobal mədəniyyətlərarası dialoqda fəal iştirak edir, Şərq və Qərb arasında körpü qurur.  

Yeganə Əliyeva

AMEA-nın  Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi,

 kulturologiya üzrə fəlsəfə doktoru, dosent 

 

 



Mədəniyyət