Ağ Evdə Qafqazın ağ günlərinə qapı açıldı

post-img

Beynəlxalq siyasi dairələr, strateji mərkəzlər, dünya mediası bir neçə gündür ki, ABŞ Prezidenti Donald Tampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrini, Ağ Evdə əldə edilən razılaşmaların Qafqaza yeni bir gələcək vəd etməsini geniş müzakirə edir. Bu hadisə, haqlı olaraq, iştirakçı dövlətlərin və maraqlı ölkələrin həyatında son dövrün böyük siyasi uğuru kimi dəyərləndirilir.

Bu görüşlərin Azərbaycan üçün mühüm tarixi uğurları, gələcək üçün yaratdığı ümidlər xalqımıza böyük sevinc bəxş etdi, dünənlə bağlı ciddi narahatlıqlara son qoydu. Əvvəla, 5 ildən bəri düyünə düşmüş sülh danışıqları ABŞ liderinin nüfuzu, xoş məramı və iradəsi ilə gerçək mərhələyə daxil oldu. Qarabağ münaqişəsinin gedişində Azərbaycana qarşı ədalətsiz münasibətin 2 ciddi qalığı isə Vaşinqton görüşləri zamanı tarixin arxivinə verildi. Bu tarixi uğur ölkəmizə qarşı 33 ilik siyasi embarqo olan “907”-ci düzəlişin ləğvi və mahiyyəti olmayan Minsk qrupunun buraxılması barədə razılaşma oldu.

ABŞ-ın Azərbaycan və Ermənistanla ikitərəfli əməkdaşlığı yeni mərhələyə yönəldən sənədlərin imzalanması isə Qafqazda sülh prosesinin rifah və əməkdaşlıqla davam etdiriləcəyinə təminat yaradacaq. Bu görüşlərin ümumi uğurunu belə ifadə etmək olar: Ağ Evdə Qafqazın ağ günlərinə qapı açıldı.

Prezidentlər İlham Əliyev və Donald Trampın Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması mərasimindəki tarixi dialoqu ölkəmizdə hədsiz maraqla qarşılanıb və yüksək əhval-ruhiyyə doğurub.

Ağ Evdəki görüşdə Donald Tramp uzun müddət davam etmiş, hər iki xalqa hədsiz bəlalar gətirmiş Qarabağ münaqişəsindən təəssüfləndiyini bildirdi. O Azərbaycanın bu münaqişə və müharibədə göstərdiyi dözümə və ədalətli münasibətə görə xalqımızı “böyük xalq”, İlham Əliyevi “böyük lider” adlandırdı. Azərbaycan Prezidenti isə ABŞ liderinə dünyada müharibələrə son qoyduğuna görə dərin minnətdarlığını bildirdi.

Rəhbərlik etdiyim Beynəlxalq Avrasiya Mətbuat Fondu Vaşinqton görüşlərinin “möcüzə” adlandırılan, dünyanı heyran qoyan nəticələri ilə bağlı beynəlxalq aləmə yönəlik bəyanat yayıb. Sənəddə bildirmişik ki, Azərbaycan–Ermənistan münaqişəsinin ən gərgin dövründə yaradılmış bir təşkilat olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondu artıq 30 ildən çoxdur problemin sülh yolu ilə həlli üçün ardıcıl səylər göstərir. Bu illər ərzində minlərlə insan həyatını itirdi, saysız-hesabsız ailələr dağıldı, bölgənin sosial-iqtisadi inkişafı isə illərlə iflic vəziyyətində qaldı.

Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən üçtərəfli tarixi görüş və imzalanan sənədlər, uzun illər davam edən gərginliyin aradan qaldırılması istiqamətində mühüm mərhələ oldu. Sülh müqaviləsinin paraflanması tərəflərin əməkdaşlığa və ən əsası sülh müqaviləsini imzalamağa hazır olduğunu nümayiş etdirdi. Xüsusilə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Ağ Evin simvolik açarını təqdim etməsi, iki ölkə arasındakı strateji tərəfdaşlığın və qarşılıqlı etimadın rəmzi kimi tarixə düşdü.

Fondumuz bu mühüm addımı və Vaşinqton görüşündə əldə olunan nəticələri çox yüksək dəyərləndirir. İnanırıq ki, bu prosesin davamı olaraq Zəngəzur dəhlizinin açılması və regionda yeni nəqliyyat marşrutlarının canlanması Cənubi Qafqazın beynəlxalq ticarət və əməkdaşlıq xəritəsində mövqeyini gücləndirəcək, iqtisadi inkişafı sürətləndirəcək.

Beynəlxalq Avrasiya Mətbuat Fondu Birləşmiş Millətlər Təşkilatının Əsas Məşvərətçi statuslu üzvü kimi 33 illik missiyasına sadiq qalaraq bundan sonra da sülhün, qarşılıqlı etimadın və davamlı inkişafın təmin olunmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə davam edəcək.

Umud RƏHİMOĞLU,
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri

Siyasət