“Elmira, belə yazma, rəhbərliyin xoşuna gəlmir”

post-img

Elmira Hüseyn qızı Axundova karyerasına 1971-ci ildə stenoqraf kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1977–1980-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, 1980−1988-ci illərdə Azərbaycan Yazıçılar Birliyində referent və məsləhətçi vəzifələrində çalışıb. 1988–1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində baş elmi işçi olub. 1984-cü ildə filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib. 1990-1998-ci illərdə "Literaturnaya qazeta"nın Azərbaycan üzrə müxbiri, eyni zamanda, 1993–2002-ci illərdə "Azadlıq" radiosunun rus redaksiyasının müxbiri olub. 2002-ci ildən Bakı Slavyan Universitetinin Tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasında dosent vəzifəsində çalışır.
1994–2003-cü illərdə Azərbaycan Prezidenti Heydər Əliyevin xarici ölkələrə, demək olar, bütün səfələrində jurnalist kimi iştirak edib.
2003-cü ildə “Şöhrət” ordeninə, 2005-ci ildə Əməkdar jurnalist fəxri adına, 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görülüb.
2005-ci ildən 2020-ci ilə qədər Azərbaycan Milli Məclisinin deputatı olub.
2014-cü ildə Elmira Axundovanın 7 cildlik "Heydər Əliyev. Şəxsiyyət və dövr" sənədli-bioqrafik kitabı Azərbaycan Dövlət Mükafatına layiq görülüb. 2018-ci ildə Azərbaycan ədəbiyyatının inkişafındakı mühüm töhfələrinə görə ona "Xalq yazıçısı" fəxri adı verilib. Az müddətdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Elmira Axundova 2-ci dərəcəli “Vətənə xidmətlərə görə” ordeni və “Heydər Əliyevin 100 illik yubiley” medalı ilə təltif edilib.

Redaksiyamızın unutmadığı və unutmayacağı, əbədi mövzulardan biri ümummilli lider Heydər Əliyevin son dərəcə zəngin, mənalı, eyni zamanda, maraqlı ömür yolu və dövlətçilik fəaliyyətidir. Xatırlayırsınızsa, Prezident İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev İli” elan olunan 2023-cü ildə “Xalq qəzeti” “Heydər Əliyev xatirələr işığında” layihəsinə başlamışdı və Ulu öndəri yaxından tanıyan, onun rəhbərliyi altında müxtəlif rəhbər vəzifələrdə çalışan tanınmış dövlət və ictimai-siyasi xadimlərdən silsilə müsahibələr hazırlayıb oxucularına təqdim etmişdi. Mövzunun böyük maraqla qarşılandığını və oxucularımızın bu gün də belə yazıların axtarışında olduğunu nəzərə alıb, yenidən bu layihəni gündəmə gətirib qəzet səhifələrinə çıxarmağı qərara aldıq.

İlk müsahibimiz 10 ildən artıq Heydər Əliyevi müxtəlif tədbirlərdə jurnalist kimi müşayiət etmiş, Ulu öndərin özünə və yaradıcılığına rəğbətlə yanaşdığı, onun haqqında çox sanballı bioqrafik sənədli-tarixi tədqiqat əsərləri ortaya qoymuş Xalq yazıçısı Elmira Axundovadır. Təqdimata ehtiyac olmasa da, Elmira xanım haqqında qısa arayış verməyi lazım bildik.

– Elmira xanım, Heydər Əliyevlə və şəxsən özü ilə tanışlığınızın tarixi haradan başlayır? Sizdə bu şəxsiyyətə maraq necə yaranıb?

– Hələ Sovetlər Birliyi dövründə, təbii ki, Heydər Əliyev haqqında çox eşidirdik, dövri mətbuatda, televiziya ekranlarından onun fəaliyyətini diqqətlə izləyirdik. Yəni bu insan respublikanın rəhbəri, sonra isə SSRİ kimi nəhəng bir dövlətin hakimiyyət olimpində yüksək vəzifə tutan bir şəxs kimi ekranlardan birbaşa evimizə gəlirdi, məruzələrini dinləyirdik. Əlbəttə, o vaxt bu insan mənim üçün əlçatmaz, ünyetməz idi.

Tale elə gətirdi ki, məni 1989–1990-cı ildə ştatdankənar müxbiri olduğum SSRİ-nin mərkəzi dövri nəşrlərindən olan “Literaturnaya qazeta”ya xüsusi müxbir götürdülər. Maraqlıdır ki, elə ilk tapşırıqlarından biri Naxçıvana gedib Heydər Əliyevdən müsahibə götürmək oldu. Bu, elə bir zaman idi ki, keçmiş SSRİ-nin müstəqillik qazanan respublikalarında sovet dönəmində birinci şəxs postunu tutan siyasətçilər yenidən hakimiyyətə qayıdırdılar. Bu fenomen hamını maraqlandırırdı. Axı nəyə görə respublikaların xalq cəbhələri, sovet dövlətinə qarşı olan siyasi qruplar hakimiyyətə gəlib az bir müddət işləyəndən sonra yenidən keçmiş sovet məmurları hakimiyyətə qayıdırdılar? Məsələn, Ukraynada Leonid Kuçma, Gürcüstanda Eduard Şevarnadze və sair ölkələrdə keçmişdə respublikalarına rəhbərlik edənlər artıq müstəqil dövlətlərinin başına keçirdilər...

1990-cı ilin qışında Naxçıvana yola düşdüm. Getməmişdən əvvəl o illərdə Naxçıvanda ali məktəbdə çalışan İsa Həbibbəyliyə telefon açıb bildirdim ki, bəs “Literaturnaya qazeta” mənə tapşırıq verib Heydər Əliyevdən müsahibə götürüm. O da, sağ olsun, dərhal Heydər Əliyevə məlumat vermişdi. Ulu öndər o vaxt Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdi və heç bir siyasi iddiası yox idi.

İsa Həbibbəyli xahişimi Ulu öndərə çatdıranda demişdi ki, “Literaturnaya qazeta”ya müsahibə vermək istəməzdim, çünki onlara inanmıram. Amma Elmira Axundova üçün mənim qapılarım həmişə açıqdır. Ulu öndərin bu fikri məni çox təəccübləndirdi: Axı o məni haradan tanıya bilərdi? Doğrudur, buna qədər “Literaturnaya qazeta”da bir-iki yazım çıxmışdı və respublika mətbuatında da çox fəal işləyirdim, məqalələr yazırdım. Həm də çox populyar olan, Xalq şairi Sabir Rüstəmxanlının baş redaktoru olduğu “Azərbaycan” qəzetinin redaksiya heyətinin üzvü idim və bu qəzetdə rus dilində tez-tez yazılarım dərc edilirdi. Buna baxmayaraq, məqalələrim çox böyük əks-səda doğururdu. Məsələn, Əbdülrəhman Vəzirova qarşı bir neçə kəskin məqalə yazmışdım, başqa tənqidi və sərt siyasi məqalələrim dərc edilirdi. K.Qluşkovun baş redaktoru olduğu “Bakinskiy raboçi” qəzetində də tez-tez yazılarım dərc olunurdu. K.Qluşkov da çox cəsarətli redaktor idi və özü də bu siyasi proseslərin təhlilinin, hadisələrə cəsarətli münasibətlərin qəzet səhifələrində əks olunmasında maraqlı idi. 1988-ci ildə bu qəzetdə “Biz hamımız keçmişdən gəlmişik” (“Vse mı vışli iz proşloqo”) adlı məqaləm dərc edilmişdi. Məqalənin məzmunu qısaca bundan ibarət idi ki, hakimiyyətə can atan yeni qüvvələr keçmişi daşlamağa və tarixdən silməyə çalışırlar. Amma unudurlar ki, biz hamımız o keçmişdə yaşamışıq. Bu fikirlərdən sonra keçirdim Heydər Əliyev obrazına. Bilirsiniz ki, həmin ərəfədə bütün İttifaq mətbuatı, o cümlədən Azərbaycanda çıxan rəsmi qəzetlər ona qarşı ədalətsiz və qərəzli kampaniya aparmağa, onun fəaliyyətinə çamur atmağa başlamışdılar. Yazmışdım ki, çox maraqlıdır, Heydər Əliyevin birinci katib olduğu illərdə yaxşı yaşayan, yüksək vəzifələr tutan, onun əlindən ali mükafatlar və ordenlər alan insanlar indi onun əleyhinə daha ucadan danışırlar. “Yıxılan adama balta vurmağa” nə var ki. Axı niyə belə olmalıdır?

Heydər Əliyev istər hakimiyyətdə olanda, istər hakimiyyətdən kənarlaşdırılandan sonra mətbuatı çox diqqətlə izləyirdi. Xüsusilə həmin ərəfədə. 1988-ci ildə də Moskvadakı hökumət “daça”sında yaşayırdı. Demək olar ki, heç kim onu yada salmırdı, yada salanlar da yalnız ona qara yaxmaqla məşğul idilər.

1990-cı ildə Naxçıvanda Heydər Əliyevlə ilk dəfə görüşəndə həmin məqaləmlə bağlı tarixçəni özü belə danışdı: “Elmira, bilirsən mən səni hardan tanımağa başladım? Qızım Sevil bir gün evə gəldi və mənə bir qəzet göstərib dedi: “Ata, bax “Bakinskiy raboçi” qəzetində gör nə maraqlı məqalə dərc edilib”. Dərhal qəzeti alıb sizin məqaləni oxudum və ürəyimdə bir yüngüllük yarandı. Sevindim ki, Azərbaycanda da belə cəsarətli jurnalistlər var, heç nədən qorxmurlar. Sonra imzaya baxdım ki, Elmira Axundova. Fikirləşdim, axı mən Azərbaycanda jurnalistlərin, demək olar, hamısını tanıyıram, bəs bu kimdir belə? Niyə mən bunu tanımıram?”

Dedim: “Heydər Əliyeviç, mən o qəzetlərdə işləmirdim. Pulisist, ədəbiyyatşünas idim, elmlə məşğul olurdum. Sonralar başladım “Azərbaycan”, “Bakinskiy raboçi”, “Literaturnaya qazeta” da müntəzəm siyasi-publisistik yazılarla çıxış etməyə. Dedi: “Həə, mən ona görə sizi ilk məqalənizdən yada sala bilmədim. Buna baxmayaraq, dedim ki, mən “litqazeta”ya inanmıram, amma Elmira Axundova üçün qapılarım açıqdır”. Bax, bizim maraqlı tanışlığımız belə başladı.

– Dediyiniz kimi, Heydər Əliyevlə ilk görüşünüz Naxçıvanda baş tutub və bu da redaksiya tapşırığı olub. O zaman Heydər Əliyevlə görüşə gedənlər xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürülürdü. Bu sizə problem yaratmadı? İlk görüş sizdə hansı təəssürat formalaşdırdı?

– O görüş vaxtı Heydər Əliyevlə 3 gün, 3 gecə oturub iki böyük müsahibə hazırladım. Birinci müsahibəni hazırlayandan sonra dedim: “Heydər Əliyeviç, bu müsahibəniz çox kəskindir, çap olunmaya bilər”. Mən ona həqiqəti deməliydim. Dedi: “Bilirəm, amma sözümü deyirəm ki, qoy orada oturanlar oxuyub fikirlərimi bilsinlər”. Bu müsahibədə o ki var Mixail Qorbaçovu tənqid etdi, xüsusilə də onun milli siyasətini, “yenidənqurma”sını. Deyirdi, “onun milli siyasəti milli xəyanət siyasətidir. Bu siyasət ölkəni uçuruma aparır”.

Əlbəttə, mən müsahibəni göndərdim. Ancaq onu çap etmədilər. Buna baxmayaraq, redaksiyada çox kəskin mübahisələr olmuşdu. Məni müsahibə almağa göndərən “Literaturnaya qazeta”nın məsul katibi Vladimir Vladimiroviç və şöbə müdiri tələb edirdilər ki, material dərc edilsin. Baş redaktor isə tərəddüd edirdi. Çox-çox sonralar mənə dedilər ki, məqalənin çap olunmasının qarşısını alan Azərbaycan DTK-nın o illərdəki sədri Vaqif Hüseynov olub. Naxçıvanda İsa Həbibbəyli ilə Heydər Əliyevin yaşadığı evə, Ali Məclisə Afiyəddin Cəlilovun yanına, bir sözlə, hara gedirdiksə, bizi bir maşın izləyirdi. İsa müəllim bunu çox sonralar mənə dedi.

DTK təbii ki, mənim Naxçıvana hansı məqsədlə getdiyimi bilir və məni addım-addım izləyirdi. Maraqlısı budur ki, “Literaturnaya qazeta”nın baş redaktoru Vaqif Hüseynovun dostu idi. Zəng vurub ona demişdi ki, biz məsləhət görmürük siz o müsahibəni çap edəsiniz.

– Sonra ikinci müsahibəni aldınız...

– Bəli, sonra ikinci müsahibəni aldım. Ancaq bunu “Literaturnaya qazeta”ya göndərmədim. Mənim üçün maraqlı idi ki, nəyə görə ona qarşı belə ədalətsiz tənqidlər, qarayaxma kampaniyaları aparılır. Çox maraqlı və son dərəcə əhatəli bir müsahibə idi. Bir müddət sonra, təqribən, Heydər Əliyevlə görüşümüzdən bir müddət keçmişdi, mən “partizanlıq” edib bu yazını əməkdaşlıq etdiyim “Azərbaycan” qəzetinə, dostum Sabir Rüstəmxanlıya apardım. Sabir mənə təəccüblə baxıb dedi: “Sən nə danışdığını bilirsən? Heydər Əliyevdən müsahibəni necə verək?” Dedim: “Sən əvvəl oxu, sonra cavabını de”. Müsahibədə də Mixail Qorbaçov haqqında çox sərt fikirlər vardı, SSRİ-nin ovaxtkı hakimiyyətinin yanlış siyasət yürütdüyü kəskin tənqid olunurdu. “Azərbaycan” qəzetinə də yazıçı Bayram Bayramov rəhbərlik edirdi və onun da Heydər Əliyevə münasibəti yaxşı deyildi. Sabir müəllim dedi: “Elmira, sən heç kimə heç nə demə, mən bunu çap edəcəyəm”. Elə də oldu və 2 gündən sonra məqaləm çap olundu.

Bu hadisələrdən sonra Heydər Əliyevlə sıx ünsiyyət saxlamağa başladım. Müxtəlif yazılarım dərc edilirdi və hamısını da Heydər Əliyev oxuyurdu. Sonradan çoxları bu yazıları yaddan çıxardı. Bir dəfə hətta Naxçıvanın Bakıdakı nümayəndəliyində çalışan Süleyman İsmayılova dedim: “Axı, mənim yazılarımın hamısını Heydər Əliyevə niyə çatdırmırlar?” Cavab verdi ki, onların çoxu Moskvada çıxır, mən onları görmürəm.

Moskvada Heydər Əliyev şəxsiyyətinə o zamanlar həqiqətən böyük maraq var idi. Onunla bağlı hər yazını oxuyurdular, hətta Kremldə belə izləyirdilər. O vaxtlar Moskvada “25 saat” (“25 çasov”) adlı çox populyar bir qəzet nəşr edilirdi. Bu qəzetdə ən operativ materiallar dərc olunurdu. Heydər Əliyevin Yeni Azərbaycan Partiyasını yaratması, 1992-ci il Gəncə qiyamı haqqında ora məqalələr göndərdim, dərhal da nəşr edildi. Sonra “Literaturnaya qazeta”da “Heydər sizə Haydar deyil” adlı məqaləm dərc edildi və bu məqalə son dərəcə böyük maraqla qarşılandı. Bütün bu materialları təyyarə ilə Naxçıvana göndərirdim, Ulu öndər də maraqla oxuyurdu. Sonralar bu məqalələrimi kitablarıma daxil etdim.

– Belə demək olarmı ki, o vaxt faktiki olaraq siz Heydər Əliyevi dəstəkləməyə başladınız?

– Yox, mən həqiqəti yazırdım, baş verənləri obyektiv çatdırmağa çalışırdım. Axı, mən Moskvanın mətbuat orqanında çalışırdım. Açıq deyə bilməzdim ki, Heydər Əliyev xalqa, ölkəyə lazımdır və yaxud hakimiyyətə gəlməlidir. Mən, sadəcə, respublikada cərəyan edən hadisələri yazırdım. Məsələn, YAP haqqında yazanda göstərirdim ki, bu partiyanın sosial dayaqları güclüdür, ətrafında Azərbaycanın ziyalı təbəqəsi toplaşıb, xalq Heydər Əliyevi sevir...

– Bunlar Heydər Əliyevi dəstəkləmək deyildimi?..

– Əlbəttə, belə idi. O zamanlar Heydər Əliyevi təcrid etməyə, düşüncələrini və fikirlərini xalqa çatdırmağa imkan verməməyə çalışırdılar. Mən və bir çox başqa jurnalistlər müxtəlif məqalə və müsahibələrlə buna imkan vermirdik...

– Müsahibələrinizin birində etiraf edirsiniz ki, 1990-cı illərin əvvəllərində Heydər Əliyev Naxçıvanda Moskvanın, Bakının təzyiqi altında yaşayıb fəaliyyət göstərəndə, hamı ondan yazmağa qorxurdu, biz isə onun haqqında müsbət yazılar yazırdıq. Belə jurnalistlərin təqiblərə məruz qaldığını, cəzalandırıldığını, hətta fiziki zorakılığa məruz qaldığını da az görməmişik. Sizə necə, təzyiqlər, hədələr olurdumu?

– Düz deyirsiniz, Azərbaycanda Heydər Əliyevdən yazan jurnalistlərə təzyiq var idi. Amma mən Moskvanın mətbu orqanında çalışırdım. Onlar üçün əlçatmaz idim. 1992-ci ilin axırında da “Azadlıq” radiosunun rus bölməsində işləməyə başladım. Heydər Əliyev o zaman hələ Bakıya hakimiyyətə qayıtmamışdı və ciddi təzyiqlərə məruz qalırdı.

Məsələn, mən yazırdım ki, Heydər Əliyev şairə Mədinə Gülgünün yasına gələndə ziyalılar onu necə coşqu ilə qarşıladılar. Əlbəttə, belə yazıları diqqətdə saxlayırdılar.

Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olanda Bakıda vəziyyət gərginləşmişdi. Surətin Gəncə qiyamı hakimiyyəti çox çətin duruma salmışdı. Mən Naxçıvana gedib ondan müsahibə götürdüm. Soruşdu, “bunu çap etdirə bilərsən”. Dedim: “Etdirərəm”. Yazının sərlövhəsi belə idi: “Nadeyus potuşit oqon mirnım putyom” (“Alovu sülh yolu ilə söndürəcəyimə ümid edirəm”). Bu, çox maraqlı müsahibə idi, ona görə də “Literaturnaya qazeta” bunu dərhal çap etdi. Artıq Moskvada bunu təqdir etməyə başladılar. “Azadlıq” radiosunda işləməyə başlayandan isə 10 il onun fəaliyyəti ilə bağlı müntəzəm reportajlar verirdim.

Bəli, Azərbaycanda təzyiqlər var idi. Bir dəfə DTK-nın sədri Vaqif Hüseynov məni yanına dəvət etdi. Doğrudur, mənə münasibəti pis deyildi. Çünki Yazıçılar İttifaqında Anar müəllimlə dostluq edirdi və məni də tanıyıb dost münasibəti göstərdi. Məndən sonra Moskva televiziyasının xüsusi müxbiri Mais Məmmədovu da çağırmışdı. Çünki o da tez-tez Naxçıvana Heydər Əliyevin yanına gedirdi. Rus dilində mənə dedi: “Bəsdir də bu qocanın yanına getdiniz. Onu sakit buraxın. Ondan nə istəyirsiniz axı? Qoy istirahət etsin”.

Yəni sərt şəkildə deyil, belə sakit formada məsləhət gördü ki, Heydər Əliyevlə görüşməyi dayandır. Sonralar isə mənim “Literaturnaya qazeta”da “Heydər sizə Haydar deyil” məqaləm çıxanda bunu Əbülfəz Elçibəyə çatdırmışdılar. Onun komandasından bir nəfər tədbirlərin birində məni görüb dedi: “Elmira xanım, sən səsini azdırmısan e. Belə yazma, rəhbərliyin xoşuna gəlmir”. Hətta AXC hakimiyyətə gələn ərəfədə saqqallılar mənim ofisimə gəldilər. Açıq dedilər: “Biz rusdilli mətbuatın hamısını bağlayacağıq. Bu ölkədə heç kimə lazım deyilsiniz. Siz Moskvaya işləyirsiniz”. Bundan sonra hətta mən Azərbaycandan köçüb getmək haqqında düşünməyə başladım. Axı, mənim çörəyim yazmaqla çıxırdı, əgər bunu əlimdən alsaydılar, uşaqlarımı, ailəmi necə dolandıracaqdım?

(ardı var)

Müsahibəni qələmə aldı:
İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist



Müsahibə