Azərbaycanın enerji diplomatiyasında yeni istiqamət: Yaxın Şərq bazarı

post-img

Yaxın Şərqə açılan yeni enerji körpüsü

Azərbaycanın Türkiyə üzərindən Suriyaya qaz ixracına başlaması regionun enerji xəritəsində mühüm hadisədir. Avqustun 2-dən etibarən Kilis vilayəti vasitəsilə ötürülən qaz artıq Homs vilayətindəki “Cender Qaz” stansiyasına çatdırılıb. Buradan isə enerji daşıyıcısı Dəməşq yaxınlığındakı “Nasiriyə” və “Təşrin” istilik elektrik stansiyalarına yönləndirilir. Bu proses həm Bakı, həm də Ankara üçün strateji əhəmiyyət daşıyır.

İndiyə qədər Azərbaycan qazının əsas ixrac istiqaməti Avropa, Gürcüstan və Türkiyə idi. Suriya bazarına çıxış isə Bakı üçün enerji ixracının şaxələndirilməsi baxımından yeni bir mərhələdir. Qaz kəmərinin ötürücülük qabiliyyəti gündə 3,4 milyon kubmetr təşkil edir, hazırda isə 1,4 milyon kubmetr həcmdə qaz nəqli həyata keçirilir. Bu həcmin artırılması perspektivi Azərbaycanın gələcək ixrac gəlirlərinə və regional nüfuzuna əlavə töhfə verəcək.

Bu layihə Türkiyənin enerji logistik mərkəzə çevrilməsi strategiyasına da tam uyğun gəlir. Azərbaycan qazının Suriyaya ötürülməsi Ankaraya həm iqtisadi, həm də siyasi dividendlər gətirir. Türkiyə vasitəsilə Suriya ilə iqtisadi əlaqələrin qurulması regionda yeni əməkdaşlıq kanallarını açır və Ankara–Bakı strateji tərəfdaşlığının real nəticələrini göstərir.

İllərlə davam edən münaqişə Suriyanın enerji infrastrukturunu ciddi zədələyib. Hazırkı həcmdə qaz nəqli (1,4 milyon kubmetr/gün) ölkəyə təxminən 250 MVt elektrik enerjisi istehsalı imkanı yaradır. Bu, bütün ölkə üçün kifayət etməsə də, bəzi strateji şəhərlərdə fasiləsiz enerji təminatına şərait yaradacaq.

Azərbaycanın bu addımı Yaxın Şərqdə enerji balansına müsbət təsir göstərəcək. Belə ki, bu proses Bakının enerji diplomatiyasının təkcə Avropaya deyil, Yaxın Şərqə də yönəldiyini göstərir.

Beləliklə, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya tədarükü təkcə kommersiya layihəsi deyil, həm də regional enerji siyasətində yeni istiqamətin başlanğıcıdır. Bu marşrut Yaxın Şərqdə enerji əməkdaşlığı üçün nümunə ola və gələcəkdə Azərbaycan üçün İordaniya, Livan, hətta Misir bazarlarına çıxış imkanı yarada bilər.

Səbuhi MƏMMƏDOV

XQ

İqtisadiyyat