Milli Məclisdə gələn ilin büdcə müzakirələri

post-img

Dinləmələrin ilk dövrəsi yekunlaşdı

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Noyabrın 21-nə qədər davam edəcək plenar iclasın ilk günündə Baş nazir Əli Əsədov, maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Milli Məclisin sədri Sahibə Qafarova və digər deputatlar iştirak etdi.

Müzakirələrin əsas mövzusu “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi idi. Milli Məclisin sədri Sahibə Qafarova bildirdi ki, 2026-cı ilin dövlət büdcəsi sosial-iqtisadi inkişaf kursunu davam etdirən, iqtisadi sabitliyi möhkəmləndirməyə yönəlmiş sənəddir. Gələn ilin büdcə gəlirləri 38,6 milyard manat, xərcləri isə 41,7 milyard manat səviyyəsində nəzərdə tutulub. Gəlirlərin 57,4 faizi qeyri-neft sektorundan formalaşacaq ki, bu da 2025-ci illə müqayisədə təxminən 11 faiz artım deməkdir. Büdcənin əsas prioritetləri müdafiə qabiliyyətinin gücləndirilməsi, sosial müdafiə tədbirləri, təhsil sahəsinə dəstək, azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış” proqramının icrasıdır. Hökumətin effektiv idarəetməsi bu istiqamətlər üzrə planlaşdırılan hədəflərə çatmağı təmin edəcək.

Daha sonra bir sıra qurum və nazirliklər büdcə layihəsi ilə bağlı rəylərini bölüşdülər. Milli Məclisin deputatı, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxışında bildirdi ki, 2026-cı il büdcə zərfi həm milli iqtisadiyyatın dayanıqlığını, həm də dövlətin müdafiə və sosial prioritetlərini əks etdirir: “Büdcə mahiyyətcə maliyyə təhlükəsizliyi tədbirlərindən, iqtisadi sabitliyin qorunmasından və sosial müdafiənin genişləndirilməsindən ibarətdir”.

Maliyyə naziri Sahil Babayev qeyd etdi ki, büdcə zərfində resursların strukturunda qeyri-neft sektorunun rolunun artırılması əsas prioritet kimi müəyyənləşdirilib: “Neftdən asılılığın azaldılması, valyuta ehtiyatlarının qorunması və iqtisadi diversifikasiyanın dərinləşdirilməsi büdcə siyasətinin mərkəzində dayanır. Həmçinin büdcədənkənar vəsaitlərin artırılması, regionların maliyyələşdirilməsi və dayanıqlı gəlirlərin genişləndirilməsi nəzərdə tutulur. Sosial sahəyə ayrılan vəsaitlərdə də əhəmiyyətli artımlar planlaşdırılıb. İcmal büdcə çərçivəsində səhiyyə xərcləri 3,7 milyard manat təşkil edəcək. Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin təqribən 727 milyon manat və ya 11 faiz artırılması nəzərdə tutulur. İşsizlikdən Sığorta Fondunun gəlirləri isə 260,7 milyon manat səviyyəsində proqnozlaşdırılır. Pensiya və sosial dəstək proqramlarına göstərilən diqqət gələn il üçün də gücləndirilmiş şəkildə davam edəcək”.

Nazir işğaldan azad olunmuş ərazilərin bərpası və “Böyük Qayıdış” proqramının növbəti ildə də prioritet olaraq saxlanıldığını vurğuladı: “Bu istiqamətə büdcə xərclərinin təxminən 8,4 faizi — 3,5 milyard manat ayrılması planlaşdırılır. Vəsait infrastrukturun bərpası, məskunlaşma və sosial-iqtisadi reinteqrasiya tədbirlərinin maliyyələşdirilməsinə yönələcək. Ərzaq təhlükəsizliyi üzrə bəzi konkret paketlər, o cümlədən 513 milyon manatlıq rayonlaşdırılmış tədbirlər mövcud olduğu bildirilir. Büdcə, həmçinin investisiya yönümlü məzmun daşıyır. İqtisadi infrastrukturun inkişafı, nəqliyyat-loqistika layihələri, o cümlədən regional xətlərin maliyyələşməsi prioritetdir. Sahibkarlığın stimullaşdırılması üçün vergi və inzibati islahatlarla sinxron şəkildə yeni tədbirlərin icrası planlaşdırılır ki, bu da özəl sektorun fəaliyyətini genişləndirməyə xidmət edəcək”.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov çıxışında ölkə iqtsadiyyatında müşahidə edilən artım tempindən bəhs etdi. Sədr bildirdi ki, yeni qlobal reallıqların formalaşdığı şəraitdə cari ilin 10 ayında ölkə iqtisadiyyatında artım davam edib: “Bu dövrdə iqtisadi artımın əsas mənbəyi qeyri-neft-qaz sektoru olub. 2025-ci ilin yanvar-oktyabr aylarında ümumi daxili məsulun real ifadədə 1,3 faiz artımını müşahidə etdik. O cümlədən qeyri-neft-qaz sektorunda isə 3,1 faiz artım qeyd alınıb. Mərkəzi Bankın iqtisadi artımla proqnozu nikbindir. Bu ilin sonuna kimi ümumi daxili məhsulun 2,2 faiz, 2026-cı ilin sonuna isə 2 faiz olacağı proqnozlaşdırılır. Qeyri-neft-qaz ümumi daxili məhsula gəldikdə isə bu ilin sonunda 3,7 faiz, növbəti ildə isə 4,4 faiz olacağı proqnozlaşdırılır”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov plenar iclasda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirdi ki, dövlət büdcəsindəki əsas xərclərdən ikisi–işğaldan azad olunmuş ərazilərə ayrılan vəsait və dövlətəsaslı vəsait qoyuluşu xərcləri – ÜDM-ə ən əhəmiyyətli təsir göstərəcək komponentlərdir. Sədr qeyd etdi ki, növbəti il üçün bu xərclərin ümumi məbləği 6,2 milyard manat proqnozlaşdırılır: “Büdcədə bu xərclərin ÜDM-də payı 14,9 faiz təşkil edəcək. Lakin il ərzində büdcədə dəyişikliklər hesabına bu nisbət arta bilər. Əmək ödənişi üzrə xərclər isə təxminən 25 faiz səviyyəsində planlaşdırılır”. V.Gülməmmədov çıxışında onu da bildirdi ki, dövlətəsaslı vəsait qoyuluşu xərcləri çərçivəsində növbəti ildə maliyyələşdiriləcək 194 layihənin ümumi dəyəri 17,7 milyard manat olaraq nəzərdə tutulur. Onun sözlərinə görə, vəsait beş yeni layihəyə və 189 davam edən layihəyə yönələcək. Bununla yanaşı, ümumi dəyəri 2 milyard manat olan 100 layihənin 2026-cı ildə başa çatdırılması üçün 661,5 milyon manat vəsait proqnozlaşdırılıb: “Dövlətəsaslı vəsait qoyuluşu xərclərinin 850 milyon manatı beynəlxalq kreditor qurumların təqdim etdiyi kreditlər hesabına maliyyələşdiriləcək. Cari ilin doqquz ayında bu xərclərin icra səviyyəsi cəmi 13 fiaz təşkil edib və büdcənin icrasından geri qalınması müşahidə olunub”.

* * *

MM-in plenar iclasında ərzaq məhsullarının qiymətinin qalxmasından və tibbi xidmət səviyyəsinin aşağı olmasından da danışıldı.

Büdcə müzakirələri zamanı bir sıra deputatlar çıxış etdi. Milli Məclisin deputatı, komitə sədri Fazil Mustafa Parlamentari üzvlərinin büdcənin ölkənin qarşısında duran risklərini doğru təsbit etməli və onun optimal qarşılama yolunu tapmalı olduğunu bildirdi: “Azərbaycan əhalisinin əmək haqqı 2500 manatdan yuxarı olan hissəsi əhali sayının 5,5 faizini əhatə edir. Qalan əhalinin 1,5 milyon nəfəri 2500 manatdan aşağı maaş alır ki, bu, aztəminatlı insanların sayının əhəmiyyətli dərəcədə olduğunu göstərir. Ona görə də sosial xərclər o səviyyədə dəqiq təsniflənməlidir ki, bu, yoxsullaşma səviyyəsinin daha da aşağı düşməsinə imkan tanımasın".

Parlamentari ölkəmizdə ən vacib məsələlərdən birinin ərzaq təhlükəsizliyi riski olduğunu və ərzaq məhsullarının qiymətinin qalxmasının da böyük problemlər yaratdığını vurğuladı: “Ən maraqlısı odur ki, Azərbaycan əhalisinin 36 faizinin kənd təsərrüfatında çalışması qeyd olunsa da, bunların ümumi daxili məhsulda payı 6 faizidir. Bu istənilən Avropa ölkələri ilə müqayisədə çox aşağı çəkidir. Kənd təsərrüfatı, əslində, bu rəqəmlərin özü də çox sürətlə dəyişəndir. Bu sahədə çalışanların sayında sürətlə azalma gedir. Ona görə də birinci növbədə, burada qeyd olunduğu kimi, milli iqtisadiyyatımızda gəlir yaratmaq potensialı, sahibkarlıq potensialından istifadə etməyin səmərəliliyi vacib şərtlərdən biridir. Başqa ölkələrdə daha çox diqqət qeyri-neft sektorunda turizmin inkişafına yönəlir”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov büdcə müzakirəsi zamanı qeyd etdi ki, ilkin tibbi xidmət regionlarda çox aşağı səviyyədədir, həkim çatışmazlığı da problem olaraq qalır: “Bu problem xüsusilə bölgələrdə, kənd yerlərində özünü daha qabarıq göstərir. Bölgələrdə olan tibb məntəqələrinin böyük qismi istifadəyə yararsız vəziyyətdədir, ciddi kadr çatışmazlığı var”.

Tacir SADIQOV
XQ

Siyasət