Smbatyanlara qarşı cəza tədbiri Paşinyan rejiminin gerçək simasını ortaya qoyur
Ermənistan hakimiyyətinin ölkəmizi dünyada nüfuzdan salmaq, ləkələmək üçün istifadə etdiyi narrativlərdən (ingilis və fransız dillərində “narrative” sözü nəql etmək, nağıl danışmaq mənasını verir-S.H.) biri də, guya, Azərbaycanda insan hüquqları vəziyyətinin dözülməz olması ilə bağlıdır. Xüsusilə, özünü demokrat adlandıran, “məxməri inqilab” nəticəsində iqtidara gəldiyini vaxtaşırı vurğulayan, əslində isə hakimiyyəti qəsb edən Nikol Paşinyan bu iddiadan gen-bol istifadə edir. Düzdür, Vətən müharibəsindən – “dəmir yumruğun” zərbəsini hiss edəndən sonra Paşinyanın məlum istiqamətdə böhtanları bir qədər səngiyib. Buna baxmayaraq, İrəvan ölkəmizin daxili işlərinə qarışmağa ara-sıra uğursuz cəhdlər edir.
Ermənistanın digər yalanı isə Qarabağdakı ermənilərin insan hüquqlarının pozulacağı səbəbindən Azərbaycana reinteqrasiya etmələrinin mümkünsüzlüyüdür. Halbuki, Qarabağdakı ermənilər xunta rejiminin girovluğunda olmağın, necə deyərlər, dərdini çəkməlidirlər.
Ermənistanda insan hüquqlarının pozulduğunu, siyasi məhbusların olduğunu mərkəzi ofisi Vaşinqtonda yerləşən ABŞ-nin “GALLUP International Association” analitika və məsləhət şirkətinin Ermənistan nümayəndəliyinin sorğusu bir daha təsdiqləyib. Şirkətin cari ilin iyulun 27-dən 31-dək keçirdiyi sorğuda iştirak edən respondentlərin 47,7 faizi ölkədə siyasi məhbusların olduğuna əminliyini bildirib, 22,7 faizi cavab verməkdə çətinlik çəkib. “GALLUP”un Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistanda siyasi məhbusların mövcudluğu ilə bağlı sorğuda heç vaxt bu qədər yüksək faiz göstəricisi qeydə alınmayıb.
Eyni zamanda, respondentlərin əksəriyyəti – 43,9 faizi müxalifətdə olan Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyanı, 23,7 faizi “İctimai səs” partiyasının sədri Artak Qalstyanı, 24,5 faizi isə Vanadzor şəhərinin sabiq meri Mamikon Aslanyanı siyasi məhbus hesab etdiklərini bildiriblər.
***
Təxminən, 20 gün öncə Ermənistanda daha bir səs-küylü həbs həyata keçirilib. Söhbət Ermənistanın Rusiya və İsraildə fövqəladə və səlahiyyətli səfiri olmuş Armen Smbatyanın və onun oğlu Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Sergey Smbatyanın həbsindən gedir. Onların həbsi ilə bağlı Ermənistan baş prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumatda Smbatyanların dələduzluqda şübhəli bilinərək saxlanıldıqları qeyd olunub. Prokurorluq bu dələduzluq nəticəsində dövlətə 966 milyon dram (2,5 milyon dollar) maddi ziyan vurulduğu qənaətindədir. Bu cinayətdə Armen Petrosyan adlı iş adamının da adı keçir.
İşin materiallarına görə, təqsirləndirilən şəxslər 2012-ci ildə 800 milyon dram (2 milyon ABŞ dolları) dəyərində çoxfunksiyalı “Kitab dünyası” kompleksinin tikintisi üçün hökumətə saxta investisiya proqramı təqdim edərək dələduzluq yolu Çaykovski adına Musiqi Məktəbinə məxsus 300 kvadratmetrlik ərazini ələ keçiriblər. İstintaq müəyyən edib ki, Armen Smbatyan keçmiş mədəniyyət naziri Asmik Poqosyanın qohumu, iş adamı Armen Poqosyanı “Sohocenter” şirkətini yaratmağa razı salıb. Bundan sonra şirkət meriyaya investisiya layihəsi təqdim edib, şəhər rəhbərliyi layihəni mədəniyyət nazirinə göndərib, o isə etiraz etməyib. “Sohocenter” şirkətinin direktoru – A.Poqosyanın qardaşı olan Çaykovski adına Musiqi Məktəbinin direktoru da bu proqrama razılıq verib. Nəticədə hökumət investisiya proqramını təsdiqləyib, nazir isə şirkətlə müvafiq müqavilə bağlayıb. Müqaviləyə proqramın həyata keçirilməsi öhdəliyinə dair bənd daxil edilməyib. Beləliklə, şirkətin səhmdarları heç bir öhdəlik götürmədən daşınmaz əmlakı özəlləşdiriblər.
Cinayət işinə nəzarət edən prokurorun qərarı ilə Armen Smbatyan xüsusilə külli miqdarda dələduzluğun təşkilində, Sergey Smbatyan və Armen Poqosyan isə xüsusilə külli miqdarda dələduzluqda ittiham olunurlar. Bu günlərdə İrəvan məhkəməsi adları çəkilən şəxslərin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərin rədd edilməsi haqqında qərar qəbul edib. Beləliklə, onların barəsində çıxarılmış 2 aylıq həbs-qətimkan tədbiri qüvvədə qalıb.
Smbatyanların həbsi iqtisadi səbəblərlə əlaqələndirilsə də, Ermənistan müxalifəti və müstəqil mediası bu həbsin siyasi xarakter daşıdığını bildirir. Onlar qeyd edirlər ki, Armen Smbatyana qarşı təzyiqlər onun Paşinyan iqtidarını tənqid etməsindən sonra başlayıb. Qeyd olunur ki, Paşinyan əzəli rəqibi Robert Koçaryan tərəfindən 2002-ci ildə Rusiyaya səfir təyin edilmiş və Serj Sarkisyanın prezident olduğu dövrdə də işini davam etdirmiş keçmiş diplomatdan bu yolla intiqamını alır.
***
Ermənistanda kifayət qədər məşhur olan ata-oğul Smbatyanların həbsi geniş əks-səda doğurub. Tanınmış erməni idmançılar, həkimlər, mədəniyyət və incəsənət xadimləri onların barəsində seçilmiş həbs-qətimkan tədbirinin yenidən nəzərdən keçirilməsi xahişi ilə Ermənistanın baş prokuroruna müraciət ediblər. Onların arasında dirijor Vladimir Spivakov, xor dirijoru Ovannes Çekidcyan, bəstəkar Tiqran Mansuryan, xalq mahnılarının ifaçısı Ruben Matevosyan, opera müğənnisi Asmik Papyan, pianoçu Ayk Melikyan, Dövlət Caz Orkestrinin rəhbəri Armen Usnunts, rəssam Tiqran Dzitoxtsyan, yunan-Roma güləşi üzrə Olimpiya çempionu Artur Aleksanyan, boksçular Vik Darçinyan və Artur Abraham və başqaları var. Onlar yaydıqları müraciətdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş ediblər.
Dirijor Vladimir Spivakov “Sputnik Ermənistan” agentliyinə açıqlamasında deyib ki, Smbatyanlar erməni cəmiyyəti üçün təhlükə yaratmır, xüsusilə Sergey Smbatyanın həbsi mənfi rəy doğurur: “Armen və Sergey Smbatyanların həbs edilməsi və xüsusilə böyük miqyasda mütəşəkkil dələduzluqda ittiham olunması xəbəri məni şoka saldı. 40 ildir birlikdə olduğum sevimli erməni ictimaiyyəti ilə bölüşməyə bilməyəcəyim dərin kədər hissi keçirirəm. Bu, təkcə yaradıcılıq deyil, həm də insani, qohumluq əlaqəsidir, ona görə də günün günorta çağı baş verən haqsızlıq qarşısında səssiz qala bilmərəm”.
O, qanun qarşısında hamının bərabər olduğuna diqqət çəkib. Amma qeyd edib ki, dünyanın heç bir ölkəsində heç kim təqsirsizlik prezumpsiyasını ləğv etməyib.
Oxşar bəyanatla Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da çıxış edib. O, baş nazir Nikol Paşinyana Ermənistanın Rusiya və İsraildəki keçmiş səfiri A.Smbatyanla bağlı həbs-qətimkan tədbirinə yenidən baxılması xahişi ilə müraciət ünvanlayıb.
Edilən çoxsaylı çağırışlara, müraciətlərə baxmayaraq, Ermənistan hakimiyyəti ata-oğulu ev dustaqlığına buraxmağa tələsmir. Bu isə özünü demokrat, humanist kimi təqdim edən Nikol Paşinyan rejiminin gerçək simasını bir daha ortaya qoyur. Paşinyan və onun hökumətindəki bəzi şəxslər Azərbaycanı nələrdəsə ittiham etməzdən əvvəl özlərinin anti-demokratik mahiyyətlərinə nəzər yetirsələr, daha yaxşı olardı.
Yeganə HACIYEVA,
politoloq
– Nikol Paşinyanın demokrat ruhlu şəxs olmaması ilə bağlı təəssüratlar onun hakimiyyətinin elə ilk günlərindən yaranmışdı. Onun aid olduğu Soros şəbəkəsi Paşinyanın adının ətrafında demokrat imici formalaşdırmışdı. Həmin şəbəkə hansı hadisələrin yaşanmasından asılı olmayaraq, baş nazirin imicinin qorunub saxlanılması üçün dəridən-qabıqdan çıxırdı. Ermənistan insan hüquqlarına dair bütün əsas göstəricilərdə gerilik nümayiş etdirir. Paşinyan Konstitusiya Məhkəməsi başda olmaqla məhkəmə sistemini faktiki olaraq rəqibləri ilə hesablaşma yerinə çevirib. Daha sonra hüquq-mühafizə sisteminə öz adamlarını yerləşdirib. Ötən ilin oktyabr ayından indiyədək Ermənistan Ali Məhkəməsinin 20-yə yaxın hakimi bu və ya digər səbəblərlə, bəzən isə çox primitiv bəhanələrlə işdən uzaqlaşdırılıblar. Bu da onların hakim kimi Paşinyanın xoşuna gəlməyən müstəqil qərarlar çıxarmaları ilə bağlıdır. Amma beynəlxalq təşkilatların demokratiya indekslərinin heç birində bu məqamlar nəzərə alınmır. Çünki ölkə daxilində bu faktları ümumiləşdirib xaricə ötürən şəbəkə yoxdur. Üstəlik, həmin təşkilatlarda çox sayda erməni əsilli şəxs çalışır. Bu mənada Ermənistan tənqidlərdən kənarda qalır və demokratiya göstəriciləri üzrə haqq etmədiyi yerlərdə qərarlaşır. Azərbaycanlılara qarşı kütləvi qırğınlar törədən bir xalqın demokratik göstəricilərinin yüksək olması öz-özlüyündə inandırıcı deyil.
Ermənistanın Rusiya və İsraildəki sabiq səfiri Armen Smbatyanın həbsi də onun Paşinyanın əleyhinə çıxması ilə əlaqədardır. Paşinyan iqtidarı son vaxtlar bu istiqamətdə belə deyək, sistemli iş aparır və silsilə həbslər həyata keçirilib. Yeganə səbəb isə qeyd etdiyim kimi, onların baş nazirin rəqibləri olmalarıdır.
Səxavət HƏMİD, “Xalq qəzeti”



