I məqalə
Uğurlu lider
Azərbaycan Prezidentinin liderlik fəaliyyəti və əldə etdiyi təcrübə yalnız milli və regional miqyaslarda əhəmiyyətli deyildir. Onun, ümumilikdə, müasir dünya səviyyəsində nəzəri və praktiki dəyəri çox qiymətlidir. Çünki Prezident İlham Əliyev Avrasiya məkanında yeganə liderdir ki, ciddi bir münaqişəni həll etdi və ondan sonra hərbi konfliktin yaranmaması üçün olduqca səmərəli fəaliyyət göstərir. Siyasətçilər və analitiklər əmindirlər ki, bu fəaliyyət sayəsində Cənubi Qafqazda böyük müharibə ehtimalı minimumdur. Bu məqam bütövlükdə, postmünaqişə mərhələsinin özünü təsdiq etməsi baxımından prinsipial məna kəsb edir.
Əlbəttə, XXI əsrin ilk üç onilinin təcrübəsi göstərir ki, ümumilikdə, uğurlu liderlik çox sayda faktoru nəzərə almağı tələb edir. Burada hətta bir-birini təkzib edən kriteriyalar belə irəli sürə bilərlər. Lakin konkret regionda uğurlu olmağın aydın nəticələri özünü göstərirsə, burada bütün suallar aradan qalxır. Məhz bu kontekstdə Prezident İlham Əliyevin uğurlu liderlik nümunəsi bütün dünya üçün çox əhəmiyyətlidir.
Tədqiqatçılar və siyasilərin XXI əsrdə uğurlu liderliklə bağlı ifadə etdikləri fikirlərin müqayisəsi göstərir ki, həmin mövzunun aktuallığı getdikcə artır. Bu, xüsusilə “münaqişə”, “dövlətlərarası münaqişə”, “siyasi münaqişə” anlayışları və “postmünaqişə mərhələsi” ifadəsinin nəzəri dərki fonunda çox vacib görünür. Məqsədimiz vurğulanan aspektdə aktuallıq kontekstində Prezident İlham Əliyevin postmünaqişə mərhələsində liderlik təcrübəsi və uğurlu liderliyinin fəlsəfi təhlilini aparmaqdan ibarətdir. Öncə, bir sıra anlayışın yığcam izahını verək.
Münaqişələr
Münaqişə (lat., conflictus – toqquşma) qarşılıqlı əlaqədə olan subyektlərin bir-birinə əks olan məqsədləri, mövqeləri, rəyləri və baxışlarının toqquşmasıdır. Bir qədər başqa ifadədə münaqişə müxtəlif məqsədləri olan iki və daha çox tərəfin mübarizəsi kimi dərk edilə bilər. “Münaqişə” termini sosial və siyasi hadisələrin təhlili zamanı istifadə edilə bilər.
Siyasi münaqişə iki və daha çox tərəfin (o cümlədən, dövlətlərin) konkret qarşılıqlı təsirlərinin nəticəsi, təzahürüdür. Burada dövlətlərin məqsədləri müxtəlif sferalar üzrə maraqlarını təmin etmək niyyəti ilə bağlı ola bilər. Buna görə də siyasi münaqişədə beynəlxalq hüquq, tarix, geosiyasət, mədəniyyət, demoqrafiya, ekologiya və s. baxımından haqlı və haqsız tərəf olur. Bunun düzgün müəyyən edilməsi siyasi münaqişənin taleyinə birbaşa təsir edir.
Dövlətlərarası münaqişə ölkələrin maraqlarının birbaşa və ya dolayısı ilə toqquşmasıdır. Onlar bu zaman qarşılıqlı iddialarla çıxış edirlər və açıq qarşıdurma şəraitində olurlar. Müəyyən həddən sonra onlar hərbi qarşıdurmaya, yəni müharibə səviyyəsində münaqişəyə girə bilirlər. Deməli, dövlətlərarası münaqişələr milli-dövlət maraqlarının bir-birinə uyğun gəlməməsi səbəbindən baş verir. Tədqiqatçılar vurğulayırlar ki, XXI əsrdə dövlətlərarası münaqişələr daha təhlükəli olmuş və inteqrasiya üçün ciddi əngələ çevrilmişlər. Burada mühüm məqamlardan biri kimi filosoflar “münaqişə edən tərəflərin mübarizənin nəticəsinin qələbə kimi təsəvvür etməsi ilə əlaqəlidir”. Yəni dövlətlərarası münaqişədə (konkret halda müharibədə) hansı tərəfin real qalib olması və bunun birmənalı qəbul edilib-edilməməsi prinsipial əhəmiyyət daşıyır.
Yuxarıdakı təsnifatdan görünür ki, silahlı münaqişə “dövlətlər arasında silahlı qarşıdurmadır”. Burada məqsəd dövlətlər arasında olan ziddiyyətlərin güc tətbiq etməklə həllinə nail olmaqdan ibarətdir. Lakin bu zaman müharibənin nə müddətə davam edəcəyini öncədən müəyyənləşdirmək müşküldür və hətta bir çox hallarda mümkün olmur. Burada qalibin kim olacağını da əvvəlcədən demək çətindir. Lakin müharibənin gedişində qüvvələr nisbəti haqqında fikri daha konkret ifadə etmək şansı yaranır. Buradan maraqlı fəlsəfi qənaət əldə etmək olur. O, dövlətlərarası silahlı münaqişələrin fərqli növlərə ayrılması ilə bağlıdır.
Dövlətlərarası münaqişələrin növləri və kənar qüvvələr
Bu məsələ həm münaqişənin gedişatı və məqsədi, həm də nəticələrinin qiymətləndirilməsi ilə bağlıdır. Eyni zamanda, burada iki fərqli münaqişəni ayırmaq lazımdır. Birincisi, əgər hər hansı münaqişə bir dövlətin daxilində yaranırsa, lakin onun həll olunmasında hansısa nüfuzlu kənar qüvvə iştirak edirsə, münaqişədən sonrakı mərhələdə həmin dövlətlər arasında münasibətlərin öz xüsusiyyətləri meydana çıxır. Tədqiqatçılar, məsələn, Kolumbiya və ABŞ münasibətlərinin münaqişədən sonrakı mərhələdə xarakteristikasını məhz bu kontekstdə araşdırmışlar.
Məlumdur ki, Kolumbiyada uzun müddət hakimiyyətlə müxalif FARC arasında amansız və uzunmüddətli silahlı qarşıdurma olmuşdur. 2010-cu ildə hakimiyyət qüvvələrinin müharibənin gedişini dəyişməsi ilə yeni mərhələ başlanmışdır. Onu, ümumilikdə, postmünaqişə mərhələsində bərpa dönəmi adlandırırlar. 2016-cı il sentyabrın 26-da isə tərəflər arasında sülh müqaviləsi imzalandı. Ümidlər artdı. Hətta tədqiqatlarda siyasi partiyalar yaratmaqla siyasi inteqrasiyaya nail olmaq mümkünlüyü haqqında yazmağa başladılar.
Ancaq çox keçmədi aydınlaşdı ki, postmünaqişə mərhələsində sülh müqaviləsinə baxmayaraq barışa nail olmaq mümkün deyildir. Belə ki, məsələn, ümumxalq referendumu keçirmək planı və sülh müqaviləsini təsdiq etmək baş tutmadı. Bu prosesdə əsas səbəb kimi ABŞ–Kolumbiya münasibətlərinin münaqişənin gedişində və postmünaqişə mərhələsində xarakterini göstərirlər. Kolumbiya bəyan edir ki, münaqişə gedişində USAID-in yardımları neytral və səmimi olmamışdır. Amerikanlar öncədən milli maraqlarını təmin etmək üçün yardım etmişlər. Nəticədə, Kolumbiyada sağ konservator qüvvələr tədricən üstünlüyü ələ almışlar. Onların isə Vaşinqtona bağlılığı vardır.
Bu baxımdan yaranmış situasiya ilə bağlı Kolumbiya rəhbərliyinin 2025-ci ilin fevralında verdiyi bəyanat çox ibrətamizdir. Prezident Qustavo Petro USAID-in yadımından imtina edərək, onu “zəhər” adlandırmışdır. Həmin yardımlar Kolumbiya sərhədini dövlətin maliyyələşdirdiyi ordunun deyil, USAID-in yardımını alanların qorumasına yönəldilməli idi. Buna görə də Kolumbiya Prezidenti keçirdiyi brifinqdə açıq sual etmişdir: “Bizim ordu ABŞ-dandır, yoxsa Kolumbiyadan?”
Bir haşiyə
Burada Azərbaycanla da bağlılığı olan bir haşiyə çıxmağa ehtiyac görürük. Biz, təqribən eyni ssenarinin Ermənistan tərəfdən sərhəddə ABŞ və Aİ-nin davranışlarında görürük. Belə ki, Aİ “mülki missiya” adı altında hərbi kontingenti Ermənistan tərəfdən sərhədə yerləşdirmişdir. Onların maliyyələşməsini də tam olaraq Aİ verir. Onda sual meydana çıxır: “Ermənistan sərhədini kim qoruyur: Qərbdən olan Ermənistan ordusu, yoxsa Ermənistandan olan Ermənistan ordusu”?
ABŞ isə Ermənistana hərbi kontingentini göndərir və onları yenə də Ermənistanın qonşuları ilə sərhədinə yerləşdirir. Bu “ordu”nu da Vaşinqton maliyyələşdirir. Yenə də sual yaranır: həmin ordu ABŞ-ın “erməni ordusudur” yoxsa Ermənistanın “erməni ordusu”? Belə bir yekun mənzərə alınır: Ermənistan–Azərbaycan münaqişəsinin başa çatması ilə rəsmi İrəvan Kolumbiya rəhbərliyinin gördüyü təhlükələri görə bilmədən kənar qüvvələri regionda yerləşdirir.
Belə bir şəraitdə postmünaqişə mərhələsində qalib dövlət olan Azərbaycan hansı siyasəti yeritməlidir? Məhz bu məqamda uğurlu liderə ehtiyac məsələsi özünü qabarıq göstərir. Özü də yalnız milli və regional deyil, həm də qlobal miqyasda uğurlu ola biləcək lider zərurəti ortaya çıxır.
Deməli, Kolumbiya məsələsi Ermənistan–Azərbaycan münaqişəsindən fərqli olsa da, qəribə tərzdə kənar qüvvələrin (konkret olaraq, Qərbin, USAID-in) təsiri aspektində oxşar situasiyaların yaranmasından xəbər verir. O da bir daha aydın olur ki, nəyə görə Azərbaycan Prezidenti USAID-i ölkədən qovdu! Burada başlıca şərt postmünaqişə mərhələsində uğurlu olmaq üçün yeni uğurlu liderlik zərurətini dərk etməklə bağlıdır. Məhz bu kontekstdə təhlilimizə davam edək.
Müxtəlif şərtlərin qovşağında uğur formulu
Dövlətlərarası münaqişələrin başqa növünə keçmədən, yuxarıda aparılan təhlilin fonunda Azərbaycana aiddiyyatı olan bir sıra vacib məqamları vurğulayaq. Belə görünür ki, XXI əsrdə istənilən münaqişə təbiətən mürəkkəbdir və ona çoxlu təsirlər olur. Kolumbiyada bu təsirləri uzun illər duymuş və ondan nəticə çıxarmışlar. Cənubi Qafqazda Ermənistan da duymuş və ondan mənfi nəticələr çıxarmışdır. Belə ki, rəsmi İrəvan yenə də kənar himayədarlarına arxalanmaqda davam edir və postmünaqişə mərhələsi üçün çox təhlükəli addımlar atır. O sırada regiona Qərbin hərbi kontingentini tədricən dəvət etməsi və paralel olaraq sürətlə silahlanması xüsusi yer tutur.
Aydındır ki, bu cür vəziyyəti yaradan Nikol Paşinyan uğurlu lider ola bilməz. O, tam asılı vəziyyətdə olan və xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən baş nazirdir.
Bunun tam əksinə olaraq qalib Azərbaycanın müzəffər lideri konsturktiv və sülhyaradıcı fəaliyyət göstərməkdədir. “Sülhyaradıcılıq”, ümumiyyətlə, müasir politologiyada və geosiyasi təlimlərdə, BMT-nin sənədlərində çox ciddi yer tutan mövzudur. Onun Cənubi Qafqaz proyeksiyası nəzəri baxımdan olduqca əhəmiyyətlidir. Məqalələr silsiləsində uğurlu liderliyin İlham Əliyev nümunəsinin siyasi-diplomatik xüsusiyyətlərini təhlil edərkən həmin özəlliyə ayrıca diqqət yetiriləcəkdir.
Beləliklə, Kolumbiya nümunəsi də göstərir ki, hətta daxili münaqişəni həll edəndə kənar qüvvələrin təsirləri qeyri-müəyyən vəziyyət yarada bilər. Buna görə də postmünaqişə mərhələsində liderin milli maraqlara dayanan müstəqil siyasi kurs müəyyən etməsi çox vacibdur. Bu isə sözün həqiqi mənasında yüksək siyasi zəka və böyük diplomatik məharət tələb edir. Bu iki şərtin prizmasında İlham Əliyevin uğurlu liderlik təcrübəsinin postmünaqişə mərhələsinə nəzər salmaq faydalı olar. Öncə münaqişənin digər növünə baxaq.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru