Dünən Ermənistan Respublikası ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabatın təqdimat mərasimi keçirilib. Sənəddə Ermənistan ərazisində istismar olunan mədənlərin transsərhəd çaylar vasitəsilə Azərbaycanın, o cümlədən digər qonşu ölkələrin ekologiyasına ziyan vurması barədə ətraflı məlumat əksini tapıb.
Hesabatı “Environmental Protection First” QHT koalisiyası Azərbaycan Respublikasının Kosmik Agentliyinin dəstəyi ilə hazırlayıb. Təqdimatda dövlət qurumlarının, beynəlxalq təşkilatların və səfirliklərin, QHT və media qurumlarının təmsilçiləri iştirak ediblər.
Hesabatı təqdim edən “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədri Amin Məmmədov Qafan, Voskedzor, Arcut, Yuxarı Vardanidzor, Meqhasar, Azatek, Armanis, Qaraberd, Meqradzor, Hankasar, Şamlux, Sotk, Amulsar, Aqarak, Tequt, Qaracan, Aygedzor, Liçk, Mqart, Sofi Binay, Dastakert, Razdan, Tuxmanuk, Mərcan və Liçqvay-Tey mədənlərindən çıxarılan polimetalın, qızılın, gümüşün, molibdenin, sinkin ətraf mühitə ciddi zərər vurduğunu, ekoloji fəsadlar yaratdığını diqqətə çatdırıb.
Digər çıxış edənlər də bildiriblər ki, Ermənistan ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinin nəticələri bu yataqların ölkəmiz üçün çox zərərli olduğunu göstərir. Ermənistanın mədən sənayesində davam edən fəaliyyət region ölkələrinin ekoloji durumuna təsirsiz ötüşmür. Mədənlərin bir çoxunun su mənbələrinin yaxınlığında yerləşməsi ətraf mühit üçün zərərli hesab edilən kimyəvi tullantıların çaylara axıdılmasına gətirib çıxarır. Bu mədənlərdə ətrafa yayılan tozlar və emal prosesində istifadə olunan kimyəvi maddələr həm hava yolu ilə, həm də su ilə respublikamızın ekologiyası üçün böyük təhlükə yaradır.
Qeyd olunub ki, Ermənistan “Espoo” konvensiyasının üzvü kimi ölkə ərazisində aparılan mədən fəaliyyəti barədə məsləhətləşməli və bir çox hallarda Azərbaycanın razılığını almalıdır. Yalnız bundan sonra hansısa fəaliyyəti həyata keçirməlidir.
“Xalq qəzeti”

