Tanınmış azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadə Parisdə böyük maraqla qarşılanan konsert proqramı ilə çıxış edib.
XQ xəbər verir ki, konsertdə iştirak edənlər gənc musiqiçinin ifasını yüksək qiymətləndiriblər.
Konsert proqramında Bethoven, Debüssi və Prokofyev kimi dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib. Eldəniz Ələkbərzadə ifasında əsərlərin emosional dərinliyi və texniki ustalığı dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Eldəniz Ələkbərzadə 2016-cı ildə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecini, 2020-ci illərdə isə Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2022-ci ildən Parisdəki nüfuzlu “École Normale Alfred Cortot” məktəbində təhsilini davam etdirir və burada ifaçılıq bacarıqlarını təkmilləşdirir.
Gənc pianoçu yaxınlarda “La Marianne” müsabiqəsində ikinci yeri qazanaraq, yeni bir uğura imza atıb. Dekabrın 11-də isə o, eyni konsert proqramını “Salle Cortot” konsert zalında “Midi et Demi” konsert silsiləsində təqdim edəcək. Bu tədbir hər zaman Paris musiqisevərləri üçün xüsusi maraq doğurur.
Eldəniz Ələkbərzadənin konsertləri Azərbaycan musiqi məktəbinin yüksək səviyyəsini və gənc istedadların beynəlxalq səhnədəki potensialını nümayiş etdirir.


