XI Bakı Beynəlxalq Kitab Sərgisi
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində start götürən XI Bakı Beynəlxalq Kitab Sərgisinin 3-cü günündə rəsmi qonaq olan Qətər Dövləti stendinin təqdimatı keçirilib. Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Qətərin mədəniyyət naziri Əbdülrəhman bin Həməd Al Tani iştirak ediblər.
Nazirlər sərgidə nümayiş olunan stendlərlə tanış olaraq, ekspozisiyanı gəziblər. Onlara müxtəlif ölkələrin ədəbiyyat və mədəniyyət nümunələri haqqında ətraflı məlumat verilib.
* * *
Sərgi çərçivəsində akademik Əhəd Canəhmədovun "Mühəndislik təfəkkürünün təkamülü” kitabının təqdimatı olub. Akademik kitabın ərsəyə gəlməsindən danışıb, bildirib ki, kitabda mühəndislik təfəkkürünün qədim dövrlərdən bu günə qədər keçdiyi inkişaf mərhələləri sadə və maraqlı formada izah edilir.
O vurğulayıb ki, orta əsrlərdə Şərqdə və Avropada biliklərin formalaşması dövründə mühəndislik düşüncəsinin az öyrənilmiş mərhələləri də oxucuya təqdim olunur. Müəllif göstərir ki, bu təfəkkürün inkişafı ümumilikdə dünya mədəniyyətinin yüksəlişi üçün mühüm əhəmiyyət daşıyır.
Təqdimatda Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş direktoru akademik Natiq Cavadov, Milli Aviasiya Akademiyasının Nəqliyyat texnologiyaları fakültəsinin dekanı, dosent Nazim Nağıyev, professorlar Mehman Həsənov və Elçin İsgəndərzadə kitabın əhəmiyyətindən söhbət açıblar. Qeyd olunub ki, kitab mexanika və fizika sahəsində biliklərini artırmaq istəyənlər, mühəndisliyə maraq göstərənlər, eləcə də elm və texnika tarixini öyrənmək arzusunda olan hər kəs üçün faydalı ola bilər.
* * *
Sərgidə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə görkəmli bəstəkar, musiqişünas, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının Özbəkistan nəşrinin təqdimatı olub.
Mərkəzin direktoru Akif Marifli kitabın özbək dilində nəşrinin təkcə musiqişünaslıq baxımından deyil, bütövlükdə Azərbaycan və Özbəkistanın mədəni həyatı üçün əlamətdar hadisə olduğunu qeyd edib.
Filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova və sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əhmədova çıxışlarında əsərin Özbəkistanda konservatoriya və musiqi institutlarında tədris vəsaiti kimi istifadə oluna biləcəyini qeyd ediblər. Bildirilib ki, bu nəşr Şərq musiqi məktəbinin dünya mədəniyyətinə təsirinin öyrənilməsinə yeni imkanlar açır. Özbəkistan–Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov kitabın özbək dilində nəşrinin həm də rəmzi məna daşıdığını vurğulayıb.
* * *
Sərgidə mədəni əməkdaşlığın davamı olaraq, tanınmış özbək yazıçısı Javlon Jovliyevin özbək dilində yazdığı “Qorxma” romanının təqdimatı keçirilib. Mərasim ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunub.
“Qorxma” romanı çağdaş özbək ədəbiyyatında mühüm mərhələ hesab olunur və 2021-ci ildə Özbəkistanda “İlin kitabı” seçilib. 2024-cü ildə isə romanın motivləri əsasında eyniadlı sənədli film çəkilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli təqdimatın Bakıda keçirilməsinin oxucular üçün təkcə yeni kitabla tanışlıq imkanı deyil, həm də regional ədəbiyyatda müasir mövzuların tədqiqi baxımından mühüm mədəni platforma olduğunu vurğulayıb. O qeyd edib ki, roman tarixi yaddaşla müasir reallıqları bir-biri ilə mükəmməl şəkildə bağlayır: Bir tərəfdən XX əsrin mürəkkəb dövrləri ilə bağlı kollektiv yaddaşa müraciət edir, digər tərəfdən isə gənclərin şəxsiyyət, daxili azadlıq və sosial məsuliyyət axtarışlarını araşdırır.
Romanın müəllifi Javlon Jovliev isə çıxışında “Qorxma” romanının insanın özünü kəşf etmək, keçmişi dərk etmək və gələcəyə baxmaq kontekstində keçdiyi yol haqqında olduğunu qeyd edib. O, Bakıda oxucu auditoriyası ilə görüşü ədəbiyyatın birləşdirici gücünün, sərhədləri aşmaq qabiliyyətinin təsdiqi kimi qiymətləndirib.
Arzu ƏLİYEVA
XQ