26 fevral Azərbaycan tarixində milli yaddaşın qanlı səhifələrindən biri, Xocalıda dinc əhaliyə qarşı amansız qətliamın ildönümüdür. O müdhiş gecəyə qədər Xocalıda təxminən 7 min nəfər əhali yaşayırdı. Qərbi Azərbaycandan və qonşu Xankəndi şəhərindən ermənilərin zorla köçürdükləri azərbaycanlı ailələr, eləcə də öz yurdlarından didərgin düşmüş Məhsəti türkləri Xocalıda məskunlaşmışdılar.
Azərbaycan 34 ildir ki, bu faciənin dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Müxtəlif ölkələrdə anım tədbirləri, konfranslar, sərgilər təşkil edilir. “Xocalıya ədalət!” çağırışı ilə həyata keçirilən beynəlxalq kampaniyalar faciənin mahiyyətini qlobal auditoriyaya çatdırmaqda mühüm rol oynayır.
Müsahibimiz “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, Birinci Qarabağ müharibəsi veteranı Şamil Sabiroğludur.
– Xocalı soyqırımının növbəti ildönümündə, o fəlakətli gecənin səhəri gününün şahidi kimi, baş verənləri necə xatırlayırsınız?
– 1991-ci ilin dekabr ayında “Səhər” gündəlik informasiya qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri təyin olundum. “Səhər”, “İki sahil” və “Aydınlıq” qəzetlərinə yazılar göndərirdim.
Noyabrın 1-dən Ağdamdan Xocalıya və Şuşaya gedən magistral yol bağlanmışdı. Bu yol Əsgərandan keçirdi və həmin ərazidə əsasən ermənilər yaşayırdılar. Yolun üzərində Pənahəli xanın inşa etdirdiyi məşhur Əsgəran qalası yerləşirdi. Qalanın ətrafı beton dirəklərlə tutulmuş, avtomobillərin hərəkəti tamamilə dayandırılmışdı. Xocalı camaatı artıq dörd ay idi ki, ağır blokada şəraitində yaşayırdı.
Qalanın giriş və çıxış yolları bağlı idi, ümid yalnız hava nəqliyyatına qalmışdı. 1992-ci il yanvar ayının 28-də Ağdamdan Şuşaya gedən mülki helikopter – Mi-8 vurulmuş, 43 nəfər sərnişin və bütün heyət həlak olmuşdu. Ondan sonra cəmi bir dəfə yardım aparan helikopter ərzaq və başqa lazımlı şeylər gətirdi, bir neçə nəfəri də çıxardı. Əhali mühasirədə qaldı, su, işıq, ərzaq yox idi. İnsanlar əzablı günlər yaşayırdılar.
Fevralın 12-si axşam saatlarında o dövrdə ölkə prezidenti olan Ayaz Mütəllibov Təhlükəsizlik Şurasının iclasını keçirdi. Bizə bildirildi ki, Xocalı tərəfindən də bir nəfər nümayəndə iştirak edə bilər. Xocalı sakini Allahyar müəllim iclasda iştirak edəcək, xalqın dərdini, problemini deyəcəkdi. Lakin iclasa az qalmış xəbər gəldi ki, Xocalıdan heç kim içəri buraxılmayacaq. Səbəb kimi isə prezidentin iclasda qəbul olunacaq qərarları ermənilərə ötürülə biləcəyini düşündüyünü söylədilər.
Toplantı Ali Sovetin binasında keçirilirdi və şübhəsiz ki, orada ciddi müzakirələr aparılmışdı. İclas gecə saat 4–5 radələrində başa çatdı. Mən iclasdan sonra Ayaz Mütəllibovun yanına getmək istəyəndə, ətrafdakılar məni dayandıraraq dedilər ki, narahat olmayın, sizə kömək olunacaq, maşın ayrılacaq, səhər Ağdama gedəcəksiniz. Əgər Xocalı yolu açılsa, oradan keçib Xocalıya daxil olarsınız. Amma bu, sadəcə vəd idi. Yol açılmadı, Xocalı camaatı çıxarılmadı və nəticədə Xocalı soyqırımı baş verdi.
Ağdamda qalan xocalılılar yol bağlı olduğu üçün geri dönə bilmirdilər. Onlardan 18 nəfəri Bakıya gətirdik. O dövrdə Ağdamdakı xocalılıları mərhum Xalq yazıçısı, deputat İsmayıl Şıxlı, eyni zamanda, Tofiq Bağırov, Etibar Məmmədov, Rəhim Qazıyev, Əbülfəz Elçibəylə, Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Altan Karamanoğlu ilə görüşdürdüm. Soruşdular ki, istəyiniz nədir? Bildirdik ki, Xocalıda vəziyyət yaxşı deyil, ya Əsgəran yolu açılmalıdır ki, camaat rahat hərəkət edə bilsin, ya da Xocalı əhalisini, xüsusən qız-gəlinləri, yaşlıları oradan çıxarmaq lazımdır.
Xocalılıların rəhbəri, şair Allahyar Xocalı ilə söhbətim heç vaxt yadımdan çıxmır. Ona dedim ki, Allahyar müəllim, bu hakimiyyətə inanmayın. Xocalı işğal oluna bilər. Bu sözləri işğaldan tam 15 gün əvvəl demişdim.
– Xocalıya hücumdan əvvəl etdiyiniz xəbərdarlıqlar ciddiyə alınmadı və bu laqeydliyin nəticəsi çox ağır oldu...
– O vaxt mənim cəmi 23 yaşım vardı. Könüllü şəkildə Xocalıya gedən bir gənc buranın işğala məruz qalacağını anlaya bilirdisə, ölkə rəhbərliyi bunu necə görməyə bilərdi? Biz Bakıya dəfələrlə məlumat göndərmişdik: Xocalıda vəziyyət son dərəcə gərgindir, şəhər işğal təhlükəsi altındadır. Təkcə biz yox, Xocalının rəhbərliyi də paytaxta xəbərdarlıqlar edirdi. Bəs niyə qulaq asmadılar? Niyə bu qədər məsuliyyətsizlik göstərildi?
Həmin günlərdə mən Ağdam ərazisində Şelli, Qaraqaya və Xaçın ətrafında idim. Davamlı olaraq hərbi hissələrə gedir, əsgərlərlə, yerli əhali ilə ünsiyyətdə olur, vəziyyətlə bağlı məlumat toplayır və Bakıya ötürürdüm.
Xocalının işğalı gözlərimin önündə baş verdi. Bir anın içində şəhər alova büründü, hər yer od tutub yanırdı, aramızda cəmi 7–8 kilometrlik məsafə vardı. Oradan çıxan yaralıları, yaşlı insanları imkan daxilində xilas etdik. Fevralın 26-sı axşam saat 6-ya qədər yaralıları daşıdıq, əl-ayaqları donmuş insanları çıxardıq. İkinci və üçüncü gün isə meyitlərin çıxarılmasına davam etdik.
Fevralın 26-sı saat 5–6 radələrində “Səhər” qəzetinin redaksiyasına zəng etdim. Dedim ki, Xocalıda dəhşətli faciə baş verib. Ancaq mənə inanmadılar, dedilər ki, bizdə olan məlumata görə, Xocalıda cəmi iki nəfər həlak olub. Xocalı hələ də bizdədir. Bu məlumatı haradan almısan ki, şəhər işğal olunub? Mən redaksiyada baş redaktorun müavini Hidayət Elvüsala bildirdim ki, mənə bölgə müxbiri kimi də inanmırsınız? Burada bu qədər insan həlak olub. Ağladım, səsim titrəyirdi. O isə dedi ki, səbirli ol. Biz manşetdə sənin verdiyin xəbəri yerləşdiririk. Bu məlumatı “Səhər” qəzetində dərc olunduqdan sonra vəziyyət daha da qarışdı. Ayın 27-də qəzetdə yazıldı ki, ilkin məlumata görə 100-dək insan həlak olub — diqqət edin, ilkin məlumata görə. Eyni vaxtda bir çox qəzetlərdə isə yanlış məlumat yayılmışdı. Cəmiyyətdə tam bir informasiya xaosu yarandı. Aləm bir-birinə dəydi. Ardınca biz jurnalistləri ermənilərə işləməkdə günahlandırmağa başladılar.
Halbuki mənim əlimdə faktlar, hadisə yerində çəkdiyim fotolar vardı. Onlardan bir neçəsini Bakıya, redaksiyaya göndərdim. Nəticədə martın 4-də qəzetdə kəskin başlıqlı bir yazı dərc olundu: “Azərbaycan qan içində boğulur”. Hidayət Elvüsalın imzası ilə çıxan məqalədə Xocalıda baş verən dəhşətlər əks olunurdu, fotolar isə mənə aid idi. Bundan cəmi bir gün sonra, martın 5-də Ayaz Mütəllibov istefa verməyə məcbur oldu.
O günlər son dərəcə dəhşətli idi. Amma ən dəhşətlisi bəlkə də bu idi ki, Xocalı soyqırımının miqyası artıq bəlli olduğu bir vaxtda, Bakıda təxminən 300 nəfəri “Azərbaycan” nəşriyyatının qarşısına yığmışdılar, bizim bundan xəbərimiz yox idi. Deyirdilər ki, “Səhər” qəzeti ermənilərə işləyir, qəzetin rəhbərliyi camaatın qarşısında üzr istəməlidir. Mən isə bölgədə Bakıda hansı proseslərin getdiyindən xəbərsiz idim. Qəzetimizin baş redaktoru Məzahir Süleymanzadə çıxıb insanların qarşısında məsuliyyəti üzərinə götürdü. “And” qəzetinin baş redaktoru da çıxış edərək dedi ki, əgər müxbirimiz yalan məlumat veribsə, biz üzr istəyirik, amma bu məlumatlar araşdırılacaq. Nəticədə “Səhər” qəzeti Ali Sovetin müzakirəsinə çıxarıldı. Bizim üçün son dərəcə ağır, çətin günlər idi. Amma zaman keçdikcə, Xocalıda baş verənlərin həqiqi miqyası üzə çıxanda hər şey aydın oldu. Necə deyərlər, qurbağa gölünə daş atıldı, sular bulanıq olsa da, həqiqət artıq gizlədilə bilmədi.
– Bu dəhşətlərin canlı şahidi kimi nə hiss edirdiniz?
– Biz insanların düşdüyü vəziyyəti gördükcə içimiz qan ağlayırdı. Yaşadıqlarımız son dərəcə dəhşətli idi. Birinci və ikinci günlər meşələrdə tapılan meyitlərdə zorakılıq əlamətləri hiss olunmurdu. Amma faciədən iki gün sonra, meşələrdən meyitləri toplamağa başlayanda artıq tam başqa mənzərə ilə üzləşdik. Bir çox cəsədlərin bədən üzvləri – kimisinin başı, kimisinin başqa əzası yox idi, vəhşilik izləri açıq-aşkar görünürdü. Bu, nə çaqqalın, nə də canavarın işi idi, bunu insanlar etmişdilər. Bu dəhşətlər çəkilən kadrlarda da var. Həmin görüntüləri mərhum Seyidağa Mövsümov lentə almışdı. Bir ana vardı, ayaqları bağlanmışdı, sinə hissəsi çılpaq idi və onu sürüyə-sürüyə aparmışdılar. Başqa bir kişinin isə bədən üzvü kəsilmişdi. Biz həmin günlərdə insan ağlının qəbul edə bilməyəcəyi hadisələrin şahidi olduq.
– “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
– “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi 2007-ci il sentyabr ayının 27-də yaradılıb, həmin il noyabrın 16-da dövlət qeydiyyatına alınıb. Məqsəd isə Azərbaycan həqiqətlərini, xüsusən Xocalı soyqırımını beynəlxalq aləmdə tanıtmaqdır.
Çox şükür ki, 2023-cü il sentyabrın 19–20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı düşmən işğalından azad olundu. Bu gün artıq biz Xocalının mənəvi və tarixi reabilitasiyası ilə məşğuluq. Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində fəaliyyət göstərir, eyni zamanda, maarifləndirici və ictimai tədbirlər həyata keçiririk. Son dövrlərdə Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Dövlət Pedaqoji Universiteti və bir çox ali təhsil ocaqlarında mühüm tədbirlər keçirmişik. Bu görüşlər artıq silsilə xarakteri alıb.
Ötən gün isə Dövlət Gömrük Komitəsinin Akademiyasında keçirilən tədbirdə iştirak etdik. Bu görüşlərdə biz Xocalı soyqırımı haqqında danışır, şahid kimi yaşadıqlarımızı gənclərə çatdırırıq. Ən önəmlisi odur ki, bu, həm də milli yaddaşı qorumaq missiyasıdır.
Tarix unudulanda təkrarlanır, ona görə də Xocalı faciəsini xatırlamaq milli yaddaşı qorumaqla bərabər, həm də ədalət tələb etmək məsuliyyətidir. Xocalı faciəsi xalqımızın harayıdır və bu harayı bütün dünya eşidir.
Söhbəti yazdı:
Ləman TƏHMƏZ
XQ


