Avqustun 8-də ABŞ Prezidentinin Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini bir araya gətirməsi, illərdir davam edən münaqişənin aradan qaldırılması istiqamətində atılan ən cəsarətli və həlledici addım kimi qiymətləndirilir. Beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən bu görüş, sülh, sabitlik və əməkdaşlıq üçün yeni bir ümid işığı yandırır. Bu tarixi hadisə təkcə regionun deyil, həm də Avrasiyanın geosiyasi mənzərəsini kökündən dəyişdirmə potensialına malikdir.
Türkiyə
Türkiyə ABŞ-da Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi xüsusi hadisə kimi qiymətləndirir. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda Vaşinqton görüşünün regionda davamlı sülh və sabitlik üçün vacib əhəmiyyət kəsb etdiyi qeyd olunur:
"Biz Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyişdən və bununla bağlı bu gün (8 avqust) Vaşinqtonda qəbul edilmiş öhdəlikdən məmnunuq. Beynəlxalq qarşıdurmaların və böhranların getdikcə şiddətləndiyi bir vaxtda atılan bu addım regional sülh və sabitliyin əldə olunması üçün mühüm inkişafdır. Biz ABŞ Administrasiyasının bu prosesə töhfələrini yüksək qiymətləndiririk. Biz Türkiyə olaraq bu fürsəti reallaşdırmaq üçün göstərilən səylərə öz töhfəmizi verməyə davam edəcəyik və Azərbaycanın fədakar səylərini dəstəkləyəcəyik".
Pakistan
“Pakistan Ağ Evdə ABŞ Prezidenti Donald Trampın himayəsi altında keçirilən sammitdə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında imzalanmış tarixi sülh sazişini alqışlayır”. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.
O vurğulayıb ki, bu mühüm hadisə onilliklər boyu münaqişə və insan əzabları yaşamış Cənubi Qafqaz regionunda sülh, sabitlik və əməkdaşlığın yeni dövrünün başlanğıcını qeyd edir.
“Biz Prezident İlham Əliyevi və Azərbaycan xalqını regionları üçün sülh dolu gələcək yolunu müəyyən edən müdriklik və uzaqgörənliyi əks etdirən bu tarixi saziş münasibətilə təbrik edirik. Pakistan həmişə qardaş Azərbaycan millətinin yanında olub və biz onların tarixinin bu qürurlu anında da onlarla birgəyik.
Biz, həmçinin iki tərəfi bir araya gətirən və ticarət, əlaqə və regional inteqrasiya üçün yeni imkanlar açan sazişin əldə olunmasında Prezident Donald Trump rəhbərliyi altında Amerika Birləşmiş Ştatlarının vasitəçilik rolunu qiymətləndiririk. Ümid edirik ki, bu dialoq ruhu uzunmüddətli münaqişələrlə üzləşən digər regionlar üçün nümunə olacaq”, - baş nazir yazıb.
Avropa İttifaqı
Avropa İttifaq (Aİ) Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasını alqışlayır. Bu barədə Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen birgə bəyanatında deyilir.
Vurğulanır ki, bu sənədin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalaması həm Ermənistan, həm də Azərbaycan üçün mühüm hadisədir. Qeyd olunur ki, hər iki ölkə və bütün region üçün möhkəm, davamlı sülhə zəmin yaradır.
Fransa
Fransa Xarici İşlər Nazirliyi (XİN) avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iki ölkənin münasibətlərinin normallaşdırılmasına dair razılaşma əldə olunmasına dair bəyanat yayıb. Kommünikedə Fransa bu addımı yüksək qiymətləndirib.
Bəyanatda ABŞ-a bu prosesdə oynadığı rola və əldə olunan nəticələrə görə təşəkkür edilib. Bəyanatda qeyd olunur ki, sülh müqaviləsinin tezliklə imzalanması və ratifikasiyası bölgədə sabitliyin təmin olunmasında həlledici rol oynayacaq. Fransa tərəfi, həmçinin, ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması ilə bağlı tərəflərin birgə çağırışını dəstəklədiyini bildirib.
İtaliya
İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilmiş görüşə dair imzaladığı Birgə Bəyannaməni alqışlayır. Bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
“ABŞ-ın vasitəçiliyi sayəsində Azərbaycan ilə Ermənistan arasında tarixi razılaşmanı suverenlik və ərazi bütövlüyünə əsaslanan normallaşmaya doğru bir addım kimi alqışlayırıq. Bu, regionda sülh, sabitlik və inkişaf üçün fürsətdir”, - deyə paylaşımda qeyd olunur.
Gürcüstan
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan dövlətinin başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında” tarixi razılaşmanı alqışlayır. Bu barədə Gürcüstan XİN-nin yaydığı bəyanatda deyilir.
Bildirilir ki, bu tarixi saziş Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olması istiqamətində mühüm addımdır və regionun uzunmüddətli və sabit inkişafı üçün yeni imkanlara yol açır.
Gürcüstan Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə, regionunun sabitliyinə və rifahına yönələcək əməkdaşlığın gücləndirilməsini qətiyyətlə dəstəkləyir.
Qazaxıstan
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hesab edir ki, Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşma mühüm tarixi nailiyyətdir. Bu fikri Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay jurnalistlərə müsahibəsində deyib.
Qazaxıstanın dövlət başçısı qeyd edib ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən mühüm görüş iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub, diplomatik münasibətlərin qurulmasına və davamlı sülhə əsaslanan əməkdaşlığın inkişafına yol açıb.
NATO
NATO Azərbaycan və Ermənistanın sülh istiqamətində əldə etdiyi irəliləyişi alqışlayır.
Bu barədə NATO mətbuat katibi Allison Hart sosial şəbəkə hesabında bəyanat verib.
“Biz Ermənistan və Azərbaycan arasında sülhə doğru irəliləyişdən məmnunuq. Prezident Trampa sülh üçün çalışdığına görə təşəkkür edirik. Bu regional təhlükəsizlik və normallaşma prosesi üçün mühüm bir addımdır. NATO tərəfdaşları olan Azərbaycan və Ermənistanla işləməyə davam edəcək”- bəyanatda qeyd edilib.
Çexiya
Çexiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanmasını dəstəkləyib. Bu barədə qurumun “X” səhifəsində yazılıb.
“Biz hər iki tərəfin sülhə nail olmaq səylərini, eləcə də ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndiririk. Ümid edirik ki, bu addım Cənubi Qafqazda gələcək əməkdaşlığa və firavanlığa yol açacaq”, - paylaşımda deyilir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.
İspaniya
İspaniya Azərbaycan və Ermənistan arasında imzalanmış sazişlərin hər iki ölkənin və bütövlükdə regionun rifahı naminə əməkdaşlığın, qarşılıqlı anlaşmanın və inkişafın yeni mərhələsini açacağına ümid edir. Bu barədə İspaniya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.
“İspaniya Prezident Əliyev və Baş nazir Paşinyan arasında ABŞ-ın iştirakı ilə Ağ Evdə əldə olunmuş razılaşmaları alqışlayır və hesab edir ki, bu, onilliklər ərzində davam edən münaqişədən sonra Ermənistan və Azərbaycan arasında yekun sülh əldə edilməsi və münasibətlərin tam normallaşması istiqamətində həlledici addım olacaq”, – bəyanatda qeyd olunub.
Vurğulanır ki, İspaniya Cənubi Qafqazda sülh və sabitliyin olmasına sadiqdir.
XQ