15 avqust tarixində Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ilik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Kitabxanadan XQ-yə verilən məlumata görə, tədbiri açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı, akademik Bəxtiyar Vahabzadənin yalnız Azərbaycanın deyil bütün Türk dünyasının ən sevimli şairi olduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə 21 fevral 2025-ci il tarixində imzalandığı Sərəncama müvafiq olaraq Mədəniyyət Nazirliyinin, TÜRKSOY və Azərərbaycan Milli Kitabxanasının birgə keçirdiyi tədbirlərdən bəhs edib.
Qeyd edib ki, artıq fevral ayının 24-də Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq mədəniyyət təşkilatı və Azərbaycan Milli kitabxanası Ankarada TÜRKSOY-un iqamətgahında “Bəxtiyar Vahabzadə ili”nin açılış mərasimini edib, Ankaradakı Bəxtiyar Vahabzadə adına məktəbdə “Türk dünyasının Bəxtiyarı” adlı ədəbi bədii kompozisiya keçirib. Eyni zamanda Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə lahiyəsi olan “Görkəmli şairin ilk kitabı” seriyasından Bəxtiyar Vahabzadənin 1949-cu ildə nəşr olunan “Mənim dostlarım” adlı kitabının təqdimatı da keçirilib. İlin sonuna qədər bir sıra belə tədbirlərin nəinki Azərbaycanda bütün türk dünyasında keçiriləcəyini qeyd edən direktor Azərbaycan Milli Kitabxanası tərəfindən “Bəxtiyar Vahabzadə. Biblioqrafiya” kitabının hazırlandığını vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, yazıçı-publisist Vasif Qurbanzadə Bəxtiyar Vahabzadəni şəxsən tanıdığını söyləyərək, Azərbaycan ədəbiyyatı, elmi, mədəniyyəti yaşadıqca Bəxtiyar Vahabzadənin ədəbiyyat tariximizin ən parlaq səhifələrindən biri kimi əbədi yaşayacağını söyləyib. Onun elmi və pedaqoji fəaliyyəti, vətəndaşlıq mövqeyi və dostluq münasibətlərinə toxunub, “Gülüstan” poemasını ilə Ümummilli lider Heydər Əliyevin sevgisini qazandığını söyləyib. Əlavə edib ki, alim və şair kimi Bəxtiyar Vahabzadəyə münasibət hər zaman yüksək olub.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçi, filologiya elmləri doktoru, professor Esmira Fuad (Şükürova) çıxışında Xalq şairi Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılığı, zəngin ədəbi irsi, türkçülük ideyaları, onun Azərbaycan ədəbiyyatındakı mövqeyi barədə ətraflı bəhs edib. Bəxtiyar Vahabzadənin Türk dünyasının, Turanın ədəbi yaşar şairi olduğunu söyləyib. Bəxtiyar Vahabzadənin bu gün aktual olduğunu və gələcəkdə də aktual olacağını deyib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçi, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli çıxışında Bəxtiyar Vahabzadənin XX-XXI əsr Azərbaycan poeziyasının nadir simalarından biri olduğunu söyləyib. Bəxtiyar Vahabzadə poeziyasının təməlində Azərbaycançılıq, Türkçülük və Turancılıq ideyasının və insanlıq konsepsiyasının danaydığı əlavə edib. Bəxtiyar Vahabzadənin ucalıq şairi olduğunu deyib.
Sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Türk dünyasının Bəxtiyarı” adlı elektron məlumat bazasının və “Xalq şairi Bəxtiyar Vahabzadə - 100” adlı virtual və ənənəvi sərginin təqdimatı olub.
Elektron məlumat bazası “Rəsmi sənəd”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər şair haqqında”, “Bəxtiyar Vahabzadənin gündəliyindən”, “Ədəbiyyat və sənət haqqında fikirləri”, “Şeirlərinə yazılmış mahnılar”, “Filmoqrafiya”, “Nəşrlər”, “Haqqında”, “Mükafatları”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya” və s. bölmələrdən ibarətdir. Elektron məlumat bazasında yerləşdirilən materiallar tammətni ilə təqdim olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Bextiyar_Vahabzade/index.html linkindən istifadə edə bilərlər.
Virtual sərgi ilə tanış olmaq istəyənlər isə https://anl.az/el/vsb/Bextiyar_Vahabzade/index.htm linkindən istifadə edə bilərlər.
Sonda tədbir iştirakçıları Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Xalq şairi Bəxtiyar Vahabzadə - 100” adlı ənənəvi kitab sərgisi ilə tanış olub.
Qeyd edək ki, “Xalq şairi Bəxtiyar Vahabzadə - 100” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisində rəsmi sənədlər, fotolar, şairin Milli Kitabxanaya təqdim etdiyi imzalı kitabları, görkəmli şəxslərin fikirləri, əsərləri, həyatı və ictimai fəaliyyəti haqqında məqalələr, Bəxtiyar Vahabzadənin poeziyasının dili, dramaturgiyası, dilçilik görüşləri, tərbiyə məsələləri və s. yaradıcılığı haqqında monoqrafiyalar, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.