“Elm və həyat” yeni sayında nədən yazır?

post-img

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının növbəti sayı çapdan çıxıb. Jurnal AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Böyük sənətə yüksək qiymət” məqaləsi ilə açılır. 

Alim Azərbaycan Prezidenti İlham Əliyevin “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı bəzi tədbirlər haqqında” 22 may 2025-ci il tarixli sərəncamının milli mədəniyyətimizin tarixi nümunələrinin yaşadılmasına, memarlıq abidələrimizin qorunub saxlanılmasına, bərpasına göstərilən qayğının əyani ifadəsi olduğunu qeyd edir. Akademik bildirir ki, Atabəylər türbəsi adlandırılan ölməz memarlıq əsəri – möhtəşəm Möminə xatun məqbərəsi Azərbaycan dövlətçiliyi tarixində Nizami dövrü intibahı kimi tanınan mədəni yüksəlişin qiymətli yadigarıdır. Buna görə də elmi-mədəni önəm daşıyır.

AMEA-nın vitse-prezidenti, ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova və həmin   institutun laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayevin “Qədim insanların genləri: insanın təkamülü və formalaşmasının şahidləri”, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikası 1941–1945-ci illər müharibəsi dövründə”, AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovun “Terrorsuz Türkiyə: Bir millətin cəsarətlə yazdığı yeni tarix”, AMEA Rəyasət Heyəti aparatının şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyevanın “AMEA-nın müasir inkişaf prioritetləri” mövzularında yazıları elmi məzmunu ilə yanaşı, populyar maraq da kəsb edir. 

Yeni sayda alimlərdən Məmməd Sadıqovun “Elm dünyasının zirvəsində”,  Nigar Gözəlovanın “Ofelya xanım Bağırbəyovanın xatirələri: İrəvan xan ailəsinin tarixi və mədəni irsi”, Rizvan Qarabağlının “Qarabağlı memar İbrahimxəlil”, Arzu Hacıyevanın “Böyük mütəfəkkir, görkəmli dövlət xadimi” sərlövhəli məqalələri də yer alıb. Sevil Adıgözəlovanın “Əlibəy Hüseynzadənin yaradıcılığında antroponimlərin təhlili”, Esmira Cavadovanın “Ziya işığına yığışan sönməzlər”,  Əli Qəhrəmanovun “Bəxtiyar Vahabzadə dramaturgiyası Naxçıvan teatrında”,  Aqil Əhmədovun “Azərbaycan şərqşünaslığının görkəmli nümayəndəsi: Həsən Mahmudov – 100” adlı məqalə və oçerkləri də oxunaqlı yazılardır.

Oxucular bu sayda Hamlet Allahverdiyevin “Nizami Gəncəvinin “Xəmsə”sində təbiəti mühafizə”, Bəxtiyar Tuncayın “Qriqori Hamama və onun “Alban dilinin qrammatikası”, Fəridə Quliyevanın “Hüseyn Cavid obrazı tablolarda”, Əzizağa Ələkbərlinin “Azərbaycan–Qırğızıstan teatr əlaqələri”, Fəridə Mir Bağırzadənin “Çətən xalçaları” sərlövhəli məqalələri, “Meridian” və “Sağlamlıq” bölmələrində yer alan yazılarla tanış ola bilərlər.   

Ə.ƏLİYEV 
XQ

 

Mədəniyyət